Prezident və xanımı “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində - fotolar

Prezident və xanımı “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində -  fotolar
1607 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlət başçısına və xanımına məlumat veriblər.

Bildirilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir.

Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, Oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.

Dövlət başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar.

Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verilib.