"Qəbələdə Beynəlxalq Kino Festivalı keçirilə bilər"

"Qəbələdə Beynəlxalq Kino Festivalı keçirilə bilər"
735 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ötən il Bakıda “Koreya Kinosu Günləri” keçirilib. Bu il isə tədbirin miqyası daha da genişlənib və Azərbaycanın 5 şəhərində film festivalları təşkil olunub. İyulun 6-dan avqustun 16-dək Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə keçirilən Koreya Kinosu Festivalı böyük əhəmiyyət kəsb edib və geniş tamaşaçı marağına səbəb olub”.

Axşam.az-ın "APA"ya istinadən məlumatına görə, bunu tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O, Azərbaycanda kinematoqrafiyanın, milli kinomuzun inkişafı üçün islahatların həyata keçirildiyini, müasir kino müəssisələrinin tikintisindən tutmuş dövlət hesabına filmlərin çəkilməsinə qədər kompleks tədbirlərin görüldüyünü qeyd edib:

“Festivalda fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətə görə xüsusi dəyərə malik 10 Koreya filmi göstərilib ki, onların da hamısı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. Filmləri ümumilikdə 21 minə yaxın tamaşaçı izləyib. Bu onu göstərir ki, Azərbaycanda mədəniyyət tədbirləri təkcə paytaxtda deyil, həm də bölgələrdə keçirilir. Bunun üçün böyük imkanlar və şərait var. Festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi heç də təsadüfü deyil. Festivallar şəhəri olan Qəbələ getdikcə ölkənin mədəniyyət paytaxtına çevrilir”.

Baba Vəziroğlu bu gün Qəbələdə incəsənət xadimlərinin SEBA-nın sədri Ruhəngiz Heydərova ilə görüşdüyünü deyib:

“Görüş zamanı gələcəkdə Qəbələdə Beynəlxalq Kino Festivalının keçirilməsi ideyası formalaşdı və biz bu təşəbbüsü irəli sürdük. Bunun üçün Qəbələdə hər cür şərait var. Düşünürük ki, mötəbər tədbirləri keçirməyə qadir olan SEBA Qəbələdə beynəlxalq kino festivalını da keçirə bilər. Qəbələyə dünyanın tanınmış kino aktyorları, rejissorları gələ, film çəkilişləri və təqdimatlar ola bilər”.