Yayda əsl istirahət edib, okean sularından zövq almaq istəyirsən? Əsl dayvinq cənnətinin nə olduğunu görüb, dənizaltı faunanın gözəlliyinə heyran qalıb, dünyanın ən gözəl qumsal sahilində gəzib, əsl yaşıllığın nə olduğunu görmək istəyirsən? Bütün bunlar səni Marşal adalarında gözləyir. Əbəs yerə bura «cənnətin bir parçası» deyilmir. Sakit okeanda yerləşən Marşal kiçik olmasına baxmayaraq, hər il minlərlə turisti özünə cəlb edir. Adanın paytaxtı Macura şəhəridir. Adada iki böyük hava limanı var: Macura və Kvacaleyn.

Axşam.az xarici mətbuata istinadən adanın ən gözəl məkanlarını təqdim edir:



Adada bütün istəyə və zövqə görə otellər var. Otellərin hamısının mənzərəsi okeana açılır. Otaqlarda turistlər üçün hər bir şərait təşkil edilib. Marşal əhalisi çox mehribandır. Onlar adaya gələn turistlərə xüsusi qayğı göstərirlər. Yerli camaat turistləri «lokve-yuk» (bizə sevgi gətirdiniz) və ya «iakve» (sən göyqurşağısan) deyə, salamlayırlar.



Adanın hər tərəfi narın qumlu çimərliklər və mərcan daşları ilə əhatələnib. Ətrafı bürüyən çiçək və okean ətrini heç vaxt unutmayacaqsan.

Adada temperatur 28-29 dərəcədən aşağı olmur. Quru,  isti hava ilin bütün fəslində istirahət üçün imkan yaradır. Marşal səs-küylü meqapolisdən uzaq qalıb, əsl istirahəti sevənlər üçündür. Bu cənnət diyarında o qədər də çox turist olmadığından burada otellərin qiyməti də aşağıdır: qiymətlər 30 - 100 dollar arasında dəyişir. Adanı gəzmək üçün taksi kirayələyə bilərsən. Bu, sənə 2 dolara başa gələcək.  
Yerli əhalinin əksəriyyəti balıqçılıqla məşğuldur. İnsanlar nə qədər müasir görünsələr də onlar öz köhnə adət-ənənələrinə sadiqdirlər. İnsanların əksəriyyəti hələ 600-700 il bundan əvvəl tikdikləri evlərdə yaşayır, qədim rəqslər edir, milli mahnılar oxuyur, qədim reseptlərdəki yeməkləri hazırlayırlar. Marşal adalarının hər bir kəndində qədim yaşayış tərzi qorunub saxlanılır. Adanın böyük hissəsini tropik meşələr əhatə edir. 

Gəzinti xəritən:

Marşal arxipelaqlarına «mərcan adaları» deyilir. Gəzintiyə adanın paytaxtı Macuradan başlamaq daha maraqlı olardı. Macura adanın ən səs-küylü, çox insan olan yeridir. Mərcan adası 57 kiçik ada ilə əhatə olunur. Yerli əhali bura «palmalar altında tropik cənnət» deyirlər. Gəzinti zamanı mərkəzdə yerləşən Alele muzeyinə get. Muzeydə adanın yarandığı gündən indiyənə kimi necə inkişaf etdiyi əks olunub. Şəhərin qərb hissəsindəki Laura kəndinə gəzintiyə heyran qalacaqsan. Yerli əhali kəndə gələn hər bir turist üçün xüsusi qonaqlıq təşkil edir. Burada onlar qədim adət-ənənələrini nümayiş etdirirlər. Macura gəzintisi zamanı turistlərə dəniz fabrikini də göstərirlər. Burada sən dünyanın ən böyük ilbizini görəcəksən. Həftədə üç dəfə burada sualtı ekskursiya keçirilir.



Ekskursiyaya qatılmaq istəsən 5 dollar ödəməlisən. Macuraya ən yaxın mərcan adalarından biri də Arnodur. Buranın ən gözəl və gəzməli yerlərindən biri «Sevgi məktəbi» deyilən Lanqordur. Lanqorda evlənmək istəyənlərə, sevgililərə dərs keçirlər. Deyilənə görə, burada sevgi mələkləri dolaşır. Yenicə tanış olan cütlük ilk dəfə bura gələrsə, onların münasibəti uğurlu alınacaq.



Marşal səyahəti zamanı Kvacaleyn gəzintisinə heyran qalacaqsan. Turistləri gecələr ən çox atəşfəşanlıq heyran edir. Həftədə bir dəfə isə Kvacaleydə qırıcı təyarələrin uçuşu keçirilir.

Botanika mərkəzi

Marşal səyahətinin ən maraqlı hissəsindən biri də Voteyə gəzinti olacaq. Bura Marşalın «Botanika Mərkəzi» də deyirlər. Votenin hər tərəfi meşə, palma ağacları ilə örtülüb. Burada dünyanın heç bir yerində rast gəlməyəcəyin nəhəng güllər, ağaclar görəcəksən. Bu meşədə gecələr gəzmək qəti qadağandır. Deyilənə görə, meşədə II Dünya müharibəsində həlak olan əsgərlərin ruhu dolaşır.
Okean sularında çimib, günəşdə qaralmaq istəyənlər Mecitə getsinlər.



Adanın ən gözəl çimərlikləri məhz burada yerləşir. Şəffaf suyu, narın gümüş qumu olan bu çimərliklər təmizliyinə görə adanın başqa yerlərindən fərqlənir; turistlər çimərlik kənarındakı meşədə, ya da günəş altında dincələ bilərlər. Könlündən balıq ovu keçənlər isə Kaliforniya-Biçə getsinlər. Burada balaca akula şousuna heyran qalacaqsan. Turistlər bu şounu izləmək üçün bir neçə gün əvvəlcədən növbəyə yazılmalıdır.



Lənətlənmiş göl

Adanın mistik dünyası ilə tanış olmaq istəyənlər Pikiniyə getsinlər. Burada gözəl və şəfalı göllər görəcəksən. Gəzintinin ən maraqlı hissəsi içərisində böyük su ilanı olan gölə baxmaq olacaq. Deyilənə görə, bu gölün ətrafında lənətlənmiş ruhlar dolaşır. Buna görə də onun suyuna toxunmaq qətiyyən olmaz. Pikinin qərb hissəsində isə şəfalı suyu olan kiçik hovuz var. Hovuzdakı su yerin altından çıxır. Arzu tutub, hovuza daş atır, sonra da onun suyu ilə əl-üzünü yuyursan. Beləcə, bütün istəklərinə tezliklə çatırsan.



Adanın ən gözəl parkları Ur, Bikar və Taonqada yerləşir. Maraqlısı da odur ki, başqa rayonlarda və şəhərlərdə qətiyyən parklara rast gəlməyəcəksən.
Marşal dayvinq, sörfinq vurğunları üçün əsl tapıntı olacaq.



Yeraltı dünyanı görmək istəyən Miliyə getsin. Burada dənizin dibində II Dünya müharibəsinə aid olan əşyalardan ibarət balaca şəhər salınıb. Bura əsl ekstrim sevənlərin məkanıdır. Şəhərciyin yaxınlığında isə akulaların məskəni var.

Dayvinq vurğunları Likiepə getsinlən. Bura həm də «Xəzinə torbası» da deyirlər. Deyilənə görə, bir vaxtlar buradan çoxlu qızıl tapılıb. Hətta göllərin birinin dibində hələ də xəzinə var.

Mətbəx:

Marşal mətbəxinin əsas hissəsini dəniz məhsullarından və balıqlardan hazırlanan yeməklər təşkil edir. Yeməklərin əksəriyyətində konservləşdirilmiş balıqdan istifadə edirlər. Yolun adaya düşsə, konservləşdirilmiş balıqdan hazırlanan qızartmanın dadına mütləq bax. Onun yanında təklif olunan kolokazia yarpaqlarından, yosundan, meyvədən, kokos südündən hazırlanan salatın dadından doymayacaqsan. Adanın ən ekzotik yeməyi akula ətindən hazırlanan qatı şorbadır. Ən ləzzətli yeməklərdən biri də toyuq, qoyun, dana, hinduşka və donuz ətindən hazırlanan «Lovo»dur. Yeməklərin yanında qarnir kimi çörəkağacının meyvələrindən hazırlanan püre, qoğal verilir. Marşal mətbəxinin ən ləzzətli sousu sirkə və palma yağından hazırlanan «batat»dır. Restoranlarda həm də Çin, Yunanıstan və ABŞ mətbəxinə də rast gələcəksən. Marşalda yeyəcəyin kəsmikli bulkaların dadı damağından getməyəcək.



Marşalda desert çeşidləri o qədər də çox deyil. Desert yalnız ekzotik meyvələrdən hazırlanan salatlardan və dondurmadan ibarət olur. Ən məşhur içkiləri isə kokos südü, kofe və təbii meyvə şirələridir. Adada içməli su qıtlığı olduğu üçün təmiz suyu yalnız restoran və kafelərdə içə bilərsən. 

 

Qaydalar:
· Ölkədən qızıl çıxartsan mütləq icazə kağızı almalısan.
· Marşal flora və faunasına aid olan nəyisə götürməyə icazə verilmir.
· Mərcan daşından hazırlanan aksesuarlar götürərkən 20 dollar təzminat ödəməlisən.
· Adada insanlar qeybət etməyi, kiminsə həyatı ilə yaxından maraqlanmağı xoşlamırlar.
· Yerli əhali üçün baş müqəddəshesab olunur. Kiminsə başına toxunmaq, balaca uşağın başını sığallamaq qətiyyən olmaz. Onlar bunu təhqir kimi qəbul edirlər.
· Restoranda, müqəddəs yerlərdə şortik, qısaqol köynək geyinmək olmaz.
· Əgər yerli insanlarla şəkil çəkdirmək istəyirsənsə, mütləq əvvəlcə icazə almalısan.
· Gündüz vaxtı spirtli içki içmək və cəmiyyət içərisində gəzmək ədəbsizlik hesab olunur.

Alış-veriş:

Marşal alış-veriş üçün ən uğurlu yerlərdən biridir. Burada qiymətlər olduqca sərfəlidir. Mağazalar saat 8.00-dan 17.00-a kimi açıq olur. Həftənin bazar günü isə adada bütün mağazalar bağlanır. Buna görə də yerli əhali bazar gününə kimi bütün alış-verişi qurtarırlar. Buradan gözəl suvenirlər, əl işləri ala bilərsən.



                 

Digər Xəbərlər