Maşinistlərə yeni qatarlardan istifadə qaydaları öyrədilir - fotolar

Maşinistlərə yeni qatarlardan istifadə qaydaları öyrədilir - fotolar
1117 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) maşinistləri üçün xüsusi kurslar təşkil edilir.

Axşam.az "AZƏRTAC"a istinadən xəbər verir ki, iyulun sonunda “Nərimanov” elektrik deposunun texniki-tədris kabinetində insan resursları və xidmət departamentinin nəzarəti, təlim-tədris mərkəzinin təşkilatçılığı ilə başlanılan kurslar avqustun 27-28-də keçiriləcək nəzəri, praktiki və sınaq imtahanları ilə yekunlaşacaq. “Bakı Metropoliteni” QSC Moskva metropolitenindən olan həmkarlarını da bu prosesi birgə izləməyə, həmçinin fikir və təcrübə mübadiləsi aparmağa dəvət edib.

Nəzəri dərsləri Moskva metropoliteninin tədris-istehsalat mərkəzinin müəllimi, əvvəllər təlimatçı-maşinist işləmiş Dmitri Belov, praktiki məşğələləri isə “Novogireyevo” elektrik deposunun təlimatçı-maşinisti Pavel Şlyanikov aparırlar. Kursun plan və proqramı əvvəlcədən tərtib edilərək razılaşdırılıb.

Təlim-tədris prosesinin təşkili ilə əlaqədar Moskva metropoliteninin təlim-tədris mərkəzinin rəis müavini Aleksandr Romanov və kadr hazırlığı üzrə mütəxəssis Yuliya Til də pedaqoqlarla birlikdə Bakıda səfərdə olublar. Kursun tədris prosesi elə qurulub ki, hər bir maşinist və ya təlimatçı iş prosesindən ayrılmadan təlimlərdən maksimum bəhrələnə bilir. Kursa 25 nəfərdən ibarət heyət cəlb olunub. Onlardan 10-u təlimatçı-maşinist, qalanı maşinistlərdir.

Onlarla yanaşı, məşğələləri təmirçilər, müxtəlif sahələr üzrə mütəxəssislər də yaxından müşahidə edirlər. Maşinistlər üçün nəzəri və praktiki məşğələlərlə yanaşı, canlı sınaqlar da təşkil olunacaq. Tədrisi aparan mütəxəssislərin nəzarəti altında qatar sərnişinsiz xəttə çıxarılmaqla, müəyyən tapşırıqlar yerinə yetiriləcək.

Tədris prosesinin yekununda praktiki və sınaq imtahanını uğurla başa vurmuş müdavimlərə sertifikat – yeni tipli qatarları idarə etmək hüququna dair sənəd veriləcək. Təlim-tədris prosesinin rəhbərləri qeyd edirlər ki, bu qatarlar, təkcə sərnişinlər üçün deyil, həm də maşinist və təmirçilər üçün də böyük yenilikdir. Təhlükəsizliyin təminatı elə həddə çatıb ki, qatar özü maşinistin köməkçisinə çevrilib. Əksər problemlər, nöqsanlar, xətdə olarkən zədə və nasazlıq barədə məlumat displey lövhəsinə ötürülür. Bu da maşinistin daha sürətli reaksiyasını və qərarını təmin edir. Maşinistlər üçün salonun genişliyi, oturacaq rahatlığı, kondisionerləşmə, hətta bəzi sosial tələblərin nəzərə alınmasından tutmuş texniki kamilləşməyə doğru atılmış addımların hər biri müasir dövrün tələbləridir. Onlar vaqonlarda baş verənləri videogörüntü ilə izləyə bilirlər.

Ən vacib məqamlardan biri isə videokamera vasitəsilə maşinistin özünü də izləməsidir və bu görüntülər həm də arxivləşdirilir. Qatarın işə salınması da əvvəlkindən fərqlidir. Onun özünün və əksər mexanizmlərinin işə düşməsi, qoşulması məhz ekrandakı displeylə aparılır. Yaxın gələcəkdə təmirçilərin də yeni qatarları mənimsəməsi, peşə bilikləri və təcrübəsinin artırılması məqsədilə onlar üçün, eyni qaydada, xüsusi kurslar təşkil olunacaq.