"Atamın mirası mənə qalacaq"

"Atamın mirası mənə qalacaq"
1832 dəfə oxunub
  • A-
  • A
  • A+

“Düz bir ay öncə Fransada vəfat etmiş Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov bu gün Fransa vaxtı ilə 15:45 radələrində Parisdəki Passi qəbiristanlığında dəfn ediləcək”.
 
Axşam.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında rəssamın qızı Əsmər Nərimanbəyova məlumat verib. O bildirib ki, dəfn mərasiminə Bakıdan bəzi rəsmilər də qatılacaq:

“Kimlərin gələcəyini dəqiq bilmirəm. Amma bilirəm ki, Mədəniyyət və Turizm Nazirliyindən, rəssam Sakit Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, habelə Azərbaycanın Fransadakı səfirliyindən nümayəndələr gəlməlidir. Fransız rəssamlar da dəfn mərasiminə qatılacaqlar”.

Toğrul Nərimanbəyovun dəfnindən sonra onun miras məsələsinə də baxılacağını deyən Əsmər Nərimanbəyovanın sözlərinə görə, məhkəmədən sonra atasının mirasının bir hissəsi ona, yəni övladına qalmalıdır.

“Atam Fransada kirayədə qalırdı. Ona görə də Parisdə heç bir mülkü yoxdur. Amma onun işləri, bütün tabloları buradadır. Məhkəmədən sonra onun mirasının yarısı, ya da 25 faizi%-i mənə qalmalıdır. İstəyirəm ki, həmin tablolar Azərbaycanda da nümayiş olunsun, sərgi təşkil edilsin. İstəməzdim ki, onun əsərlərinin hamısı Fransada qalsın. Bilirəm ki, dəfndən sonra onun həyat yoldaşı Sevil xanım həmin əsərləri satacaq, heç bilməyəcəyik ki, onlarla kim nə edəcək. Həmin əsərlərin yarısının Bakıya gətirilməsini istəyirəm”.

Rəssamın Bakıdakı emalatxanasının isə muzey kimi fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcəyini deyən Əsmər Nərimanbəyova bununla bağlı nazir Əbülfəs Qarayevlə danışacağını söyləyib.

“Hələ ki, Bakıda deyiləm. Ona görə də bu suala cavab verməyə çətinlik çəkirəm. Lap həmin emalatxanada rəsm məktəbi də olmasına da razıyam. Mən bilirəm ki, atamın arzusu idi ki, balaca da olsa emalatxanası olsun, tələbələr gəlsin ora. Amma son vaxtlar həyat yoldaşı heç kəsi evinə buraxmırdı. Təkcə alıcılar gələ bilərdi. Kim ki, tablo almaq istəyirdi, onları içəri buraxırdı. Amma gənclərin ora gəlməyi,  onun əsərlərinə baxmağı mümkün deyildi. Mənim üçün əsas onun əsərlərindən gənclərin yararlanmağıdır”, – deyə Əsmər Nərimanbəyova bildirib.