Azərbaycan filmi məşhur festivala qatılır

Azərbaycan filmi məşhur festivala qatılır
566 dəfə oxunub
  • A-
  • A
  • A+
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Üç tarix" adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimovanın çəkdiyi “Tanrıya məktub” adlı qısametrajlı film ABŞ-da XXII “DC Shorts” qısametrajlı film və ssenari festivalının (“DC Shorts Film Festival&Screenplay Competition”) müsabiqə proqramına daxil edilib.

Axşam.az "report"a istinadən xəbər xəbər verir ki, sentyabrın 10-dan 20-dək Vaşinqtonda keçiriləcək ABŞ-ın bu nüfuzlu kinofestivalında 24 ölkədən 125 film iştirak edəcək.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə 2012-ci ilin oktyabrında start verilmiş “Üç tarix” layihəsinin məqsədi Azərbaycanın gənc kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkənin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir. Layihə üç gənc rejissorun filmlərin çəkilişini təmin etmək üçün yaradıcılıq prosesinin ssenarilərin yazılmasından son məhsulun montaj olunmasına qədər bütün mərhələlərində müəlliflərə dəstəyin göstərilməsini əhatə edib.

Layihə çərçivəsində müəlliflər üçün Kann festivalının “Qızıl kamera” mükafatı laureatı Vitali Kanevski tərəfindən rejissura və ssenari sənəti üzrə ustad dərsləri məşğələləri də təşkil olunub. Bir il davam etmiş “Üç tarix” layihəsi uğurla başa çatdı və 2013-cü ilin sonunda tamaşaçıların diqqətinə üç film təqdim olundu: “Yara” (T.Hacıyev), “Tanrıya məktub” (M.İbrahimova) və “Köhnə Bakı ölməyib” (M.Abiyev).

Əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının tarixi mərkəzinin təkrarolunmaz dar küçələri, özünəməxsus həyətləri, qala divarları, hamamları, məscid və karvansaraları bir çox məşhur kinofilmlərin və televiziya verilişlərinin çəkildiyi bir məkan kimi istifadə olunurdu. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu dəyərli ənənəni qoruyaraq yaşadmaq məqsədilə və işində rəhbər tutduğu “Canlı Tarix” konsepsiyası çərçivəsində gənc sənətkarlara adıçəkilən filmlərin çəkilişi zamanı “İçərişəhər” və “Qala” qoruqlarının ərazisində müvafiq şərait yaradıb.

Qeyd edək ki, layihənin digər iştirakçısı kinorejissor Teymur Hacıyevin “Yara” filmi də 2014-cü ildə nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın “Palm Springs International ShortFest”in müsabiqə proqramına daxil olub. Layihə çərçivəsində çəkilmiş filmlər beynəlxalq media və nəşriyyatların da diqqəti mərkəzində saxlanılmaqdadır.