Pərvin: “...ulduzları görməyə çalışıram!”

Pərvin: “...ulduzları görməyə çalışıram!”
3602 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda "525-ci qəzet"in əməkdaşı, yazar Pərvin bir neçə nüfuzlu mükafata layiq görülüb. Bununla bağlı həmkarımızı təbrik etmək, sevincini, eyni zamanda müxtəlif mövzular ətrafında fikir və düşüncələrini bölüşmək üçün söhbətləşdik.  Özünün də dediyi kimi, insanı özündən yaxşı heç kim tanıya və təqdim edə bilməz. Elə isə müəllimə və yazar Pərvini ünvanladığımız suallar vasitəsilə öz cavablarından tanıyaq.

– Pərvin, qısa zaman kəsiyində həm Qızıl Kəlmə, Rəsul Rza mükafatlarına, həm də Milli Kitab Mükafatının ikinciliyinə layiq görüldün. Bir daha təbrik edirəm və soruşmaq istəyirəm; gözə gəlməkdən qorxmursan?

– Sözün düzü, bu tipli mistik məsələlərə – nəfsin, bədnəzərin olduğuna o qədər də inanmıram, daha doğrusu, bu haqda düşünməməyə çalışıram.  Göz, nəfs mahiyyətinə görə sadəcə neqativ auradır. Bu, ola bilər. Qorxmuram. Çünki qoruyan Allahdır. Bir də içimdəki inam.

– Amma gənc yaşında bu qədər uğur qazanmaq bəzən adamı mistikaya inanmağa vadar edir...

– Gənc yaşında qazanılan uğurun arxasında heç bir istedad, zəhmət, əziyyət dayanmasa, onda bəlkə də bunu mistika ilə əlaqələndirmək olar. Elə adamlar var ki, balaca bir iş görməklə böyük uğur qazanırlar. Az əziyyətlə istədiklərini əldə edə bilirlər. Mənimsə həyatımda bir az başqa cürdü. Əslinə qalsa,

çəkdiyim əziyyətin həcminə baxanda düşünürəm ki, bəlkə daha yaxşı nəticə ola bilərdi.

– Bu şikayət deyil ki?

– Yox-yox. Əsla. Həyatda heç bir arzuma təlaşla yanaşmıram, tez nail olmaq istəmirəm. Yavaş-yavaş, addım-addım, az və keyfiyyətli...

–  Bəs məşhurluq  necə, səni narahat etmir ki?

– Məşhurluq?  Özümü məşhur adam hesab eləmirəm.

– Hər halda uzun müddətdir ki, ədəbi aləmdəsən və getdikcə daha da məşhurlaşırsan...

– Məncə, 3-5, hətta 100, 1000, 5000 adam tərəfindən oxunmaq, yaxud mükafat almaq məşhur yazıçı olmaq deyil. Getdikcə bəlkə də ola bilər. Amma  doğmalarımı düşünəndə, zamanla daha çox tanınmağımın onların həyatına hansısa məhdudiyyət gətirməsini istəmirəm.

– Sən ədəbiyyata Gənc Ədiblər Məktəbindən gəldin. Uğurların buradan başladı demək olarmı?

– Əlbəttə. Əslində karyera uğurlarım Gənc Ədiblər Məktəbindən də əvvəl  magistraturaya daxil olmağımla başladı. Baxmayaraq ki, hələ uşaq vaxtlarından yazırdım, amma çap olunmaq, ədəbiyyata gəlmək, tanınmaq  kimi bir iddiam yox idi. 2009-cu ildə magistr təhsilinin vacibliyini anladım, çünki universitetdə müəllim işləmək üçün bu, mütləq idi. Altı ay inanılmaz, fantastik rejimlə yaşayıb-sutkada bir-iki saat dincəlməklə çalışdım və magistraturaya daxil oldum. Bu, həm də yazmaq üçün stimul verdi mənə, sanki beynimdə hansısa oyanış oldu. Magistr kimi çap olunmaq üçün AYB-yə gəldim,  “Azərbaycan” jurnalına məqalə təqdim etdim. Elə o ərəfələrdə Gənc Ədiblər Məktəbinə qoşuldum. Və oradakı fərqli, yaradıcı mühit, sərbəst şərait, ədəbi polemikalar müsbət təsir etdi mənə.

Yazar kimi əldə etdiklərimin təməli Gənc Ədiblər Məktəbində qoyulub.

– Müəllimlikdən, pedaqoji fəaliyyətə olan marağından söz açdın. Yeri gəlmişkən soruşum; sənin üçün tələbə auditoriyası daha doğmadır, yoxsa yazı masası?

–Bunlar bir-birini tamamlayırlar. Hələ uşaqlıqdan universitetdə dərs deməyi arzulamışam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olan gündən özümə dedim ki, mən burada müəllim işləyəcəm. İndi həmin universitetin  “Azərbaycan ədəbiyyatı tarixi”  kafedrasında çalışıram. Xoşbəxtlikdən bu kafedradakı mühit son dərəcə sərbəst və yaradıcı mühitdi. Yəni insanı çərçivələrə salmır. Yazmaq isə indi artıq həyatımın nizamına, əsas ehtiyacına çevrilib. Ona görə də deyə bilmərəm – biri o birisindən üstündür. Yazmağım, ədəbi mühitdə olmağım tələbələrimi  maraqlandırır, fərqli auranı hiss edirlər. Eyni zamanda pedaqoji fəaliyyət yazmaq üçün mövzu verir. Müəllim işləməsəm,

bəlkə aylarla ünsiyyətsiz yaşaya bilərəm.

Yəni, xaraktercə geniş çevrəsi olan, söhbətcil adam deyiləm. Doğmalarımdan, sevdiklərimdən ibarət öz dünyam var. Zamanımı daha çox kitablarla, yazmaqla, oxumaqla, öyrənməklə, internetlə keçirirəm. Amma yazıçı üçün ünsiyyət, başqalarının nə düşündüyünü bilmək, xüsusən də gənc olduğumuzdan gəncliyin fikirlərini öyrənmək, səviyyəni hiss eləmək çox vacibdir. Bu baxımdan müəllimliklə yazıçılıq heç də bir-birinə mane olmur. Əksinə, biri o birisinə mövzu və təkan verir.

– Gənc müəllimə özü ilə az yaş fərqi olan qaynar gəncliyin qarşısında fərqli müəllim obrazında görünməkdən sıxılmır ki? Hər halda tələbələrin arasında oğlanlar da var.

– Doğrudur, tələbələrlə yaş fərqim azdır. Qızların da, oğlanların da pərəstişi, marağı ola bilər. Amma işdə son dərəcə ciddiyəm. Ona görə kimsə cəhd edib bu barədə danışmaz... Müəllim kimi prinsipim budur ki,

şəxsiyyət olaraq tələbəni özümlə bir səviyyədə görürəm

və ona sərbəstlik verərək dərs keçirəm. Amma yenə də buna baxmayaraq mövzu sərhədlərini hiss edirəm və pozulmasına imkan vermirəm.

– Yaradıcılığında əsasən qadın talelərini təsvir edirsən. Bəs sənin öz obrazın  bu qadınların hansındasa varmı, yaxud gələcəkdə bu barədə yazmağı fikirləşirsənmi?

–Doğrusu, özümü daha çox gizlətməyə çalışıram, nəinki yazmağa. Elə insanlar var ki, götürüb öz həyat hekayəsini yazır və bununla da məşhurlaşır.

Çünki insanın özü haqqında yazdığı əsər ən səmimi əsərdir.

Yəni, yazıçı özünü tanıdığı qədər başqa obrazları tanıya bilməz. Yeri gəlmişkən son zamanlarda insanlar avtobioqrafik səciyyə daşıyan əsərlərə çox meyil edirlər. Şübhəsiz gələcəkdə yazmaq olar, məsələn, memuar şəklində.

– “Samir üçün” hekayəsində sən özün daha çox görünürsən...

 – Doğrudur. Əslində yazılarımda heç yoxam demək saxtakarlıq olar. O qadın obrazlarının hansısa faizi özüməm. Dediyin “Samir üçün” hekayəsində  qardaşından nigaran bacı obrazı var. Qardaşımın hər işinə görə narahat olub, az qala hər addımını düşünməyim xarakterimin bir tərəfidi və o hekayədə avtobioqrafik məqam var. Amma bütövlükdə özümü yazmıram. Dediyim kimi,

daha çox gizlənməklə məşğulam. Amma saxta danışmaqla, qeyri-səmimi yazmaqla yox...

– Taleyran deyən kimi- dil fikirləri gizlətmək üçündür...Yazılarında daha çox xoş ovqat, nikbin ruh hiss olunur. Bu nədən irəli gəlir?

– Bunu çoxları deyir. Məşhur bir ifadə var ki, iki nəfər pəncərədən baxır, biri şüşənin kirini, o biri ulduzları görür. Həmişə ulduzları görməyə çalışıram. Amma bu o demək deyil ki, kirdən xəbərim yoxdur. Sadəcə həyatın o tərəfini, iyrənc, murdar, ürəkbulandıran tərəflərini o qədər yazan var ki... Düşünürəm axı təkcə bundan ibarət deyil dünya. Yaxşını da yazmaq və göstərmək lazımdı. Məncə, ədəbiyyatın əsas vəzifəsi də budur.

– Müsahibələrinin birində deyirsən ki, qadın əlçatmaz olmalıdır, məhz buna görə də sosial şəbəkələrdə yoxsan. Ümumiyyətlə, sənin fikrincə, mükəmməl qadın necə olmalıdır?

– Sözün düzü, ən böyük problemlərimdən biri maksimalistliyimdir.  Bu sualına cavabımda da həmin xasiyyətim görünəcək. Mənim düşüncəmə görə, qadın hərtərəfli olmalıdır. Təkcə əlçatmazlıq əsl qadın olmaq deyil. O qədər mənasız əlçatmazlar var ki... Mənə görə, mükəmməl qadın sevməyi bacaran, daxili aləmi ilə xarici görünüşü harmoniya təşkil edən, yəni  özünə baxan, mütaliəli, savadlı, mətbəxdə gözəl əl qabiliyyəti olan, eyni zamanda hökmü, iradəsi olan qadındı. Üstəgəl yaxşı övlad, yaxşı həyat yoldaşı, yaxşı ana olmaq. Şübhəsiz ki, bunların hamısını özündə birləşdirən qadın mənim üçün idealdır. Bu ideallığı hansısa mənada yaratmaq mümkündür.

Mükəmməl qadın olmağın arxasında çox böyük zəhmət dayanır.

İndi səninlə danışa – danışa nəticə çıxarıram ki, qadın hər şeydən öncə zəhmətkeş olmalıdır.

 – Məncə, bu məqamda mətbəxdən danışmasaq (nəzərə alsaq ki, sən də bunu vurğuladın) olmaz. Mətbəxlə aran necədir?

– Yaxşıdır. Adətən iş yoldaşlarım zarafatla deyirlər ki, səni mətbəxdə heç təsəvvür eləmirik. Çünki iş rejimim çətindir-həm universitet, həm qəzet, həm yazıçılıq. Amma yazılarıma hansı məsuliyyətlə yanaşıramsa, mətbəxə də eyni məsuliyyətlə yanaşıram və çalışıram ki, narazılıq olmasın.

– Hansı yeməyi daha dadlı bişirirsən?

– Bəzən bu suala yarızarafat, yarıciddi cavab verirəm ki,

xaşdan kababa kimi bütün yeməkləri bişirə bilirəm.

(gülür) Həqiqətən də belədir. Deyilənə görə, plovu daha dadlı bişirirəm.

– Məncə, xaraktercə çox qapalısan. Amma  nə qədər gizlətsən də, təbii ki, oxucular üçün də şəxsi həyatından hansısa ştrixlər maraqlıdır. Düzdür, sən pop ulduz deyilsən ki, şəxsi həyatla gündəmə gələsən, amma hər halda bəzi nüansları açsan, yaxşı olar...Məsələn, mən özüm sənin evli, ya subay olduğunu bilmirəm...

– (gülür) Azərbaycanda bir gəlin obrazı var da... Bütün qızıllarını üstündə gəzdirən, az qala çörək almağa gedəndə də nişan üzüyünü taxan,  göy qurşağının yeddi rəngində makiyaj edən və s. Yəqin bu obraza uyğun gəlmədiyim üçün subay bilirlər məni. Hesab edirəm ki, gəncliyi, sadə, rəngsiz, boyasız xarici görünüşü nə qədər mümkündürsə, qorumaq lazımdır. Şübhəsiz, gələcəkdə hansısa qüsurlar ortaya çıxanda onları ört-basdır eləmək qadının əsas işidir. Sualına gəlincə isə, inşallah beş il olacaq ki, subay deyiləm...

– Sənin üçün ailə modeli necədir?

 – Mən də, yoldaşım da özünəməxsus qaydaları, adətləri, bəlkə də bir az sərt ənənələri, tərbiyə mexanizmləri olan ailələrin övladlarıyıq. Hər ikimiz valideynlərimizin təcrübəsindən nəsə götürmüşük, öyrənmişik, üstəgəl müasirlik, sevgi, uzun illərin bərabərliyi. Bunlar hamısı birləşəndə bizim ailə modeli alınıb.

 – Amma indiki zamanda bu modeli qoruyub  saxlamaq asan deyil...

– Doğrudur. Şükürlər olsun ki, çalışmaqla, eqoistliyi, özünəvurğunluğu kənara qoyub qarşı tərəfi anlamaqla bu mümkündür. Uzun illər birgə olan adamlar üçün çətin olmur. Artıq illər keçdikcə insan bir-birini o qədər tanıyır ki, kişinin yumruğunu stola çırpıb “mən beləyəm” deməsinə, yaxud da ki qadının öz həqiqətini izah etmək üçün qışqır-bağır salmasına ehtiyac olmur. Bu baxımdan zaman böyük rol oynayır.

– Bəs səncə ailənin maddi durumunu kim düşünməlidir?

– Yenə də qarşılıqlıdır. Hər iki tərəf. Heç bir yükü, nə maddi, nə də mənəvi əziyyəti bir nəfərə yükləmək olmaz. Əslində elə bir çox problemlərin kökündə qadınların təbiətcə maddiyyatçı olmaları durur. Özümə gəldikdə deyə bilərəm ki,

maddiyyata olan biganəliyim artıq anormal səviyyəyə çatıb.

Yəni, o mənada ki, hər bir qadının hansısa arzuları – “nəyisə geyinim”, “nəyisə alım” kimi istəkləri olur. Mənim üçün bunların heç biri yoxdur. (gülür) Mağazaya anamla gedirəm ki, o məni məcbur eləsin, nələrisə alım.

– Onda həyat yoldaşını bu məqamda bəxtigətirmiş hesab etmək olar ki...

– Doğrudur, xarakterimdə nəyisə tələb eləmək, nəyisə istəmək, ummaq yoxdur. Hesab edirəm ki, yaradıcı adam puldan nə qədər uzaq olsa, pul haqqında nə qədər az fikirləşsə, bir o qədər onun xeyrinədir.

Atamın yaxşı bir sözu var: Sən işinlə məşğul ol, maddiyyat özü gəlib səni tapacaq.

Məncə eyni fikri şöhrətə də aid eləmək olar. Hansı adam ki, şöhrətin, maddiyyatın  arxasınca qaçır, onun həyat tərzi də bir az anormal olur, bayağılaşır. Amma insan sadəcə inandığı işə, zəhmət, enerji sərf edirsə, zamanla istər maddi firavanlığa, istərsə də mənəvi rahatlığa nail olur.

– Etiraf edək, yaradıcı insanla yaşamaq, yola getmək bir az çətin olur. Onun öz dünyası, öz duyğuları, öz saatı var- ilhamı gəldimi oturub yazmalıdır.  Bu baxımdan sizdə vəziyyət necədir?

– (gülür) Qızıl ortanı tutmağa çalışırıq. Yəni ki, o başa düşür ki, mən yaradıcı adamam. Mən də “yazı yazıram” deyib, bunu əlimdə bayraq edib gününü qara eləmirəm.

Əsasən gecələr yazıram. Saat 12 – dən, 1-dən sonra...

Bu da heç kəsə mane olmur. Çünki ailəmin günahı yoxdur ki, mən yazıçıyam. Vaxtımın əsas hissəsi evimə sərf olunmalıdır. Əslində bütun digər işlər, yaradıcılığa sərf elədiyim vaxt ailəmdən oğurladığım vaxtdır. Ona görə günahımı başa düşüb kompensasiya eləməyə çalışıram. (gülür)

–  Hazırda “525-ci qəzet”də “Yüz gözəl sevgi şeiri” layihəsini təqdim edirsən. İlk öncə bu layihə barədə danışmanı istərdim. Ümumiyyətlə, o  şeirlərdən hansı bütövlükdə sənin düşüncəndəki sevgi anlayışı ilə üst-üstə düşür?

– İki aydan çoxdur bu layihəni aparıram. Azərbaycanda klassik dövrdən  tutmuş müasir ədəbiyyata qədər sevgi şeirlərini oxuyuram, seçirəm. Maraqlı bir mənzərə yaranır. Əslinə qalsa, bu sevgi şeirlərinin timsalında millətimizin sevgiyə münasibəti görünür. Nə üçünsə qorxuruq bu hissdən, az qala cinayət hesab edirik. Onu mütləq nəyəsə büküb, necəsə bəzəyib, ört-basdır edib göstərməyə çalışırıq. Hələ lap klassik dövrdən Allaha sevgidən yazırdılar. Eyni zamanda şahlara, sultanlara həsr olunan şeirlər də çox idi. Amma bu şeirlərin, yəni istər Allaha, istərsə də şahlara yazılan şeirlərin içində hardasa alt qatda qadın gizlədilir. Sovet dövrü məhəbbət lirikası da maraqlıdır. Sevgi şeirinin ortasında birdən-birə vətənpərvərlik duyğuları üzə çıxır. Deyək ki, şeir qadına yazılır, amma ortada mütləq dövlətə, millətə vətənpərvərlik mesajları olmalıdı. Yaxud da şair qadından danışdığı yerdə birdən keçir təbiət təsvirlərinə.  Müasir zamanda da gözəl sevgi şeirləri var. Amma əksəriyyətində bir tendensiya var; sanki sevgi şeiridir, amma sevgi ikinci plandadır. Sapmalar var. Yaxud da çox müasir bir şeirin altında köhnə tarix görəndə şairin səmimiyyətinə inam itir. Ona görə məncə,

Azərbaycan ədəbiyyatında səmimi sevgi  şeiri çox deyil.

Var, amma göründüyü qədər deyil. Bu da müxtəlif dövrlərdə zamanın tələbi ilə bağlı olub. Hansı şeirdə situasiya, hadisə varsa, onu təqdim eləmək, bu mövzuda esse yazmaq daha rahatdı. O şeirlər haqqında yazıram ki, orda sevginin hansısa bir fərqli tərəfi, qeyri-ənənəvi məqamı görünür. Sualına gəldikdə isə, təqdim etdiyim hər şeir düşüncəmdəki sevgi idealının bir cəhətini, tərəfini əks etdirir.

– Layihəndə son olaraq Fikrət Qocanın şeirini təqdim elədin. AYB-də son günlərdə baş verənlər fonunda bu qəsdən atılmış addım idi, yoxsa belə alındı?

– Doğrusu, təxminən bir-iki ay olar ki, Fikrət Qocanın lirikasına aid məqalə yazmağı planlaşdırıram. Və elə bir ay olar ki, özüm Fikrət müəllimdən son kitablarından istədim. Əslində, onun əsərləri ilə tanışam, sadəcə yenidən nəzər salmaq istəyirdim. Məlumdur ki, “Yaş o yaş deyil ki” şeirinə mahnı da bəstələnib, o mahnını da, şeiri də çoxdan bəyənirdim... Onu da deyim ki, Fikrət müəllimin bir yox, bir neçə şeiri haqqında yazmağı planlaşdırıram. Onun “Amin” şeiri də mənə çox təsir etmişdi. Seçim qarşısında qalmışdım... “Amin” şeirindən də yaza bilərdim. Çünki orada əslində mənfi kimi qəbul ediləcək qadın obrazının ilahiləşdirilməsini gördüm. Şeirin sonu belə bitir: Səni şeytan yaradıb, şeytana amin dedim”.  Düşünürəm ki,

müəyyən vaxtdan sonra Fikrət Qocanın şeirlərinə yenidən müraciət edəcəyəm, çünki fərqli sevgi lirikasıdır. 

O ki qaldı sualına bir daha deyirəm ki, məhz həmin şeiri seçməyim məqsədli olmayıb, amma bu hadisələrlə üst-üstə düşübsə, görünür bunun özündə də bir məntiq var...

– Bəs sənin özünün həmin məsələlərlə bağlı mövqeyin necədir?

– Hər adamın hansısa quruma aid olub-olmaması, ordan çıxması onun öz işidir. Bunun mənə bir aidiyyatı yoxdur. Bayaq dedim ki, yaradıcı adam puldan nə qədər uzaq olsa, onun xeyrinədir. Məncə, ikinci yerdə bu durur: Beyni məşğul edən, insanın əlini qələmdən soyudan qalmaqallar. Bunlardan da nə qədər uzaq olsam, o qədər yaxşıdır.

– Ümumiyyətlə, intriqalara, qalmaqallara meyilli deyilsən deyəsən...

 – İnsan üç halda intriqalara meyilli olur: bu, onun xarakterindədirsə, ikinci insan bekar olanda, üçüncü halda isə əlindən başqa bir iş gəlməyəndə. Xoşbəxtlikdən bunların hər biri məndən uzaqdır. Yazıçı addım-addım, pillə-pillə, oxumaqla, yazmaqla, çalışmaqla, işləməklə ucalmalıdır. Çünki yalnız o yolla qazanılan nüfuz, şöhrət, oxucu sevgisi  uzunmüddətlidir. Amma qalmaqal unudulan kimi sən də unudulursan və arxivə gedirsən. İndi elə zəmanədir ki, artıq insanları hay-küylə  təəccübləndirmək olmur.

Qalmaqala sərf olunan vaxta heyifim gəlir. Ondansa bir yazı yazmaq qat-qat düzgün olar.

– “Pərvinin həmsöhbəti” layihəsi çərçivəsində ədəbiyyat, elm, sənət adamları ilə xeyli söhbətlərin olub. Bu söhbətlərin faydasını hiss edirsənmi?

– Əlbəttə. Çox. Bu layihə sayəsində xeyli bilgilər əldə eləmişəm. Əvvəla, bütün həmsöhbətlərimin yaradıcılığını, fəaliyyətini hərtərəfli öyrənəndən, onlar haqda geniş məlumat toplayandan sonra bu söhbətləri etmişəm. İkincisi də istər Azərbaycan, istərsə də ölkəmizə qonaq gəlmiş xarici sənət, ədəbiyyat adamları – məsələn, dünyaşöhrətli rejissor Kşiştof Zanussi, latış türkoloq-tərcüməçisi Uldis Berzinş, yazıçı Oljas Süleymenov, rus yazıçı-tarixşünası Valeri-İvanov Taqanskiy, məşhur aktrisa Tembi Mtşali, TÜRKSOY sədri Düsen Kaseinov, türk yazıçı-tərcüməçisi İmdat Avşar və başqaları ilə canlı ünsiyyətdən, söhbətlərdən çox şey öyrənmişəm. Həm də bu müsahibələrin sayəsində sistemli, ardıcıl işləməyə, yazmağa vərdiş etmişəm. Yeni layihələr bu söhbətləri davam etdirməyə imkan vermir. Zamanım çatmır.

– Mən analıq məzuniyyətində olanda “525-ci qəzet” də “Dahilərin qadınları” başlığı altında silsilə esselərin də çap  olunub. Düzdür izləməyə, oxumağa vaxt tapmamışam, amma sualım buna aiddir-sənin fikrincə, dahinin qadını olmaq yaxşıdır, yoxsa dahi qadın olmaq?

–Əslində, çox maraqlı bir məsələyə toxundun və qəribədir ki, layihəni izləməsən də, onu hiss eləyə bilmisən. İnşallah, bu yay o layihəni tam işləyib bitirməyi və ilin sonuna kimi kitab şəklində çap etdirməyi düşünürəm. Maraqlıdır ki, mən layihənin adını “Dahilərin qadınları” qoymuşdum,  amma kitabın adını belə fikirləşirəm – “Dahilərin qadınları – dahi qadınlar”. Məncə, dahinin qadını olmaq, özü özlüyündə  dahilikdir. Amma bu, hər adamda individualdır. Oxuduqlarımdan və artıq yazdığım bir neçə essedən nəticə çıxararaq deyə bilərəm ki,

Dahinin qadını olmaq da, dahi qadın olmaq da həm xoşbəxtlikdir, həm bədbəxtlik, həm də məsuliyyət. 

Hər halda bu çox geniş mövzudur. Növbəti yazılarda da bu cür fərqli sevgilərin xoşbəxt, bədbəxt, qorxulu tərəflərini açmağa cəhd edəcəyəm.

– Məhz bu mövzuda layihə aparmaq, esselər yazmaq ideyası necə yaranmışdı ümumiyyətlə?

 – Bakıda, Üns Teatrında rus rejissoru Roman Vityukun quruluşunda “Yesenin və Aysedora” tamaşasına baxandan sonra yarandı. Əvvəlcə Yeseninlə Aysedoranın sevgi hekayəsini yazdım. Sonra düşündüm ki, niyə də davam etdirməyim bu yazıları və silsilə esselər alındı. Bilirsən,

biz diş məcunundan tutmuş, qəbir daşına qədər  hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq.

Ona görə də bu mexanikiləşmiş, robotlaşmış dövrdə sevgini reklam eləmək  yerinə düşür.

– Başqa bu tipli layihələr nəzərdə tutursanmı?

– Planlarımda var. “Yüz gözəl sevgi şeiri” silsiləsinə bənzər, sevgi şeirlərini təqdim elədiyim kimi dünya və Azərbaycan rəssamlıq nümunələrinə aid esselər yazmaq istəyirəm. Hər dəfə bir rəsmə aid öz düşüncələrimi... Məsələn, Salvador Dalinin bir rəsmi və bu rəsmə mənim baxışım. Yaxud digər rəssamların... Dərs deyəndən sonra bu fikrə düşmüşəm. Müasir gəncliyin dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatdan az-çox  xəbəri var, musiqi və rəssamlıq isə sanki çağdaş gənclik üçün tünd, qaranlıq bir meşədir. Bu cür yazılarla

əsas məqsədim gənclərə təsir etməkdir. Əsl sənəti onların anlayacağı dildə, formada təbliğ etməkdir.

– Gənclərdən elə danışırsan,  sanki özün gənc deyilsən... Baxışlarına görə həmyaşıdlarından seçilirsən. Səncə, nə ilə bağlıdır?

– Atamla. Sənətə aid bütün sevgilərimin təməlini atam qoyub. Məncə,  bioloji yaşıma görə gənc olsam da,

ruhən valideynlərimlə yaşıdam.

– Və son sualım: hazırda nə yazırsan, gələcəyə aid hansı planların var?

– Gələcəyə aid planlar, işlər çoxdur. Qarşıdakı aylarda yazıçılıqla yanaşı, elmi işlə də ciddi məşğul olmağı düşünürəm. Doktorantura təhsili aldığım üçün dissertasiyanı bu il bitirməliyəm, inşallah.  Bu aralar  tərcümələrə  də başlamışam. Bir neçə bəyəndiyim əsəri tərcümə etmək istəyirəm. Apardığım layihələr davam edəcək. Amma çox səmimi desəm, beynimdə bir povest var. Maketi qurulub, bir hissəsi yazılıb. “Balerina”nın təhkiyəsinə bənzər, amma bir az da fərqli dildə yazılmalıdır. Əgər alınsa, yay aylarında bütün işləri bir kənara qoyub onunla məşğul olacam.

Sevinc MÜRVƏTQIZI