Azərbaycanlı rejissor İsrailə festivala yollanıb

Azərbaycanlı rejissor İsrailə festivala yollanıb
781 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, kinorejissor Oqtay Mirqasımov İsrailə gedib.

Axşam.az "report"a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan səfərin məqsədi kinorejissorun ekranlaşdırdığı "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filminin Təl-Əvivdə keçiriləcək festivalda nümayiş etdirilməsidir.

Filmin icraçı prodüsseri Tərlan Babayev deyib ki, O.Mirqasımov artıq İsraildədir. "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə təqdim edilən filmin nümayişi avqustun 18-də olacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan ekran əsərinin premyerası 2014-cü ilin fevralında keçirilib. Film XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya deportasiya olunmasından bəhs edir. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.

Kinolentdə o dövrün hadisələri ilə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb. Filmin ssenari müəllifi Oqtay Mirqasımov, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail). Rollarda Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcü aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkilib.