"Altı ildir çörək yemirəm" - ATV-nin aparıcısı

"Altı ildir çörək yemirəm" - ATV-nin aparıcısı
8567 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin xəbər aparıcısı Samirə Mustafayevanın müsahibəsi

"Efir elə bir şeydir ki, orada hər an hər şey baş verə bilər"

- Necə oldu ki, televiziyaya gəldiniz?

- Mən televiziyaya gələndə bu sahə çox əlçatmaz idi. İnsanlara elə gəlirdi ki, oraya gəlmək üçün çox mərhələlər keçmək lazımdır. Təbii ki, televiziyaya gəlmək geniş mərhələləri aşmağı tələb edir. O vaxtlar insanlar televiziyanın harada yerləşdiyini bilmirdilər. Lakin mən bütün çətinliklərə rəğmən maneələri aşdım və məqsədimə nail oldum. Mən bu addımı atanda düşünürdüm ki, nə yolla olur-olsun, ailə üzvlərimi razı sala biləcəm. Və belə də oldu. Artıq 10 ildir ki, televiziyada işləyirəm.

- Adətən gənc xanımlar əyləncə xarakterli verilişlərə daha meyilli olurlar, sizin xəbər aparıcılığını seçməyinizə səbəb nə idi?

- Əslində, mən seçmədim, həmin vaxt bu sahəyə ehtiyac var idi. Mən də bu standartlara cavab verdiyim üçün məni bu sahəyə təyin etdilər. Bəzilərinə xəbər aparıcılığı asan bir iş kimi gəlir, əslində isə belə deyil. Bu cür düşünən insanlar bizim xəbəri suflyordan oxuduğumuza qədər xəbərdardırlar. Çətinlikləri barədə bilmədikləri üçün bu cür düşünürlər. Əslində, şou verilişlər mənə daha asan gəlir. Çünki xəbər elə bir anlayışdır ki, burada məsələ təkcə oxumaq deyil. Aparıcı oxuduğu xəbəri yaşamalıdır. Əgər aparıcı oxuduğu xəbərin hər vəziyyətini yaşamırsa, onu aparıcı adlandırmaq olmaz. O sadəcə oxucudur. O, xəbəri sadəcə oxuyur. Efir elə bir şeydir ki, orada hər an hər şey baş verə bilər. Məsələn, canlı yayımda suflyor sönə bilər. Əgər aparıcı bu vəziyyətdən çıxa bilirsə, onu əsl aparıcı adlandırmaq olar. Xəbər aparıcılığı ilə başladığıma görə heç vaxt peşman deyiləm. Çünki mən televiziyanın ən ali, ən yüksək pilləsindəyəm. Buradan nisbətən aşağı enmək olar, amma sıfırdan birbaşa buraya qalxmaq çətindir.

"İkimizi müqayisə etsək, mən daha çox tanınıram"

- Ailəli qadın, həm də bir ana üçün aparıcı olmağın çətinlikləri nədən ibarətdir?

- Təbii ki, hər sahənin çətinlikləri var. İlk vaxtlar elə düşünürdüm ki, hər şey yaxşıdır və mən övladıma kifayət qədər vaxt ayıra bilirəm. Lakin sonra gördüm ki, belə deyil. Məsələn, mən bir valideyn olaraq borcluyam ki, onu bağçaya aparım-gətirim. Lakin ən yaxşı halda mən onu apara bilərəm, artıq gətirməyə vaxt çatdırmaq çətindir. Bunun üçün mütləq köməkçiyə ehtiyac olur. Jurnalistika elə bir sahədir ki, orada vaxt məhdudiyyəti yoxdur. Burada iş bitməyə də bilər. Mən xatırlayıram ki, parlament seçkiləri ili idi və biz həmin gün səhər saat 5-ə qədər işləməli olduq. Çünki daim məlumatlar yenilənirdi və biz tez-tez yeni məlumatları tamaşaçılara çatdırmalı olurduq. Bütün işlər belədir, hər işin öz çətinlikləri var.

- Həyat yoldaşınız və siz - hər ikiniz televiziya işçilərisiniz. Daha çox hansınız tanınırsınız?

- Hər zaman qadın irəlidə olub. Çünki kişilər fizioloji olaraq dəyişmirlər. Lakin qadınlar nəinki fizioloji, həm də özlərinə baxım sayəsində tez-tez imiclərini dəyişirlər. Mən düşünürəm ki, ikimizi müqayisə etsək, mən daha çox tanınıram.

"Onun gözlərindən dayanmadan yaş gəlsə də, mənim daş qəlbim soyumur"

-  Hər iki valideyninin efir adamı olması övladınızda narahatlıqlar yaratmır ki?

-  Məncə, bu onda heç bir narahatlıq yarada bilməz. Çünki o öz yaşıdları ilə müqayisədə daha aktiv həyat yaşayır. O, hələ az yaşlarından kameraya alışıb. Hələ yadımdadır ki, mən bir dəfə tədbirdə çıxış edəndə o da mənimlə eyni səhnəni paylaşmışdı. Bəlkə də, onun aktiv həyat yaşaması kifayət qədər məlumatlı olmasına səbəb olub. Məsələn, bəzən elə olur ki, mən işdən gələndə o mənə deyir ki, ana mən bu gün dünyanın ən uzun çayının adını öyrəndim, ən hündür dağının adını bildim və s.

- Övladınızı necə cəzalandırırsınız?

-  Mənim cəza tətbiqim fərqlidir. Mən ona səhvini başa salmaq üçün ondan küsürəm və uzun müddət barışmıram. Mənim ondan küsməyim onun üçün böyük problemdir. Hətta vəziyyət o yerə çatır ki, onun gözlərindən dayanmadan yaş gəlsə də, mənim daş qəlbim soyumur (gülür).

- 6 il çörəkdən imtina etməyiniz sizin üçün problem yaratmayıb ki?

-  Bəli artıq 6 ildir ki, mən çörəkdən tamamən imtina etmişəm. Növündən asılı olmayaraq, istər ağ, istərsə də qara çörək yemirəm. Buna ana olandan sonra başladım. Çünki mən bilirəm ki, əgər mən qidalanmama fikir verməsəm, idmanla məşğul olmasam, məndə sürətli kökəlmə prosesi gedər. Çünki biz genetik olaraq doluyuq. Bizim ailədə kökəlməyə meyillilik çoxdur. Son bir il ərzində çalışıram ki, tədricən şirniyyatı da qida rasionumdan çıxarım. Çünki bu qidaların sağlamlığa heç bir xeyri yoxdur. Sadəcə zərərlidir. Bu 6 il ərzində bir dəfə də olsun çörəyin kənarından, ya bir dilim yemək istədiyimi xatırlamıram. Bərəkətinə qurban olum, amma ən isti, hətta təndirdən çıxan çörək belə məndə ona qarşı iştah yarada bilməz.

"Bakıda gecə saat 12-dən sonra maşın idarə etmək problemə çevrilib"

- Maşın sürməklə aranız necədir?

- Əslində mən maşına meyilli deyiləm. Maşın həvəskarı da deyiləm. Mən sadəcə maşına bu cür yanaşıram - məni aparsın və gətirsin. İnanın ki, maşınım bütünlüklə tozun içindədir. Amma içimdə elə bir istək yoxdur ki, onu aparım yuduzdurum. Əslində, bunu etmək üçün vaxtın olması lazım deyil. İstək olması kifayətdir. Amma mənə bu maraqlı deyil. Mən maşın alarkən əsas ona fikir verirəm ki, onun ilk istifadəçisi özüm olum. Qiymətinin isə heç bir fərqi yoxdur. Mən maşına elə də çox pul vermərəm. Bəlkə də paltara verərəm, amma maşına yox.

-  Qadının maşın sürməyinə necə yanaşırsız?

-  Əslində, qadının maşın sürməyi normaldır. Amma Azərbaycanda bu hələ inkişaf etməyib. Bakıda gecə saat 12-dən sonra maşın idarə etmək problemə çevrilib. Hətta bəzən gecə saatlarında maşın sürməli olduğumda həyat yoldaşım məni arxadan müşayiət edir. Tək gəlməli olduqda isə məcburən qızımı oyadıram ki, sən də pəncərədən bax. Bizdə bəzi sürücülər var ki, maşınların arxasına qədər gəlirlər. Təəssüf olsun ki, bizdə bu düşüncələr hələ inkişaf etməyib.

-  Yol polisləri ilə problem yaşayırsınız?

-  Bizim ev Dövlət Yol Polisi İdarəsinin yanında yerləşdiyindən hər gün oradan keçməli oluram. Maşınımı təzə aldığım vaxtlarda demək olar ki, tez-tez saxlayırdılar. Amma etiraf edirəm ki, aparıcı olmağım mənə köməklik edirdi. Kifayət qədər yaxşı sürücüyəm və qaydalara əməl edirəm. Maşına minən kimi kəməri bağlamağa artıq adət etmişəm. Təkcə öz maşınımda yox, hətta başqasının maşınına minəndə belə bunu edirəm.

- Özəl tədris müəssisələrində jurnalistika dərsi verirsiniz. Bunu maddi sıxıntı ilə əlaqələndirmək olar?

- Əslində, buradan aldığım məvacib mənim heç bir ehtiyacıma yetmir. Düzdür, pula azdır demək düzgün deyil. Amma mən burada müəllimlik etmirəm, sadəcə öyrəndiklərimi onlarla bölüşürəm. Bölüşdükcə mən də onlardan bilgilər əldə edirəm, bildiklərimi təkrar edirəm. Bəlkə də, kimlərsə deyə bilər ki, bu qız özü nə öyrəndi ki, nə öyrədir. Amma mən bu 10 il ərzində kifayət qədər öyrənmişəm. Çünki mən xəbər aparıcılığını ATV kimi məktəbdən keçmişəm. Mənə bu gün olduğum yer kifayət edir.
 
"Onlar mənə “qızım”, “bacım”, “dostum” deyə müraciət edirlər"

- Samirə Mustafayevanı digər aparıcılardan fərqləndirən nədir?

-  Bunu mən deyə bilmərəm. Bu artıq tamaşaçının üzərinə düşür. Tamaşıçılarda mənə qarşı doğmalıq məni sevindirir. Onlar mənə “qızım”, “bacım”, “dostum” deyə müraciət edirlər. Bir dəfə tamaşaçılarımdan biri mənə dedi ki, biz atama deyirik ki, filan bölgədə zəlzələ baş verib, o inanmır. Amma sən xəbərlərdə deyəndən sonra inanır və təəccüblənir. Bu, artıq mənim uğurumdur. Mənə bundan artıq heç nə lazım deyil.

- “Trend Life”ın 2011-ci ildə apardığı araşdırmada 11 gözəl teleaparıcının adı müəyyən edilmişdi. Bu siyahıda adınızın olmamasını nə ilə əlaqələndirirsiz?

- Mən gözəl deyiləm ki. Bilirsiniz, hər kəs öz güzgüsündə gözəl ola bilər, amma bu, cəmiyyətdə belə qarşılanmaya da bilər. Mən öz güzgümdə özümə gözələm. Hər kəs gözləri ilə fərqli baxır. Mən hər şeyimlə özümə kifayət edirəm.

-  Özünüzə hansı aparıcını rəqib bilirsiniz?

-  Mən heç vaxt, heç bir sahədə özümə rəqib bilməmişəm. Mənim həyat reseptim belədir. Qarşımdakı insan məndən yaxşı ola bilər, pis ola bilər. Amma eynən mən ola bilməz. Bu cür düşünməyi hər kəsə məsləhət görürəm. Çünki onda insanın özünə ayırmağa zamanı qalır.
 
"Bu gün bizdə normal tənqid yoxdur, hər kəs təhqir etməyi seçir"

- Son zamanlar efir dilinin normalarına qarşı müzakirələr genişlənib. Sizcə, sizin nitqinizdə problem var?

- Mən gəncəm. Səhvlərim ola bilər. Vaxt var idi, mən özümlə bağlı forumlarda, səhifələrdə yazılan yazıları oxuyub, ağlayırdım ki, işdə heç kim görməsin. Təəssüf ki, bu gün bizdə normal tənqid yoxdur, hər kəs təhqir etməyi seçir. Əgər mənim nitqimdə hər hansı problem varsa, qüsurları bildirsinlər. Mən səhvlərimi düzəltməyə hazıram. Mən efirdə əl-qolla, mimikalarla danışanda bunu mənə irad tuturdular. Amma şükürlər olsun ki, indi efir məkanına yeni dalğa gəldi. İndi əksər aparıcılar bundan istifadə edirlər.

- Hazırda məzuniyyətdəsiniz. Sizcə, sizin boşluğunuz hiss olunur?

- Boşluq, əlbəttə, hiss olunur. Mən hələ balaca olanda eşitmişdim ki, efir məkanı qədər vəfasız, etibarsız sahə yoxdur. Çünki bura elə bir yerdir ki, uzaqlaşdınsa, unudulacaqsan. Varsansa, yaddasan. Ola bilsin ki, mən on ildən sonra televiziyadan uzaqlaşım. Amma qayıdar-qayıtmaz məni görən tanıyacaq.

azxeber.com