Tamilla Şirinova: "Yersiz əl-qol hərəkətlərindən imtina etmək lazımdır"

Tamilla Şirinova: "Yersiz əl-qol hərəkətlərindən imtina etmək lazımdır"
8825 dəfə oxunub
  • A-
  • A
  • A+

- İlk öncə İctimai kanaldakı fəaliyyətiniz haqda qısaca məlumat verərdiniz...

- Artıq səkkiz ildir ki, İctimai televiziyada işləyirəm. İlk fəaliyyətimə də elə burada başlamışam. Daha əvvəllər ingiliscə xəbərləri təqdim edirdim. Hazırda isə rus və azərbaycan dillərindəki xəbər proqramının aparıcısıyam.

- Bir müddət əvvəl Türkiyənin "TRT Avaz" telekanalında təcrübədə oldunuz. Oradakı fəaliyyətiniz, iş pirinsipiniz necə idi? Altı ay ərzində nələr öyrəndiniz?

- Türkiyənin “TRT Avaz” kanalında 6 aylıq fəaliyyətim müddətində təcrübəmi bir qədər də artırdım. Gündəlik olaraq əsas iş prinsipim xəbərləri türk dilindən Azərbaycan dilinə tərcümə etmək, ölkəmizlə bağlı maraqlı reportajlar hazırlamaq və azərbaycanlılardan müəyyən məsələlərlə əlaqədar müsahibə almaq olub. Mən həm tərcüməçi, müxbir, həm də xəbər aparıcısı olduğum üçün materialları toplayaraq onları efirdə özüm səsləndirirdim. Bizim departament iki nəfərdən ibarət olub. Bütün iş də əsasən bizim üzərimizə düşüb. Altı aylıq təcrübə müddətində həm türk dilini daha mükəmməl öyrəndim, həm də başqa türk dilli xalqlar haqqında bilmədiyimiz maraqlı məlumatlara yiyələndim.

- “TRT Avaz”da təcrübə keçən ilk aparıcı siz oldunuz. Bu layihə necə həyata keçirildi?

- İctimai televiziyanın “TRT Avaz”la apardığı iş birliyinə əsasən hər 6 aydan bir Azərbaycandan Türkiyəyə yeni müxbir dəvət olunur. Bir il öncə “TRT”nin radiosunda fəaliyyət göstərdiyimdən “TRT Avaz” rəhbərliyi iki kanal arasında yaradılan bu layihəyə ilk olaraq məni dəvət etdilər. Beləliklə, xoşbəxtlikdən Azərbaycandan oraya gedən ilk aparıcı mən oldum.

- Ümumilikdə “TRT Avaz” telekanalında hansı dillərdə xəbərlər efirə gedirdi?

-Azərbaycan, alban, qızğız və qazax dillərində xəbərlər yayımlanırdı. Gələcəkdə isə özbək və türkmən dillərində də xəbərlərin yayımlanması nəzərdə tutulub.

- “TRT Avaz”ın bir telekanal olaraq əsas məqsədi, hədəfləri nədən ibarət idi və siz öz fəaliyyətiniz dövründə bu missiyanı necə yerinə yetirdiz?

- “TRT Avaz” telekanalı qısa vaxt ərzində bütün türk dövlətlərində böyük populyarlıq qazanıb. Bizim türkcə proqramımızda siyasi xəbərlər demək olar ki, yox idi. Əsas məqsədimiz isə türk dövlətlərini bir-birinə yaxınlaşdırmaq və onları birləşdirməklə türk mədəniyyətinin təbliğinə nail olmaq olub. Məsələn, Krım tatarlarının sürgün ildönümü haqda reportaj hazırlayaraq onların problemlərini işıqlandırmağa çalışdıq. Türkmənistanda at bayramının, at nazirliyinin olması haqda çox adam məlumatsız idi. Hazırladığımız sujetlərdə bu cür maraqlı məlumatlara geniş yer verilib.

- Türkiyədə olduğunuz müddətdə “TRT”nin təmsilçisi kimi Azərbaycanda 4 il fəaliyyət göstərən Ali Doğanla birgə çalışdınız...

- Bizim xəbərlərin redaktoru olan Ali Doğan “TRT”nin müxbiri kimi 4 il Azərbaycanda İctimai kanalda fəaliyyət göstərib. O, bizim mədəniyyətimiz, tariximiz haqda çox məlumatlıdır. Onunla işləmək mənim üçün böyük fəxrdir.

- Azərbaycanla bağlı daha çox hansı məlumatlar verilirdi?

- Milli bayramlarımız bu telekanal vasitəsilə təbliğ olunub. 28 May Müstəqillik günü və elə bu ayda Azərbaycanda təşkil olunan 57-ci “Eurovision” mahnı yarışması “TRT Avaz” telekanalı vasitəsilə geniş işıqlandırılıb. Muğamımız, milli estrada mahnılarımızın təbliğinə də geniş yer verilib. “TRT Avaz”da hazırlanan xüsusi musiqi proqramında Azərbaycanın estrada mahnıları səsləndirilib. Biz Azərbaycan dilində yayımlanan bu proqram vasitəsilə ölkəmizin mədəniyyəti və adət-ənənələrinin tanınmasına da çalışdıq.
 
- Türkiyədə olduğunuz müddətdə Ankarada “Azərbaycanın Mədəniyyət Günləri” də qeyd olunub. Bu tədbir haqda nə deyə bilərsiniz?

- Mən Türkiyədə olarkən Ankarada ilk dəfə olaraq “Azərbaycanın Mədəniyyət Günləri” qeyd olundu. Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də Türkiyəyə gələrək həmin tədbirdə iştirak etdi. Bu mərasimdə bizim milli rəqslərimiz, operamız və muğamımız nümayiş olunub. Daha sonra həmin tədbirlə əlaqədar biz Ə.Qarayevi canlı efirə dəvət edərək onun həmin mərasimlə bağlı təəssüratlarını öyrəndik. “TRT Avaz” türk xalqları arasında daha çox Azərbaycan mədəniyyətinin təbliğinə böyük önəm verib. İctimai kanalla “TRT Avaz” arasındakı razılaşmaya görə hər ay bir aparıcımız “Dədə Qorqud” layihəsində iştirak edib. Bu layihəyə əsasən hər gün saat 10:00-dan 11:00-dək Azərbaycanla bağlı xəbərlər və musiqilərə yer verilir.

 - “TRT Avaz”da çalışdığınız müddətdə sizin üçün ən yadda qalan hadisə nə oldu?

- Bu müddət ərzində mən iş kollektivimlə birgə doğum günümü qeyd etdim. Bundan başqa, digər türkdilli xalqların milli bayramlarında iştirak edərək onların adət-ənənələri ilə tanış oldum. Məncə, bu, ən yadda qalan idi. 

- Türkiyədə çalışdığınız müddətdə Azərbaycan telekanallarının aparıcıları ilə “TRT Avaz”dakı həmkarların arasında hansı fərqlərin şahidi oldun?
 
- Onlar xəbərləri heç bir aqressiya olmadan, təbii formada çatdırırlar. Bizim aparıcılarımızın da yersiz əl-qol hərəkətlərindən imtina etməsini istəyərdim.

- Son olaraq Türkiyə ilə bağlı təəssüratlarınızı bizimlə paylaşardınız...

- Altı ay Türkiyədə olduğum müddət ərzində ailəmdən, doğmalarımdan uzaq oldum. Heç bir tanışım olmayan bir ölkədə özümü yad hiss etmədim. Onlardan hər zaman doğmalıq gördüm. Yenidən Türkiyəyə dəvət alsam, böyük məmuniyyətlə gedərəm.

Nigar MƏHƏRRƏM