“Məqsədim Azərbaycanda piylənməni yox etməkdir” - fotolar

“Məqsədim Azərbaycanda piylənməni yox etməkdir” - fotolar
10061 dəfə oxunub
  • A-
  • A
  • A+

Dietoloq Ləman Süleymanova düzgün yolla arıqlamaq üsullarından danışıb.

Həkim Axşam.az-a açıqlamasında artıq çəkidən xilas olmaq istəyənlərə öz məsləhətlərini verib:

"Piylənmə müasir dövrdə ən qlobal hadisələrdən biridir. Azərbaycanda da piylənmədən əziyyət çəkənlərin sayı təəssüf ki, get-gedə artır və onlar arasında gənclər çoxluq təşkil edir. Artıq çəki insanı olduğundan daha yaşlı göstərir. Normal halda çəki ilə boy bir-birini tamamlamalıdır. Mən də işini sevən bir dietoloq kimi Azərbaycanda piylənmədən əziyyət çəkənlərə kömək etməyə çalışıram. Buna nail olduğuma inanıram. Təbii ki, piylənmədən azad olmaqda valideynlərin rolu danılmazdır. Ana övladının qidalanmasına diqqət etməlidir. Çünki insan anadan olduğu gündən sonrakı yaş dövrünə qədər sağlam qidalanmalıdır ki, bu, onun həyat tərzinə müsbət təsir etsin. Hətta qadınlar hamiləlik dövründə də düzgün qidalanmalıdır ki, bətnindəki körpəyə mənfi təsir etməsin. Qida uşağın dünyaya sağlam gəlməsində böyük rol oynayır. Körpənizi kiçik yaşından tərkibi kimyəvi maddələrlə zəngin olan qidalara alışdırmayın. Bəlkə də bu qidalar həmin an əks təsirini göstərməyəcək. Amma gələcəkdə hansısa bir xəstəliyin məhz kimyəvi tərkibli qidalardan yarandığının şahidi olacaqsınız. Elmi işimlə bağlı müşahidə aparanda gördüm ki, hər dörd uşaqdan birinin əlində zəhərli məhsullar var. Məsələn, meyvələrə nəzər salaq. Bu gün insanlar meyvə alarkən onun görkəminə fikir verirlər. Amma gözəl görünüşlü meyvənin tərkibindəki kimyəvi maddələrdən xəbərsizsiniz. Məhsulun görünüşünə aldanmayın, onun təbiliyinə fikir verin. Şükürlər olsun ki, Azərbaycanda yetərincə yerli məhsullar var. Xaricdən idxal olunanlar o qədər də xeyirli deyil. Çalışın fəsilə uyğun tərəvəzlərlə qidalanın. Artıq çəkidən əziyyət çəkənlər kompleks yaşayır. Mənə müraciət edənlər arasında xanımlarla yanaşı kişilər də var. Bəzi insanlar var ki, arıqlamaq istəyənlərə dərman preparatları, müxtəlif kokteyllər təklif edirlər. Piylənmədən əziyyət çəkən pasientin orqanizmini bilmədən bu cür dərmanları necə təklif etmək olar? Bir dəfə valideyni 16 yaşlı qızını yanıma gətirmişdi. Müayinə zamanı bəzi problemlər ortaya çıxdı. Valideyn deyir ki, uşağım sağlam idi. Kokteyldən içdikdən sonra öd kisəsində daş əmələ gəlib, qaraciyərində problemlər yaranıb. Bir dietoloq kimi arıqladıcı preparatların əleyhinəyəm. Çünki onların tərkibində kimyəvi maddələr var. Həmin an olmasa da, daha sonra fəsadları ortaya çıxır. Pəhrizi dayandıran kimi, itirilən çəkinin ikiqat artığı geri qayıdacaq. Yüzlərlə pasientim var. Hamısına da bacardığım qədər kömək edib, piylənmədən qurtulmasına kömək olmuşam. Artıq çəki hər zaman insana problem yaşadıb və bir çox xəstəliklər törədib”.

Şou-biznes nümayəndələrindən danışan dietoloq aparıcı Lətafət Ələkbərovanı 12 kiloqram arıqlatdığını deyib:

“Müəyyən məşhurlarımız var ki, artıq çəkidən əziyyət çəkirlər. Onlar efir adamlarıdır, görünüşləri gözəl olmalıdır. Bilirik ki, efir insanı olduğundan kök göstərir. Mənim çəkim 53 kiloqram, boyum isə 162 santimetrdir. Efirdə isə daha kök görsənirəm. Pasientlərim məni görəndə inanmırlar ki, belə arığam. Məşhurlara da məsləhət görürəm ki, artıq çəkidən xilas olsunlar, pəhriz saxlasınlar. Müğənnilər arasında ideal bədən quruluşuna sahib olan Röyadır. Bir də Sevda Yahyayevanın görünüşünü bəyənirəm. Çoxlarının isə pəhrizə ehtiyacı var. Tanınmışlar arasında pasientlərim çoxdur. Amma həkim onun icazəsi olmadan bu sirri bölüşməməlidir. Lətafət xanım özü verilişdə dedi ki, mənim məsləhətlərim sayəsində 12 kiloqram arıqlayıb. Məqsədim Azərbaycanda piylənməni yox etməkdir. Bunu bacaracağıma inanıram. Avropa Oyunlarına görə ölkəmizə çoxlu turistlər gələcək. Hər yerdə xanımlarımızın gözəlliyindən danışılır. İstərdim ki, əcnəbilər xanımlarımızın necə baxımlı və formada olmasına da həsəd aparsın”.

L.Süleymanovanın sözlərinə görə, artıq çəkili xanımlarda ana olmaq şansı nisbətən azalır:

“İnsan həyatı həkim üçün önəmlidir. Mənim uğurum qəbuluma gələnlərin üzlərini güldürmək, istədikləri formaya salmaqdır. Dietoloq ilk növbətə həkim olmalıdır və pasienti müayinə etməlidir. Piylənmədən əziyyət çəkən xanımlarda ana olmaq şansı azalır. Çünki piylənmə hormonal pozğunluğa gətirib çıxarır. Mənim qəbuluma gəlib, artıq çəkidən xilas olub körpə dünyaya gətirən xanımlar var. Habil adlı uşaq pasientim mənə müraciət edərkən dedi ki, məktəbdə uşaqlar onu ələ salır. Ona kömək etdim. Hazırda Habil istədiyi çəkidədir. Ölkəmizin demək olar ki, bütün bölgələrindən müraciətlər qəbul edirəm.  Yekunda hər kəs öz razılığını bildirir. Məni sevməyənlər də az deyil. Peşəkarlığımı öz işimlə sübut edirəm. Əgər məndən danışırlarsa, deməli, daha güclüyəm. Həmişə güclü olanların arxasınca danışır, onunla düşmənçilik edirlər”.

Dietoloq Ləman Süleymanova ilə əlaqə:

Ünvan:
Aşıq Molla Cümə küçəsi ,11 b (“İnternational Medical Center" 2)

Telefon: (050) 224 94 98, (070) 266 55 74, (012) 566 55 78