"Ləman Ələşrəfqızı heç kimə sataşmayıb" - ANS-dən açıqlama

"Ləman Ələşrəfqızı heç kimə sataşmayıb" - ANS-dən açıqlama
3642 dəfə oxunub
  • A-
  • A
  • A+

"Telejurnalist Ləman Ələşrəfqızı pis heç bir şey söyləməyib, normal materialını təqdim edib, heç kimə sataşmayıb".
 
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, bunu ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bir qrup laçınlının telejurnalist barədə qaldırdığı iddialara cavabında deyib.

"İndi demokratiyadır, kim nə istəyir yazır. Ləman nə deyib orda? İndi qarşı tərəf iddia edəcək ki, mən erməniyəm. Belə olmaz axı. O vaxtlar mən müxbir idim. Laçında, o cümlədən digər yerlərdə olmuşam. Gedən proseslərin hamısını bilirəm. Daha ciddi işlə məşğul olsunlar”.

Qeyd edək ki, ötən gün bir qrup Laçın rayon sakini süjetlərə şərh verən telejurnalist Ləman Ələşrəfqızını Laçın rayon sakinlərini təhqir etməkdə ittiham edərək Prezident İlham Əliyevə müraciət ediblər.

Onlar müraciətə bildiriblər:

“ANS televiziya şirkətinin rəhbərliyi 23 ildir ki, Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində hazırladıqları verilişlərdə yurdundan didərgin düşüb ölkənin 1500-dən çox yaşayış məntəqəsində məcburi-köçkün vəziyyətində yaşayan 75 min nəfərlik Laçın rayon sakinini hər vəchlə alçaltmaqdan, təhqir etməkdən əl çəkmir. Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı süjetləri qəsdən, məqsədyönlü şəkildə montaj edərək, videogörüntülərə öz prizmasından şərhlər verərək, laçınlıları qorxaqlıqda, torpaqları qəsdən müdafiəsiz qoymaqda “ittiham” edir, milyonlarla televiziya izləyicisinin gözləri qarşısında aşağılamağa çalışırlar. Halbuki, həmin videoçəkilişlər 1992-ci il may ayının 12-dən 17-dək olan müddətdə Laçın rayon ziyalılarının, laçınlı hərbçilərin təkidli tələbi ilə videolentə alınıb.

ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə gedən süjetlərə şərh verən telejurnalist Ləman Ələşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb təhqir edərək, bizləri heç bir insanlıq normalarına sığışmayan sərt ifadələrlə ləkələməyə çalışıb. Jurnalist Ləman Ələşrəfqızı, sanki ANS-in rəhbərlərindən aldığı xüsusi tapşırıqlar əsasında həmin videomaterialları montaj edərək hazırladığı xəbərlər bülleteninin sonunda yalnız ANS-çilərə məxsus əda və həqarətlə belə deyib: “23 il əvvəl-mayın 16-sı Laçında vəziyyət bax belə idi. Laçın təslim üçün əllərini qaldırmışdı. O bu görkəmi ilə 1926-cı ilə qədər daşıdığı öz köhnə Abdal adına daha çox oxşayırdı”.

Xahiş edirik, Laçın rayon sakinlərinin şərəf və ləyaqətinə hörmət qoymayan, vətənimizin müdafiəsində canlarını qurban vermiş 400 nəfərə yaxın laçınlı şəhidlərimizin pak və müqəddəs ruhlarını incitmiş, 23 ildir hər il Laçının işğalı günləri ərəfəsində hansısa məqsədləri naminə, biz laçınlıların faciələri üzərində çirkin təbliğat üsullarını işə salan ANS rəhbərlərinin qanunun aliliyi qarşısında cavab vermələri təmin olunsun!”