"Bakı-2015"dən sonra yeni avtobuslar xəttə buraxılacaq - video

"Bakı-2015"dən sonra yeni avtobuslar xəttə buraxılacaq - video
1984 dəfə oxunub
  • A-
  • A
  • A+
"BakuBus" MMC-nin idxal etdiyi yeni sərnişin avtobusları I Avropa Oyunları başa çatdıqdan sonra xəttə buraxılacaq.
 
Axşam.az-ın APA TV-yə istinadən məlumatına görə, bu barədə "BakuBus"ın direktor müavini Vüsal Kərimli məlumat verib.
 
Onun sözlərinə görə, 302 ədəd avtobus ilk olaraq Bakının mərkəzində istifadəyə veriləcək. Əhatə dairəsinin genişləndirilməsi məsələsi isə sonrakı mərhələdə müzakirə olunacaq: "Gələcəkdə avtobusların sayının artırılması da planlaşdırılır. İndi şəhərə ictimai tələbi ödəmək üçün neçə avtobusun yetərli olması araşdırılır. Hazırda bu istiqamətdə Fransanın "Sistra" şirkəti ilə birgə işləyirik".
 
Hazırda şirkətin avtoparkı Fransa istehsalı olan 151 "Iveco Crealis" və 151 "Iveco Urbanway" markalı avtobuslarla təchiz olunub. Onların uzunluğu 12,3 metrdir. Avtobusların üstün cəhətlərindən biri də odur ki, onların pilləkənləri yoxdur. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
 
Avtobusların hər birində 26 oturacaq var. Bundan əlavə, bu nəqliyyat vasitələri daha 74 sərnişini ayaq üstə daşıya bilər.
 
Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Dayanacaqlar səsli anonslarla elan ediləcək.
 
Nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Eyni zamanda avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur.
 
Bu nəqliyyat vasitələrində gediş haqqı vahid ödəmə kartları ilə aparılacaq. Bu kartlardan "BakuBus"a aid olan bütün avtobuslarla yanaşı, həm də metroda istifadə etmək mümkün olacaq. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.
 
Sahəsi 16 hektar olan "BakuBus" MMC-nin ərazisində 2014-cü ilin sentyabrından abadlıq və yenidənqurma işləri aparılıb. Burada 9 hektar ərazidə 1 inzibati və 4 xidməti bina inşa edilib. Ümumilikdə "BakuBus"da 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur ki, bunun da təqribən 750-ni sürücülər təşkil edir. Müəssisədə orta aylıq əmək haqqı 700 manat olacaq.