İlham Əliyevdən xalq şairinə təbrik məktubu

İlham Əliyevdən xalq şairinə təbrik məktubu
1280 dəfə oxunub
  • A-
  • A
  • A+
Prezident İlham Əliyev xalq şairi Fikrət Qocanı 80 illik yubileyi münasibətilə təbrik edib.

Axşam.az-ın "AZƏRTAC"a istinadən məlumatına görə, şairə ünvanlanmış təbrik məktubunda deyilir:

"Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz xalqımızın söz sənəti xəzinəsinə ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünüzə xas ifadə tərzi ilə dəyərli töhfələr bəxş etmiş şəxsiyyətlərdənsiniz. Mənəvi ucalığa çağırışla, lirik-fəlsəfi düşüncələrlə zənginliyi əsərlərinizi geniş oxucu kütləsinə daha çox sevdirmişdir.

Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarınızın gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti vardır. Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözlərinizə musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir.

Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğrulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2015-ci il".

Qeyd edək ki, İlham Əliyev Fikrət Göyüş oğlu Qocayevin (Fikrət Qoca) "Şərəf" ordeni ilə təltif edilməsi haqda da sərəncam imzalayıb.