Fransalı pianoçu Fransua Şaplenin konserti keçiriləcək

Fransalı pianoçu Fransua Şaplenin konserti keçiriləcək
825 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə tanınmış musiqiçi Fransua Şaplenin fortepiano konserti keçiriləcək.

İnstitutdan AzərTAc-a bildiriblər ki, F.Şaplen ilk dəfə 10 il əvvəl Bakıda konsert proqramı ilə çıxış edib.
Proqrama Volfqanq Amadey Motsart, Frederik Şopen, Klod Debussi və Qabriel Forenin əsərləri daxil olunub.

F.Şaplen əvvəlcə Fransa Milli Musiqi Konservatoriyasında bolqarıstanlı pianoçu Ventsislav Yankoffun, daha sonra isə fransalı pianoçu Jan-Klod Pennetiyenin tələbəsi olub.

Seniqalliya Beynəlxalq müsabiqəsinin laureatı olan F.Şaplen 1989-cu ildə Klivlend Beynəlxalq müsabiqəsində Motsart mükafatına və daha sonra Rober Kasadesü mükafatına layiq görülüb. Onun parlaq və dinamik beynəlxalq karyerası üçün bu mükafatlar başlanğıc nöqtəsi olub.

Tanınmış pianoçu hazırda Dövlət Lil Orkestri, Sankt-Peterburq Filarmonik Orkestri, Yaponiya Filarmonik Orkestri, Paris Orkestral Ansamblı və digər bir çox orkestrlərlə solist kimi çıxış edir.