İnsan hərəkətlərini təkrarlayan robot hazırlanıb

İnsan hərəkətlərini təkrarlayan robot hazırlanıb
668 dəfə oxunub
  • A-
  • A
  • A+
Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mütəxəssisləri insanın hərəkət və reflekslərini təkrarlayan robot hazırlayıblar.

Axşam.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, maşının təlimi insanın bədəninə bərkidilmiş ekzoskeletin köməyi ilə həyata keçirilir. “Hermes” adlanan robota mayeni stəkana süzmək, xarici qüvvələrin təsiri zamanı tarazlığı saxlamaq, alətlərdən istifadə etmək və s. öyrədilir.

Layihə üzərində işləyən Cao Ramosun sözlərinə görə, onlar sanki robota insanın beynini köçürürlər. Lakin söhbət süni intellektin yaradılmasından deyil, robota müxtəlif situasiyalarda davranış qaydalarını öyrətməkdən gedir. Bunun üçün mexaniki əl, ayaq və datçiklərlə təchiz edilmiş robotun operatoru üçün ekzoskelet yaradılıb. Datçiklərdən ötürülən informasiya robotun kompyuterinə daxil olur. Kompyuter robotu insan kimi hərəkət etməyə məcbur edir.

Layihənin müəllifləri söyləyiblər ki, hazırda insana bənzəyən bir çox robot vardır. Lakin “Hermes” onlardan səliqəli olması ilə fərqlənir, məsələn, mayeni stəkana dağıtmadan süzə bilir. Bundan başqa, müasir robotların insana bənzərliyi hərəkət və reflekslərdə deyil, xarici görünüşdə özünü göstərir. “Hermes” layihəsinin məqsədi isə robotu insana məhz davranış, hərəkət və reaksiya baxımından bənzətməkdir.

Qeyd edək ki, təkmilləşdirilən “Hermes” robotunun taleyi barədə dəqiq məlumat verilməyib.