Alim Qasımov: "Efirlərdə ancaq toyxana gedir" - müsahibə

Alim Qasımov: "Efirlərdə ancaq toyxana gedir" - müsahibə
1391 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın Хalq artisti  muğam ustası Alim Qasımov Musavat.com-a müsahibə verib.

Axşam.az həmin müsahibəni oxuculara təqdim edir:
 
- Alim bəy əhvalınız necədir? Uzun zaman idi ki, sizinlə əlaqə saxlamağa çalışırdıq. Lakin hər dəfə ya ölkə xaricində olurdunuz, ya da ki, konsertlərə hazırlaşırdınız.
 
- Sözün düzü, çox zaman özüm bəhanələr tapıb görüşlərdən qaçıram. Elə bilirəm ki, daha söhbət etmək, danışmaq məni çox yorub. Lakin sizi mənə çox təriflədilər, ona görə müsahibəyə razı oldum (gülür).
 
- Son vaxtlar xarici səfərlərdən səs-sorağınız tez-tez gəlir.
 
- Doğrudur, xeyli sayda konsert səfərlərim olur. Lakin bu barədə danışmağı xoşlamıram.
 
- Dünyanın bir çox ölkələrində olmusuz. Hansısa ölkə və yaxud, şəhər sizə möcüzəli təsir bağışlayıbmı?
 
- Kiçik, sakit və təmiz küçələri olan şəhərləri çox sevirəm. Xüsusilə evlərin, küçələrin güllərlə bəzədilməsinə valeh oluram. Belə yerlərə daha çox Avropada rast gəlmişəm. Bu cür şəhərlərin yollarında tıxaclar olmur, insanlar sakit tərzdə danışırlar...
 
- Bardaş qurub oxumaqla səhnə mədəniyyətimizə yenilik gətirdiz. Bu ideya necə yarandı?
 
- Bir dəfə Belçikada konsertimiz var idi. Konsertdən əvvəl məşq edərkən gördük ki, səhnə hələ tam qurulmayıb, stullar belə yoxdur. Buna çox əsəbiləşdim. Lakin buna əhəmiyyət verməyərək yerdəcə bardaş qurub məşqimizə başladıq. İfa edəndə gördüm ki, belə daha rahatdır. İfaçılarımdan soruşdum, belə çalıb-oxuya bilərikmi? Hamının xoşuna gəlmişdi, dedilər, belə daha gözəldi. Baxdım ki, bu cür düzülmək səhnəyə də qədimilik çaları verir. Hətta sonradan stulları səhnəyə gətirəndə onları geri qaytardım və konserti bu cür təşkil etdik. O vaxtdan səhnədə bardaş qurub ifalarımızı yerinə yetirirk. Bəzən olur ki, hansısa muğamın zil yerində musiqiyə qapılıb kəskin hərəkətlər edirik. Belə anlarda stulda əyləşmək narahatlıq yaradır. Yerdə bardaş qurmaq bu baxımdan çox rahatdır.
 
Uşaqlıqda biz yerdə bardaş qurub süfrə açardıq. O zaman kasıbçılıq idi, stul nə gəzirdi. İndi çıxmışıq stula (gülür).
 
- İfa zamanı səhnəni unudur, öz dünyanızda, aləminizdə olursunuz, sanki göylərdə uçursunuz...
 
- Məsələn, maşını işə salanda birinci gərəkdir ki, açarı burasan, bir güzgüyə baxasan, qapını örtəsən və s. Mən də ifamı işə salmaq üçün özümdən asılı olmayaraq daxilimdə olan bacarığımı ortaya çıxartmağa çalışıram. Bu zaman səhnədə nə hərəkət etdiyimdən, necə göründüyümdən xəbərim olmur. Ola bilsin ki, kənardan hətta yersiz görünsün. Lakin hər bir hərəkətin öz məğzi, dəyəri var. Allaha sanki yalvarışlar edir, əl hərəkəti ilə lazım olan notları tutmağa çalışırıq. Bütün bunların hamısı vəhdət təşkil etməlidir. Yoxsa musiqinin “halı” yaranmaz.
 
- Azərbaycanda keçirilən “Eurovision-2012” yarışmasında öz kompozisiyanızla çıxış etdiniz. Çox maraqlı layihə alındı. Artıq ilk Avropa Oyunlarının keçirilmə tarixinə az qalır. Bununla da bağlı dəvət almısınızmı?
 
- Hələ ki, heç bir dəvət gəlməyib. Əgər musiqi baxımından mənim ifam gərək olarsa, yəqin ki, dəvət edərlər. Lakin dediyim kimi, bu barədə hələ ki, mənə heç bir məlumat verilməyib.
 
- İfa zamanı sərbəst improvizasiyalardan kifayət qədər istifadə edirsiniz. Buna görə muğam ustadlarının tənqidi ilə üz-üzə gəlmisinizmi?
 
- Nəinki tənqid, hətta təhqirlə də rastlaşmışam. Lakin bunların heç birinə fikir vermədim. Çünki ifamdakı  improvizasiyaları ağılla deyil, ürəyimlə etmişəm. Bu cür mənə xoş gəldiyindən tənqid və təhqirlərə baxmayaraq ifamdakı yenilikləri tərgitmədim, əksinə, daha da mükəmməlləşdirdim. Əgər hər kəsin dediyi ilə oturub-dursaydım indiki Alim Qasımov olmazdım. Bu sənətimdən ilk növbədə özüm zövq almağa çalışıram.
 
Ümumiyyətlə, zamandan da çox şey asılıdır. Məsələn, bir əsr bundan əvvəlki ifa ilə bu günki ifaları müqayisə edəndə görürük ki, arada xeyli fərq var. Gəlin baxaq, Keçəçioğlu Məhəmmədin ifası ilə indiki sənətkarların ifası eynidirmi? Əlbəttə ki, yox. Buna görə də sənətdəki yeniliklərə açıq olmaq lazımdır.
 
- Adətən incəsənət adamları pərəstiş etdiyi sənətkarların  yaradıcılığından nələrisə nümunə götürür. Bəs Alim Qasımov kimlərdən yararlanır?
 
- Bu barədə çox sənətçinin adını çəkə bilərəm. Məsələn, mənim ustadım Ağaxan Abdullayev olub. Daha sonra Nəriman Əliyevdən, Vahid Abdullayevdən dərslər almışam. Asəf Zeynallı adına musiqi ocağında dərs alanda təkcə ustadlarım deyil, digər muğam sənətkarlarının da dərslərinə girir, muğam haqqında daha yeni bir məlumat əldə etməyə çalışırdım. Məsələn, Seyid Şüşinskinin, Zülfü müəllimin, Mütəllim Mütəllimovun dərslərini izləyirdim. Hətta adını indi çəkmədiyim sənətkarlar var ki, mən onların yaradıcılığından xeyli bəhrələnmişəm. Bu, məndən asılı deyil, qulaq o ifaları eşidir, beyin onu qəbul edərək yaddaşa salır və hansısa konsert və ya ifada özünü göstərir. Dəfələrlə olub ki, öz ifamdakı yeniliklərə məətəl qalmışam ki, bu hardan ağlıma gəldi. Təhlil edəndə görürəm ki, bu ifanı hansısa sənətçidən eşitmişəm. İş təkcə bununla bitmir, bir də görürsən, dünya musiqisindən, şərq dünyasından hansısa nəfəs ifaya gəlib çıxır. İncəsənət məhz bu baxımdan “incə sənət”dir, onun şaxələri çoxdur.
 
- Dünyanı heyrətə salan Alim Qasımov vaxt var idi ki, imtahanlardan kəsilmişdi, onu təhsil ocağına qəbul etmirdilər...
 
- Baxmayaraq ki, sovet dövrü idi, lakin onda da musiqi ilə bağlı təhsil ocaqlarında pul mühüm rol oynayırdı. Mənim səsim var idi, lakin orta məktəb təhsilimin səviyyəsi demək olar ki, sıfır idi. Elmi cəhətdən çox geridə qalırdım. Lakin ifa istedadıma görə mənə güzəştə getmək olardı. Əksinə, mənə ixtisasdan 3 yazıldı. Heç olmasa 4 də yazmadılar.
 
Sonra gəldim Asəf Zeynallı adına texnikuma. Orda məndən 2500 manat istədilər. Məndə bu qədər pul hardan idi... Məcbur qalıb əsgərlik hesabıma sürücülük məktəbinə daxil oldum.
Lakin sonradan qohumlarımın tanışlığı ilə məni məktəbə qəbul etdilər. Və ixtisasımdan “5” aldım. Təbii ki, o “5”i mən öz sənətimlə almışdım. Yadımdadır, ədəbiyyat imtahanında  Səməd Vurğundan nəsə düşmüşdü, onu da bilmədim. Lakin tapşırıldığımdan bu dəfə mənə güzəştə getdilər (gülür).
 
- İndinin özündə də bəzən istedadlı gəncləri imtahanlardan uzaqlaşdırmaq üçün qəsdən ixtisas qiyməti aşağı yazılır. Digər fənlərə baxan komissiya üzvləri də bunu bəhanə edib aşağı qiymət verməyə çalışır.
 
- Deməzdim belədir, indi vəziyyət bir qədər fərqlidir. Milli Konservatoriyada istedadlı, potensiallı gənclərə kifayət qədər güzəştlər edilir.
 
- Sizin ifanızda muğam və aşıq sənətinin sintezi olan “Şirvan şikəstəsi” çox fərqlidir.
 
- Şikəstələr həmişə yanıqlı ifa edilib. “Şirvan şikəstəsi” də həmçinin. Lakin şikəstələrdə adətən qoşma, gəraylı olur, qəzəl oxunmur. Bilmirəm hardansa ağlıma gəldi ki, bura bir qəzəl daxil edim.  Deyim ki, çox da gözəl alındı. İnşallah Allah ömür verər, digər aşıq havaların da nəzər yetirərəm.
 
- Tarixin bütün dövrlərində yeniliklər tənqid olunub, onlara qarşı gəlinib. Məsələn, bu yaxınlarda aşıq Ədalət Nəsibov aşıq havasında göbək rəqsini ciddi tənqid etdi.
 
- Aşıq Ədalət böyük sənətkardır, saz sənətində onun rolu misilsizdir. Kimsə bu cür yenilikləri uda bilir, kimisi isə dözməyib içəridən coşaraq üsyan edir. Lakin “bu olar, bu olmaz” fikri yanlışdır. Hər kəsin öz düşüncəsi, dünya görüşü, baxışı var. Məsələni bu dərəcədə şişirdərək dava səviyyəsinə gətirmək, səs-küy yaratmaq doğru deyil. Aşıq Ədalət də sazın qeyrətini çəkərək, onu müqəddəsləşdirdiyindən bu cür halları qəbul edə bilmir. Saz havası ilə göbək rəqsi - niyə də olmasın. Göbək rəqsində insanın bütün əzası tərpənir, indi neyləyək ki, o rəqqasənin göbəyi çox olub (gülür). Yəni belə şeyləri çox qabardıb şouya çevirmək olmaz.
 
- Amma gəlin etiraf edək ki, yeni gələn gənc nəsil bu cür yenilikləri görüb sənəti elə bu cür də qəbul edir.
 
- Tamamilə razıyam. Bu gün bayağı musiqilər baş alıb gedir. Bu cür musiqilərin yolu, görkəmi çox az olmasına baxmayaraq biz onları efirlərə, radiolara ötürməkdən çəkinmirik. Bu, yolverilməzdir. Təəssüflər olsun ki, hazırda efirlərimizdə səslənən musiqilərin 70-80 faizi bayağı musiqilərdir. Onsuz da insanlar restoranda, məclislərdə olanda o cür bayağı musiqiləri eşidir. Bunu daha efirə də çıxartmağın nə mənası, anlamı var? Axı bütün tamaşaçıların zövqü eyni deyil. Cəmiyyətimizdə əsl, keyfiyyətli musiqi eşitmək istəyən xeyli insanlarımız var. Lakin indi onlar da bu cür musiqiləri dinləməyə məcburdurlar. Efirlərdə ancaq toyxana gedir. Bu, biabırçılıqdır.
 
- Sanki palatka toylarıdır...
 
- Ondan da pisdir. Palatka toyları onların yanında ən məşhur konsertlərə bənzəyir. Amerikanın diskotekaları bizim efirlərdə gedən musiqili verilişlərdən daha tərbiyəlidir.
 
- Belə çıxır ki, mətbuatı izləmirsiz?
 
- Qətiyyən, xeyr.
 
- Dünyada baş verənləri də? Məsələn, terroçu İŞİD təşkilatını törətdiyi cinayətlər, ölkələr arasında gedən müharibələr...
 
- Belə şeyləri görəndə deyirəm, ilahi, sən özün haqq-ədaləti bərqərar et, ölkəmizi fərahimdə saxla, bizi mərdimazardan uzaq et, dini-imanlı olaq. Lakin qeyd etdiyiniz o cür hadisələri izləmirəm. Çünki bu tip olayları izlədikdə insan mənfi aura ilə yüklənir, bu da sonradan insana pis təsir edir, hərəkətlərdə aqressiya yaranır. Çalışıram ki, özümü belə şeylərdən uzaq tutum.
 
- Dünya sənətkarları ilə birləşib bu cür terrorlara qarşı aksiya keçirtmək fikriniz olubmu?
 
- Bu haqda heç vaxt fikirləşməmişəm. Lakin belə bir ideya olarsa, məmnuniyyətlə iştirak edərdim.
 
- Fiziki baxımdan xeyli çevik və şux görünürsüz, bilmək istərdik, idmanla məşğul olursuz?
 
- Şükürlər olsun ki, mənim səsim var. Buna görə özümə diqqət edirəm. Bu da öz səsimə, sənətimə olan hörmətimdən irəli gəlir. Əgər bu gün səsim olmasaydı indi Allah bilir hardaydım. Hər gün səhər tezdən dururam, müəyyən hərəkətlər edirəm. Nə edirəmsə özüm üçün deyil, səsim üçün edir, çalışıram.
 
- Gənc muğam ifaçılarından razısızmı?
 
- Öz zövqümlə deyə bilmərəm ki, kim yaxşıdır, kim pis. Lakin gənc ifaçılar arasında elələri var ki, onlar çox istedadlıdır. Əgər indi yaxşı tamaşaçı da yetişərsə, onlar daha da irəli gedərlər. Yəni, tamaşaçıdan da çox şey asılıdır. Dinləyici və yaxud tamaşaçı sənətçilərdən öz tələblərini etsələr ki, biz səviyyəli musiqi istəyirik, vəziyyət dəyişər. Belə olan halda ifaçılar da öz sənətlərinə daha ciddi yanaşar, ortalığa daha yaxşı nəticələr gələr.
 
Bir söz də deyim, gəncləri hər şeyə görə qınamaqdansa, onlara dəstək olmalıyıq.