"Kişi efirdə meymunluq eləməz"

"Kişi efirdə meymunluq eləməz"
1604 dəfə oxunub
  • A-
  • A
  • A+

Səyyad Əlizadə müasir Azərbaycan estradasında və milli musiqisində öz dəsti-xətti ilə seçilən müğənnilərdəndir. Adı yersiz, mənasız qalmaqallardan çox uzaq olan bu ifaçı ilə söhbətimiz də təsadüfi deyil. Yaradıcılığında bir çox yeniliklərə əl atmış Səyyad bəylə onun haqqında gəzən söz-söhbətə aydınlıq gətirmək istəyirdik. Bu istəyimizi bilincə razılıq verdi. Amma ilk sualımız ayrı oldu.

- Səyyad bəy, efirlərdə niyə az-az görünürsünüz?

- Mən elə deməzdim, efirdə yetərincə oluram. “Lider” telekanalında da tez-tez kliplərim gedir. Verilişlərə çox dəvət olunuram, amma düzü, dəvətləri də seçib-sonalayıram.

- Belə çıxır ki, telekanallarda yayımlanan verilişləri bəyənmirsiniz...

- Bir-iki verilişi çıxmaq şərti ilə digərlərini bəyənmirəm. İndi yoldan ötən də veriliş aparır.
 
- Bəyənmədiyiniz verilişlərin adların çəkə bilərsinizmi?

- Əyləncə, şou xarakterli verilişlərin demək olar ki, əksəriyyəti bu kateqoriyaya aiddir. Heç kişi də arvad kimi qeybət eləyər?! Efirdə görürəm ki, “kişilər” arvad kimi qeybət edir. Budurmu Azərbaycan kişisi?! Elə verilişlərə niyə getməliyəm?! Belə verilişlərin aparıcısı kim olur ki?! Nə var, nə var efirdə görünəcək deyə kişi kartof-soğan doğramaz, efirdə meymunluq eləməz. Bir veriliş var idi, adı yadımdan çıxıb. O verilişdən mənə təklif gəlmişdi, mən yemək bişirməli idim, başqaları da bu yeməyi yeyib qiymət verməli idilər. Razı olmadım. Mənə yaraşmaz. 1977-ci ildən peşəkar səhnədəyəm. Mən sənətimlə üzdə olmaq istəyirəm. Sənətdə öz çəkim var.

- Söz-söhbət gəzir ki, bir vaxtlar duet oxuduğunuz, birlikdə albom buraxdığınız Mətanət İsgəndərli ilə küsülüsünüz...

- Yalan söhbətdir, şayiədir. Mətanət xanımla küsülü deyiləm. Səmimi münasibətimiz və onun yaradıcılığına hörmətim var. İlk dəfə onunla 1996-cı ildə Faiq Balabəylinin sözlərinə yazılmış “Ay sevgilim” mahnısını duet oxumuşuq. Yeni il şənliyi verilişində də həmin mahnını oxuduq. Elə bu mahnıdan sonra Faiq kimi bir dostu da qazandım.

- Daha kimin sözlərinə mahnılar oxumusunuz?

- Tağı Sadiqin, Hüseyn Sözlünün və digərlərinin.

- Fəxri adların ləğv olunması barədə söhbətlər gəzir. Bununla bağlı nə deyə bilərsiniz?

- İndi fəxri adları şəxsi münasibətlər müstəvisində verirlər. Üç-dörd il efirlərdə görünənlərə fəxri adlar verirlər. Halbuki sənətkar sənətinə, səhnə mədəniyyətinə və davranışına baxıb dəyərləndirilməlidir.

- Belə çıxmırmı ki, gənclərə olan bu diqqət sizin ürəyinizcə deyil?
 
- Əsla. Layiq olanlara verilən, göstərilən hər bir diqqət ürəyimcədir və bu, məni sevindirir. Amma bu sahədə anlaşılmazlıqlar həqiqətən çoxdur. Görürsən ki, sənətdə, səhnədə hələ bərkiməyib-bişməyənlər hansısa musiqi yarışmasında, hansısa layihədə jüri qismində oturublar. Soruşan da yoxdur, balam, axı sən özün bu sənətdə neyləmisən ki, indi kimsə də dərs verəsən, öyrədəsən. Onların jüridə təmsil olunması mənə bir az gülməli gəlir. O biri tərəfdən də bunu veriliş, layihə rəhbərləri düşünməlidir. Baxmalıdırlar kimi dəvət etsinlər, kimi çağırsınlar.

- Bəlkə bir neçəsinin adını çəkəsiniz...

- Görünən dağa nə bələdçi?! Belələrini hər birimiz görürük. Ad çəkməyi sevmirəm. Bəzən elə olur ki, həmin müğənni-jürilərlə bir səhnəni bölüşməli oluruq. Onlar reklam olunmağın, telekanalların efirində görünməyin sevincini yaşamağı üstün tutacaqlar. Onları həmin verilişlərdə “başbilən” yerində oturdanlardır qınağımız.

- Toylara neçəyə gedirsiniz?

- Mən özümü qiymətləndirmirəm, məni başqaları qiymətləndirir. Elə olub ki, buradan Masallıya toya gedib oxumuşam, amma bir qəpik də almamışam. Bu yaxınlarda Bakıda toyda idim, 14 nəfərlik heyətlə birlikdə. Toy sahibi dedi ki, qiymət de. Mən də 5 min manat dedim. Dedi bahadır. Qayıtdım ki, amma biri gəlir, 20 dəqiqəlik disk qoyur, boğazını, səsini yormadan 5 min manatını alıb gedir. Bundan sonra toy sahibi məndən üzr istədi. El şənliyində, toyda-büsatda fonoqramla oxuyan müğənni kəsib atdığım dırnağıma da dəyməz.

- Mətbuatda belə xəbərlər dolaşırdı ki, guya siz metroya aid mahnı yazdırmaq və oxumaq üçün Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovdan 50 min manat istəmisiniz. Bu söhbətlər nə dərəcədə doğrudur?
 
- Nə? Allaha and olsun ki, yalandır. Mən bu iş üçün Tağı müəllimdən heç qara qəpik də almamışam. Mən özüm də qabaqlar metro işçisi olmuşam. Elə ona görə də metronun 45 illiyinə görə o mahnım yazılıb. Mən Tağı müəllimlə 30 ildir dostam. Birlikdə metroda neçə illər bir yerdə işləmişik. Tağı müəllim kənardan nə qədər sərt görünsə də əslində çox kövrək adamdır. Bu da onun şair olmasından irəli gəlir. Duyğusal insandır. Dostlarımdan heç vaxt təmənna ummamışam.

- Sizinlə qalmaqala girən “Sancaq" prodakşn şirkətinin rəhbəri Mehman Hüseynovu məhkəməyə verdinizmi?

- Əvvəlcə elə bir fikrim oldu, məhkəməyə vermək üçün bütün sənədləri topladım. Amma sonradan bu fikirdən daşındım.

- Niyə?

- Humanistlik etdim. Həm də o istədi ki, oyun çıxararaq mənimlə qalmaqal yaşansın, mənim adımla və mahnımla məşhurlaşsın. Bir də beləsi ilə heç bir məsələyə bu müstəvidə aydınlıq gətirmək istəmədim. Hələ sən bir onun vid-fasonuna bax. Kişi də qaşını alarmı, qaşına çapıq atdırarmı?! Ədaları isə yerə-göyə sığmır...

virtualaz.org