"Görsəm ki, burada iş görülməyib, özünüzdən küsün" - Prezidentin nazirlərlə söhbəti

"Görsəm ki, burada iş görülməyib, özünüzdən küsün" - Prezidentin nazirlərlə söhbəti
8226 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edən prezident İlham Əliyevlə məmurlar arasında maraqlı dialoq olub. Mərasimdə kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə iştirak edib.
 
Axşam.az həmin dialoqu təqdim edir:

İlham ƏLİYEV: Əlbəttə, siz sıx əlaqəli şəkildə işləməlisiniz. Çünki suyun verilməsinin ardıcıllığı da gərək razılaşdırılsın ki, biz bu yeni suvarılan 30 min hektar torpağın hamısından istifadə edək. Beləliklə bu, kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Xüsusilə bu il kənd təsərrüfatı ilidir. Bir neçə fərman imzalanıb. İl ərzində nəticələr də yaxşıdır. Artım kifayət qədər böyükdür. Bütün bu layihələrin icrası nəticəsində daha da böyük artım olacaq.

Şahin MUSTAFAYEV: Cənab Prezident, tapşırdığınız kimi, iri fermer təsərrüfatlarının yaradılması da əsas məqsədimizdir. Çalışırıq ki, burada iri layihələr olsun. Bu il iri təsərrüfatların göstəriciləri də çox gözəldir, hektardan 60 sentner.

Heydər ƏSƏDOV: 20 hektardan artıq sahəsi olan 21 təsərrüfatda hər hektardan 55-60 sentner arasında məhsul yığılır.

İlham ƏLİYEV: Ümumi məhsuldarlıq 30 sentnerə qalxıb?



Heydər ƏSƏDOV: Cənab Prezident, 31 sentnerə çatıb. İndi qarğıdalı biçini gedir. Sizin ikinci əkinin aparılması barədə fərmanınıza əsasən bu il artıq indiyədək 14 min hektara qədər sahədə ikinci əkin aparılıb. Artıq təsərrüfatların yem bazası ilə bağlı problem demək olar ki, aradan qalxıb.

İlham ƏLİYEV: Yəni, bu, böyük müasir bir layihə olmalıdır. Hər şey nəzərdə tutulmalıdır. Məncə bunu etmək çətin olmayacaq. Çünki biz sıfırdan başlayırıq. Bunun əsas mənbəyi Taxtakörpü su anbarıdır. Burada qalan işləri planlı şəkildə etməliyik.

Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar.

Taxtakörpü su anbarının tikintisi tarixi hadisə idi. Bu layihənin icrasına təxminən 1 milyard manata yaxın vəsait xərclənib. Bu vəsait sahibkarlar üçün xərclənib ki, onlar istifadə etsinlər. Amma dövlət orqanları əlbəttə nəzarət etməlidirlər, istiqamət verməlidirlər. Bu layihə çox ciddi nəzarət altında olmalıdır. Gələcəkdə bundan özəl mülkiyyətçilər də istifadə edəcəklər. Amma indi mövcud torpaq sahibləri üçün böyük imkanlar açılır. Elə planlaşdırın ki, görülən işlər gələcəkdə bu zonanın turizm imkanlarına maneçilik törətməsin. Əminəm ki, turizmin inkişafı buralara da gəlib çatacaq. Gələcəkdə yollar salınacaq. İndi Siyəzən rayonunda sahilboyu yol çəkilir. Bu da gələcəkdə bu zonanın inkişafına xidmət göstərəcək.

Biz bütün işləri kompleks şəkildə görməliyik. Siz bütün təklifləri, biznes-planları hazırlayın. Çünki öz təşəbbüsləri ilə bu işləri görmək sahibkarlar üçün bir qədər çətin olacaq. Amma gərək biznes-planda hər şey dəqiq göstərilsin. İnvestisiya qoyuluşu nə qədərdir? Bunun iqtisadi səmərəsi nə olacaq? Ondan sonra əlbəttə bütün infrastruktur məsələlərini dövlət öz üzərinə götürməlidir. Bu layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı böyük dərəcədə artacaq. Gələn ilin də dövlət büdcəsində sahibkarlığın inkişafına dövlət tərəfindən kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki bu, həm sahibkarlığın inkişafına xidmət göstərir, həm də iqtisadiyyatın real sektoruna bilavasitə bir dəstəkdir.

Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur.

Eyni yanaşma qərb zonasında da olmalıdır. Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni layihələri o bölgə üçün də hazırlayın. Düzdür orada bir layihə artıq başlayır - Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra edilməlidir.



Əhməd ƏHMƏDZADƏ: Orada kanalların tikintisinə başlamışıq.

İlham ƏLIYEV: Bilirəm, başlamısınız. Vəsait də nəzərdə tutulub.

Əhməd ƏHMƏDZADƏ: Vəsait də verirsiniz, nəzarətdə də saxlayırsınız, gəlib yoxlayırsınız. Daha bundan yaxşı nə ola bilər?

İlham ƏLİYEV: Keçən il biz sizinlə burada dayananda mən demişdim ki, mən gələn il gələcəm, görsəm ki, burada iş görülməyib, onda siz özünüzdən küsün. Əsas bunlardır. Biz Taxtakörpü su anbarını, Samur-Abşeron kanalını buna görə yaratmışıq. Onlar olmasa, bu işləri görmək mümkün deyil.

Əhməd ƏHMƏDZADƏ: Cənab Prezident, ilin axırında bu iki rayonda yeni suvarılan sahələr səkkiz min hektara çatacaq.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Bax, bu, görülən işlərin bariz nəticəsidir.