“Azərbaycana gəlib əyyaş oldum” - Rüstəm Cəbrayılov

“Azərbaycana gəlib əyyaş oldum” -  Rüstəm Cəbrayılov
10321 dəfə oxunub
  • A-
  • A
  • A+

“Best model of Azerbaijan” və "Best model of world" müsabiqələrinin qalibi, model Rüstəm Cəbrayılovun Axşam.az-a müsahibəsi:

- Modelliyə həsr etdiyiniz illərin sayı kifayət qədər çoxdur. İndi isə modelliklə vidalaşıb aktyorluq etmək qərarına gəlmisiniz. Buna səbəb nədir?

- Amerikadan qayıdandan sonra depressiyaya düşdüm. Artıq 7 aydır ki, Azərbaycandayam. Ancaq cəmi iki aydır ki, özümə gəlmişəm.

- Niyə?

- Bura gələn kimi depressiyaya düşdüm. Azərbaycanda modellik sahəsinin inkişaf etməsi üçün ən az 10 il lazımdır. Ona görə də özümü bu sahədə görmürəm. Aktyorluq sahəsində inkişaf olduğu üçün özümü burada sınamaq qərarına gəldim. Ancaq artıq 29 yaşım var, məndə qocalma prosesi gedir. Təbii ki, söhbət xarici görünüşdən getmir. Xarici görünüşüm bundan sonra hələ 5-6 il də model kimi fəaliyyət göstərməyə imkan verər. Aktyorluğa başlamaq üçün isə ciddi hazırlaşmaq və təhsil almaq lazımdır. 3-4 ay özümü aktyor kimi  sınayacağam. Görsəm ki, 30-40 faiz özümü doğrulda bilirəm, bu sənətin ardınca gedəcəyəm. Planım budur ki, aktyor kimi çalışım, ancaq model olaraq alacağım təklifləri də dəyərləndirməyi düşünürəm.

- Depressiyanı necə keçirirdiniz?

- Çox içirdim. Demək olar ki, əyyaş idim.

- Niyə bu qədər içirdiniz?

- Çoxu soruşurdu bunu. Təsəvvür edin, ən inkişaf etmiş ölkələrdən birində yaşamışdım. Dünyanın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkdan gəlmişdim. Bilirsiniz ki, bu şəhər dünyanın paytaxtıdır. Nəinki başqa şəhərlərdən, hətta ölkələrdən 100 il öndədir. Təsəvvür edin, Azərbaycana gəlməklə 100 il geri qayıtmışam. Bunu düşündükcə daha da gərginləşir, stresim artırdı. Amma problemim bununla da bitmirdi. Sadaladiğim və sadalamadığım bu problemlərdən çıxış yolunu içkidə tapırdım.

- Bəs necə oldu ki, özünüzü ələ aldınız?

- Öz-özünə keçdi. Bəlkə də problem özü keçicidir, revmatizm kimi. Bir də gördünüz ki, geri qayıtdı.

- Azərbaycanda sizin üçün bu qədər çətindirsə, niyə buradasınız?

- İnşallah, qismət olsa, özümü yaxın günlərdə Türkiyədə görmək istəyirəm. Azərbaycanda mənə çətindir. Ən azından Avropa, Amerika səviyyəsinə uyğun bir ölkə istəyirəm. 6 il peşəkarlarla, dünyanın ən məşhur insanları, 1 nömrəli fotoqraflarla işləmişəm. Hansı ki, həmin fotoqraflar Bred Pitt, Ancelina Coli kimi insanlarla çalışır. Mən zirvədə olmuşam. İndi isə gəlib 100-200 manata şəkil çəkən fotoqrafın qarşısında dayanmaq çətindir. Düşünürəm ki, Türkiyədə o peşəkarlıq var.

- Sizi depressiyaya salan amillərin yalnız bu olmadığını dediniz. Başqa nə var?

- Şəxsi məsələlərim də var. Bunu nə xatırlamaq, nə də bu haqda danışmaq istəyirəm. Unutmağa çalışıram.

- Həyat yoldaşınız...

- (Sözümü kəsərək) Xahiş edirəm, bu haqda məndən soruşmayın.

- Yaxşı, elə isə bu mərhələni bitmiş hesab etmək olar?

- 50 faizi bitib, 50 faizi qalıb. Həmin 50 faizin bitməsini gözləyirəm. Güclü insanam. İstənilən prosesdən çıxmaq olar.  Bunun üçün ən yaxşı kömək zamandır. Çünki zaman hər şeyi yoluna qoyur. Bu məsələdə heç kəs kömək olmaq istəmir və ya kömək ola bilmir. Şükür Allaha, indi hər şey yaxşıdır.

- Türkiyəyə aktyorluq təhsili almağa gedəcəyinizi bildirmişdiniz...

- Bilirsiniz necədir, fikrim vardı. Amma Azərbaycanda filmə çəkilmək üçün təklif aldım. Hətta qonorarımı belə ödəmişdilər. Amma filmin dünya şöhrətli qrim ustası infarkt keçirdi. Bu hadisəyə görə filmin çəkilişləri gecikdi. Həmin filmdə çəkilməyim üçün müəllimlər də tutulmuşdu. Bu iş alınmadı. İnşallah, qismət olsa, istəyimi reallaşdıracağam.

- Müğənni Roza Zərgərlinin klipində aktyor kimi rol almısınız. Klipdəki rolunuzu bəyəndiniz?

- Mənə elə gəlir 25 faiz özümü göstərə bilmişəm.

- Demək, özünüzü tam göstərə bilməmisiniz. Bəs nə mane oldu?

- Bu ilk işim idi. Mən bu günə qədər heç bir klipdə rol almamışam. Klipdə obraz yaratmaq asan iş deyil. 15-20 saniyəyə hansısa rolun öhdəsindən tam gəlməlisən. Çalışıram ki, klipdə qışqırığım, sevgim  normal qarşılansın. Təcrübədən də çox şey asılıdır. İlk 3-4 işdən böyük nəticə gözləmək reallıqdan uzaq olar. 4-5 aydan sonra bilinəcək ki, mənlikdir, ya yox. Amma aktyorluq üçün istəyimə var. Klipdə Roza xanımla çəkilmək asan idi. Çünki o, peşəkar rejissordur, güclü aktyorluq qabiliyyəti var. Həmçinin təcrübəlidir.

- Sizi “ən yaraşıqlı kişi” adlandırırlar. Bu fikirlə razısınız?

- Özümü tərifləməyi sevmirəm. Kim məni belə görürsə, şəxsi işidir. Yeganə azərbaycanlıyam ki, 90 ölkənin içində birinci olmuşam, yeganə azərbaycanlıyam ki, iki dəfə "Best model of Azerbaijan" olmuşam, yeganə azərbaycanlıyam ki, Nyu-Yorkda podiuma çıxmışam, İtaliyada dəb həftələrində iştirak etmişəm, Fransada işləmişəm. Amma bir məqama toxunmaq istəyirəm. Məsələn, hansısa saytlarda məni Azərbaycanın ən yaraşıqlı oğlanı kimi təqdim edirlər. Oxucular anlamırlar ki, mən özümü belə adlandırmıram. Amma bu başlığa görə məni təhqir edirlər.