“Yumurta” filmi təqdimata hazırlaşır - fotolar

“Yumurta” filmi təqdimata hazırlaşır -  fotolar
1853 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində “Yumurta” komediya filminin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə ekran işinin rejissoru Ramil Adiloğlu, ssenaristi İslam Ağa, aktyor Faiq Mirzə, mətbuat katibi İsmayıl Həsənov iştirak ediblər.

Film haqda məlumat verən R.Adiloğlu bildirib ki, layihədə 20-dən çox tanınmış aktyor rol alıb:

“Yumurta” fantastik-absurd komediya, macəra, utopiya janrındadır. 1 saat 40 dəqiqəlik ekran işini istənilən yaşda tamaşaçı izləyə bilər. Film “Region” TV-nin maliyyə dəstəyilə 130-150 min manata ərsəyə gəlib.  Bu işdə 300-ə yaxın insanın zəhməti keçib. 4 ay ərzində davam edən çəkilişlərdə xeyli problemlərlə üzləşdik. Quba və Pirquluda sel oldu. Dekor etdiyimiz qədim məkan çayın altında qaldı. Əsas odur ki, filmi başa çatdıra bildik. İzləyicilərin bəyənəcəyinə ümid edirik”.

Filmin əhatə dairəsi yalnız Azərbaycanla məhdudlaşmayacaq. Belə ki, gələcəkdə ekran işinə xaricdə yaşayan həmvətənlərimiz də baxa biləcək.

Filmin süjet xətti isə arxeoloq Tapdığın (Fərda Xudaverdiyev) qazıntılar zamanı yumurta tapması ilə başlayır. Yumurtanın milyon yaşı var. Və paralel olaraq milyon il əvvəlki hadisələr canlanır. Tayfa başçısı öz oğluna miras kimi yumurtanı verir. Möcüzəli, müqəddəs hesab edilən yumurtanın sınacağı halda fəlakətin baş verməsi gözlənilir. Oğul yumurtanı sındıraraq, müasir dövrə düşür. Və ikinci yumurtanı axtarmaq uğrunda mübarizə gedir.

Qeyd edək ki, filmdə xalq artisti Arif Quliyev, aktyorlar Ələsgər Məmmədoğlu, Bəhram Bağırzadə, Fərda Xudaverdiyev, Nicat Rəhimov, Məcid Hüseynov, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Ramin Hacıyev, Teymur Məmmədov və başqaları rol alıblar.

Ekran işinin qala gecəsi aprelin 1-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.