İndoneziyanın səhləb çiçəyi - Sulavesi

İndoneziyanın səhləb çiçəyi - Sulavesi
2055 dəfə oxunub
  • A-
  • A
  • A+

Tropik ölkəyə gedib, günəş altında doyunca dincəlməyi xəyal edənlər az deyil. İstirahətlə bağlı bütün arzularını reallaşdırmaq üçün Sulavesi adasına get. Dünyanın ən gözəl yeri hesab edilən Sulavesi İndoneziyanın fərqli və ecazkar diyarıdır. Yerli əhali buranı «orxideya» adlandırır. Həqiqətən də yuxarıdan baxanda ada səhləb çiçəyinə bənzəyir.

Axşam.az xarici mətbuata istinadən ada ilə bağlı maraqlı faktlar təqdim edir:



Adaya belə tərif verirlər: «Əgər dünyada adalar arasında müsabiqə keçirilsəydi, Sulavesi «Ən çox heyranedici dəniz sahili» seçilərdi.  Fərqli mənzərəsi ilə turistləri heyran edən ada üç hissəyə bölünür: Şimal, Mərkəz və Cənubi Sulavesi. Tropik sıx meşələr, yaşıllıq, dağlar, qeyri-adi göllər, maraqlı məbədlər - bütün bunlar ildə minlərlə turisti adaya cəlb edir. Sulavesinin paytaxtı Manado şəhəridir. Hava limanı Manado və Makassaredə yerləşir. Adadakı bütün otellər yaşıllıq içərisində, şəhərdən kənar yerdədir. Deyilənə görə, yerli əhali turistlərin təbiət qoynunda rahat dincəlməsi üçün otelləri səs-küydən uzaq ərazilərdə tikiblər. Otellər səviyyəsindən asılı olmayaraq, yüksək xidmət göstərirlər. Sulavesi əhalisi çox qonaqpərvərdir. Onlar turistlərə xüsusi diqqət göstərir, hər bir kəsi ən əziz qonağı kimi qarşılayırlar. Turistlər buranın ayinlərinə, bayram və festivallarına heyran qalırlar. Adada hava temperaturu 26 dərəcədən aşağı olmur. Sulavesi dörd dənizlə əhatə olunub: Sulavesi, Malukksko, Banda və Yavansk. Adaya düşəndə özünü Mezozey erasındakı kimi hiss edirsən: qədim daş qalalar, mezozey dövrünün abidəsi, qneyslər...



Gəzinti xəritən:

Ətrafı dağlarla əhatə olunmuş adanın ən böyük və ən gözəl şəhəri Manadodu. Bura dayvinq sevənlər üçün əsl cənnətdir. Adanın sualtı həyatı nağıllar aləminə bənzəyir. Burada dünyada yalnız Sulavesidə olan balıq növləri görəcəksən. Manadoda vulkan gəzintisinə heyran qalacaqsan. Manado yaxınlığındakı Bunaken adasına get. Bura dəniz mərcanlarının vadisi hesab olunur. Bunaken əsl palitranı xatırladır. Burada dünyanın ən gözəl Dəniz Bağını gəzəcəksən. Dəniz dibinə dalmağı sevənlər bura heyran qalacaqlar. Dayvinq zamanı qeyri-adi dəniz canlılarıda görəcəksən.



Ölülər və dirilər

Adanın ən gözəl və qəribə şəhərlərindən biri Tana-Toradcadır. Sulavesi səyahətinin ən maraqlı hissəsi Tana-Toradca torpağına gəzinti olacaq. Buranın əhalisi qəribə adətləri ilə seçilirlər. Onlar düyü biznesi ilə məşğuldurlar. İnsanlar ölən yaxınlarını hündür hasarlarda dəfn edir, üstünə isə onların heykəllərini qoyurlar. Bu cür «məzarlar» «tau-tau» adlanır. İnsanlar yaxınları dünyasını dəyişəndə ağlamır, əksinə bayram edirlər. Çünki onlar ölən insanın Cənnətə getdiyini və daha xoşbəxt yaşadığını düşünür, onun adına sevinirlər. Onlar üçün yalnız Cənnət məfhumu var… Yerli adətlərə görə evlənən cütlük mütləq yeni evdə yaşamalıdır. Onlar təzə evə girmədən camış kəsilməlidir.



Toradcoda olarkən, ənənəvi evləri gəzməyi unutma. Evlərin damı camış və qayıq formasındadır. Buranın əhalisinin özünəməxsus adətləri var. Onlar turistləri qədim geyimdə qarşılayır, milli rəqslər edir və xüsusi yeməklər hazırlayırlar. Şəhərin ən maraqlı yerlərindən biri də Rantepao mağarasıdır. Burada adlı-sanlı insanlar dəfn olunur. Tanqkoko qoruğunu gəzməyi unutma. Dünyanın heç bir yerində görməyəcəyin balaca tarsius meymunlarına məhz bu yerdə rast gələcəksən. Qəribə görünüşə malik olan bu kiçik canlılar adanın simvolu hesab olunurlar. Toradcoda xeyli  müsəlmanlar yaşayır.



Tenqara gəzintisinə heyran qalacaqsan. Əvəzolunmaz gözəlliyə sahib olan bu yer tropik meşələri, toxunulmayan çimərlikləri ilə də məşhurdur. Dağ yamacında, sıx meşə gəzintisi bütün turistlərin ürəyincə olacaq. Burada qeyri-adi göllər görəcəksən. Deyilənə görə, Sulavesinin ən sehirli yeri məhz bu göllərin ətrafıdır. Uşaq sahibi olmaq istəyən cütlüklər məhz bu gölə gəlib, çimirlər. Sevgilisinə qovuşmaq istəyən isə niyyət tutub, arzularını yazdığı kağızı suya atmalıdır. Dünyanın ən gözəl göllərindən biri olan Matana da məhz bu adada yerləşir.



Gəzintinin ən maraqlı hissəsi Şimali Sulavesi - Utaranı görmək olacaq. Qeyri - adi adətləri ilə seçilən əhalinin qonaqpərvərliyinə heyran qalacaqsan.



Adanın ən görməli yerlərindən biri də Minahasadır. Buranın 6 milli parkına heyran qalacaqsan. Batuanqus parkı qeyri-adi bitkilər və heyvanlarla zəngindir. Burada dünyanın heç bir yerində görmədiyin tropik gülləri seyr edəcəksən. Əhali digər bölgələrdən fərqlənir. Onların özlərinəməxsus geyimləri, adətləri var. Şəhərin hər tərəfi çiçəklərlə bəzədilib. Buna görə də şəhərə bəzən «çiçəklər cənnəti» deyirlər. Minahasadakı evlər at yəhəri və gəmiyə oxşayır.



Makassar gəzintisi maraqlı binaları və muzeyləri ilə yadda qalacaq. Burada Rotterdam qalasını gəzəcəksən. Qalanın içərisindəki muzeydə şəhərin qədim görüntüsü əks olunub. Makassaranın valehedici mənzərəsi heç bir şəhərlə əvəz oluna bilməz. Dağ yamacındakı yaşıl meşələr, rəngarəng güllər, göllər, quşlar və digər heyvanlardan ibarət olan parkların görüntüsü adanı heyran edir.



Mətbəx:

Burada əsasən İndoneziya mətbəxindən istifadə olunur. Bəzi hallarda isə Minahassa mətbəxinin də yeməklərini dada bilərsən. Minahassa yeməklərində ancaq donuz və dana ətindən istifadə olunur. Buranın yeməkləri acı dadı ilə fərqlənir. Ən məşhur yemək raqidir. Kiçik doğranmış ətdən hazırlanan raqi kabab kimidir. Onun yanında isə maraqlı souslar verilir. Ürəyindən ekzotik yemək keçsə, kemir qozundan hazırlanan qovurmanın dadına bax. Ət, lobya, balqabaq, tinituan, əriştə və düyüdən hazırlanan «brenebon» şorbasının ləzzətindən doymayacaqsan.  Ən gözəl desert isə «klappertart» tortudur. Adanın məşhur içkisi isə düyü arağıdır.



Yadda saxla:

Acı yeməklərin yanında buz verilir.
İnsanlar yeməyi sağ əllə yeyirlər. Sol əli çirkli hesab edirlər.
Banklar saat 8.00-dan 15.00-a kimi işləyir.
Açıq-saçıq geyimlərə icazə verilmir. Dini bayramlar, məbədlər və festivallara ancaq örtülü paltarlar geyinməlisən.
Üstündə narkotik maddə tutulan şəxsə ömürlük cəza verilir.
Adada olarkən çoxlu su içmək lazımdır. Yüksək faizli gündənqoruyan kremlərdən istifadə etmək məsləhətdir. 
İnsanı barmaqla göstərmək ədəbsizlik hesab olunur.
Ayağını üst-üstə aşırdıb, oturmağı ağlına belə gətirmə.
Münasibətləri açıq-aşkar göstərmək, küçədə öpüşmək, qolqola gəzmək qadağandır.

Alış-veriş:
Bura alış-veriş üçün heç də sərfəli yer deyil. Turistlər yalnız gözəl suvenirlər, aksesuarlar ala bilərlər. Mağazalarda məşhur brendlərin məhsullarını tapmaq çox çətindir.