Azərbaycana qarşı təxribat

Azərbaycana qarşı təxribat
1724 dəfə oxunub
  • A-
  • A
  • A+

Litvanın 15min.lt saytı "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanın guya səsləri pulla aldığını iddia edib.

Sayt bununla bağlı video yayıb. Yayılan videoda rus dilində danışan iki nəfər kafedə bir masaya yaxınlaşır və orada əyləşənlərlə danışığa başlayır. Danışıqların mahiyyəti bir nəfərin bir neçə nömrə ilə "Eurovision"un finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməsi ilə bağlıdır. Bunun müqabilində adamlara pul mükafatı vəd edilir.

Qeyd edək ki, "Eurovision-2013"ün finalında Litva Azərbaycan təmsilçisinə 12 xal verdi.

Musavat.com saytı videoda apardığı təhlillə bağlı yazıb ki, bu videonun Azərbayacana qarşı qurulmuş təxribat olması tamamilə mümkündür. Çünki, səsi yazan avadanlıq danışan adamın qarşısındadır. Videonu izləyəndə aydın olur ki, ölkəmiz adına danışıq aparan şəxs gizli çəkilişin fərqindədir və kameraya daha yaxşı şərait yaratmaq üçün masada yerini dəyişir. Üstəlik, Azərbaycan adına danışıq aparanlar slavyan görünüşlüdürlər, azərbaycanlıya bənzəmirlər. Onlar sms vasitəsi ilə Azərbaycanın "Eurovision"dakı təmsilçisinə səs verdirmək üçün pul ödəmək şərti ilə təşviq aparırlar; lakin bu gizli işlərini də özləri çəkib-yazıb, yayırlar. Bu baxımdan videonun Azərbaycana qarşı qurulmuş təxribat olması ehtimalı daha yüksəkdir. Digər tərəfdən, görünən budur ki, söhbət "Eurovision" səlahiyyətlilərinə rüşvət verib, Azərbaycan təmsilçisinə xüsusi imkan tanıtmaqdan yox, sadə litvalılara telefon kartları paylayıb, onları Azərbaycan təmsilçisinə sms göndərməyə təşviq etməkdən gedir.