Nərgiz Paşayeva qızının Nyu-Yorkdakı sərgisində - fotolar

Nərgiz Paşayeva qızının Nyu-Yorkdakı sərgisində -  fotolar
2992 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 28-də Nyu-York şəhərində yerləşən “Leila Heller” Qalereyasında azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılıb.

Axşam.az-ın buro247.az-a istinadən xəbərinə görə, sərgi iyulun 3-dək davam edəcək.

Bu sərginin məhz 28 May - Respublika Günündə açılması da rəmzi məna daşıyır. Doxsan yeddi il əvvəl Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. O günün şərəfi və əzəməti tariximizə qızıl hərflərlə yazılıb.

Bu barədə danışan Aida Mahmudova deyib:

"Çox şadam ki, mənim sərgim bu fərəhli günə təsadüf edib".

"Ötüb keçərkən..." sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Bu rəsm silsilələrində müəllif sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq, yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Rəssam bu diqqətdən kənar olan yerdə və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə doğma diyarının müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələrinə sosial-antropoloji baxışlar öz əksini tapır.

Rəssamın əsərlərinin mərkəzində onun yaddaşı - bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daim dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi dayanır. Aida Mahmudova deyir:
 
"Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir. Onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir".

Beləliklə, rəssamın əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.