"Sarı gəlin" mahnısı yenidən təhlükədədir

"Sarı gəlin" mahnısı yenidən təhlükədədir
2587 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə Azərbaycanın “Sarı gəlin” mahnısının kürdlər və ermənilər tərəfindən öz dillərində ifa olunması bu ölkənin azərbaycanlı icmasında böyük narahatlıq doğurub.

Axşam.az-ın "anspress"ə istinadən məlumatına görə, Türkiyə azərbaycanlıları bunu Azərbaycanın qeyri-maddi mədəni irsinin oğurlanması kimi dəyərləndirirlər.

“İstənilən halda, xoş niyyətlə oxumurlar. Bir neçə il keçəndən sonra iddia edəcəklər ki, bu, kürd mahnısıdır”,- Türkiyədə yaşayan Təbriz adlı azərbaycanlı gənc bildirib. Təbrizin dediyində gerçək var. Məsələn, bir neçə il qabaq yezdi kürdü Vle Haloyan Azərbaycanın qədim “Dilbərim” mahnısını kürdcə oxumuşdu. Daha sonra İbrahim Tatlısəs onu kürd mahnısı adı altında Türkiyədə təqdim eləmişdi. Azərbaycan icması mahnının bizə məxsusluğunu isbatlamaq üçün xeyli səy göstərmişdi.

Azərbaycanın “Sarı gəlin” mahnısını bir neçə il qabaq türkiyəli müğənni Sezan Aksu da ermənicə oxumuşdu. O, təqdimatda mahnını Azərbaycan xalqına məxsus olduğunu bildirməmişdi. Həmin vaxt Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı Əlixan Səmədov türk sənətçiyə məktub yazaraq təqdimatı düzgün etməyi tövsiyə etmişdi.

ANS PRESS-in əməkdaşı ilə söhbəti zamanı Əlixan Səmədov bir daha bu məsələyə önəm verməyin vacibliyini vurğulayıb:

“Bu mahnının başqa xalqlar tərəfindən öz dillərində ifa olunması heç də cinayət hesab olunmur. Amma xalq mahnımızı digər xalqlar müəllifi gizlədilərək və yaxud da özününküləşdirilərək ifa edə bilməz. Bax bu zaman biz mütləq tədbirlər görüb qarşısını almalıyıq.”