Mehriban Əliyeva körpələr evində - fotolar

Mehriban Əliyeva körpələr evində -  fotolar
2086 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış olub. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir.
 
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət edib. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşıblar və öz məharətlərini göstərməyə çalışıblar.

Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.

Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəlib. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər görülüb.