Elçinin “Şekspir”i Nyu-Yorkda

Elçinin “Şekspir”i Nyu-Yorkda
358 dəfə oxunub
  • A-
  • A
  • A+
Nyu-Yorkun dünyaşöhrətli brodvey teatr məhəlləsində yerləşən Mint teatrında məşhur Azərbaycan yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya göstərilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.

Axşam.az xəbər verir ki, tamaşanın bədii rəhbəri Enni Uard AzəTac-a müsahibəsində “Şekspir” əsərinin Nyu-Yorkda tamaşaya qoyulması imkanına görə “The Complete Theatre Company” adından Elçin Əfəndiyevə minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada çıxış edən 8 aktyorun hamısı öz rollarının öhdəsindən gəlib.

Enni Uard deyib:

“Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı üçün uyğunlaşdırmaq məqsədilə ona yaradıcılıq baxımından müəyyən dəyişikliklər etdik və yumoru “amerikanlaşdırdıq”. Tamaşada hadisələr sürətlə cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor, sanki indicə marafon yürüşü qaçmış kimi, sözün yaxşı mənasında əldən düşürlər. Hərəkətlər çox enerjilidir. Biz “Şekspir” əsərinin əvvəlki adını dəyişdirərək, tamaşanı “Şekspir kosmosda” adlandırdıq. Tezliklə “Ulduz müharibələri” adlı növbəti film ekranlara çıxacaq, hazırda kinoteatrlarda “Marslı” filmi nümayiş etdirilir, “Qravitasiya” isə nisbətən yaxın vaxtlarda ekranlara çıxıb. Buna görə biz, tamaşanın adını dəyişməklə, onu kosmos haqqında göstərilən filmlər məcrasına daxil etməyə çalışmışıq”.

Sonra Enni Uard, bir növ sürpriz kimi, bildirib ki, məhz bu tamaşa onun həyatında radikal dəyişikliklərə səbəb olub:
 
“Tamaşa üçün kastinq zamanı məlum oldu ki, baş həkim roluna birinci seçimim olan aktyor başqa bir işdə çox məşğul olduğuna görə bu rolu ifa edə bilməyəcək. Mənim üstünlük verdiyim ikinci aktyor da başqa bir tamaşanın aktyor heyətində məşğul olduğuna görə bu rolu ifa edə bilmədi. Bu rolu oynamaq istəyən üçüncü aktyor, mənim fikrimcə, o qədər də yaxşı namizəd deyildi. Amma o, kastinqdə iştirak etməyi xahiş etdi, kastinqdə seçildi və ən yaxşı aktyorlardan biri oldu. Və bütün bunlar, sonda, bizim nişanlanmağımızla nəticələndi”!

Nyu-Yorkun teatr cəmiyyətində məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə göstərilib.

Elçin Əfəndiyev Azərbaycan incəsənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib. “Şekspir” onun başqa ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın teatrlarında tamaşaya qoyulmuş pyeslərindən biridir.