Ulyanovskda Azərbaycan filmi

Ulyanovskda Azərbaycan filmi
1196 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın Ulyanovsk şəhərinin “Vladimirski sad” Mərkəzi şəhər parkının yay estradasında Azərbaycan kinorejissoru Fərid Hümbətovun “Qafqaz” bədii filmi nümayiş etdiriləcək.

Film “Metropol” kino şirkəti tərəfindən “United Multimedia Projects” kino şirkəti ilə birlikdə çəkilib və Azərbaycandan ən yaxşı film kimi “Oskar” mükafatına təqdim edilib.

Bu film ABŞ-da, Kanadada və dünyanın başqa ölkələrində müvəffəqiyyətlə nümayiş edilib. Film həmçinin müsabiqədənkənar proqramda XXX Beynəlxalq Moskva kinofestivalının və “Stalker” VII Beynəlxalq kinofestivalının iştirakçısı olub.

Film Rusiyada və Azərbaycanda çəkilib. Baş rolları tanınmış aktyorlar Ənvər Vəliyev, Elçin Əzizov, Ada Roqovtseva, Lyubov Tolkalina, Andrey Çernışev ifa edirlər.

Rusiya KİV-ləri yazır ki, “Qafqaz” məhəbbət fəlsəfəsindən bəhs edən filmdir. O, rejissorun “Kənar adamlar” adlı digər filminin bir növ davamıdır. Həmin filmdə baş rolun ifaçısı Alika Smexovadır.
“Qafqaz” filminin ssenari müəlliflərindən biri və icraçı prodüseri Fərid Hümbətovun qızı Lada Hümbətovadır. O, Elm Günündə Rusiyanın bir çox şəhərlərində, o cümlədən Ulyanovskda nümayiş etdirilmiş “Dalğa genetikası” adlı elmi filmin prodüseridir.
“Vladimirski sad” Ulyanovskda 140 illik nadir tarixə malik olan gözəl yerlərdən biridir.

Mənbə: AzərTac