Mehriban Əliyeva “Nargis” jurnalının təqdimatında iştirak edib

Mehriban Əliyeva  “Nargis” jurnalının təqdimatında iştirak edib
5834 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olub.

Axşam.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb. O bildirib ki, “Nargis” incəsənət, moda və yeni brendlər aləmində oxucuların əsl bələdçisinə çevriləcək. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.

Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Bu nömrədə, həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.

Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışıblar. Qeyd edilib ki, jurnalda təkcə dünyanın məşhur brendləri barədə deyil, həmçinin Azərbaycanın bölgələrinin milli geyimləri haqqında da ətraflı məlumat verilib. “Milli geyimlərin izi ilə” bölməsində Bakı, Şəki, Lənkəran, Gəncə, Şamaxı, Naxçıvan, Ağdam, Göyçay rayonları üzrə milli qadın geyimlərinin xüsusiyyətləri, bəzək elementləri və sair haqqında geniş söhbət açılıb.
 
Qeyd edək ki, jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.

Tədbir mədəni proqramla davam edib.