Xalq rəssamının yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Xalq rəssamının yubileyinə həsr olunmuş sərgi keçiriləcək
387 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr edilmiş sərgi açılıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib. Sərgidə rəssamın “Sevimli naxışlar”, “Bakı bayram günlərində”, “Sakit səma”, “Dağlı qadın”, “Dostluq körpüsü”, “İnsanlar və dağlar”, “Xalq musiqiçiləri” də daxil olmaqla, 50-yə yaxın əsəri nümayiş etdirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli fırça ustasının həyat və yaradıcılığından söz açıb.

Azərbaycan rəssamlıq sənətinin inkişafında sənətkarın müstəsna xidmətlərinə toxunan nazir müavini, onun yaradıcılığının əsrlər boyu unudulmayacağını diqqətə çatdırıb. Bildirilib ki, rəssamın əsərləri bir çox xarici ölkələrin sərgi salonlarında uğurla nümayiş etdirilib və incəsənət həvəskarları tərəfindən rəğbətlə qarşılanıb. Çoxillik yaradıcılıq təcrübəsini gənc rəssamlara ötürən Nadir Əbdürrəhmanov milli rəssamlıq məktəbinin inkişafına öz töhfəsini verib. Xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov çıxış edərək rəssam haqında xatirələrini bölüşüblər.
 
Vurğulanıb ki, Nadir Əbdürrəhmanov bütün mənalı ömrü boyu yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Onun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Yeniyetmə yaşlarından rəssam rəsm sənətinə maraq göstərib, orta məktəbi bitirdikdən sonra isə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olub. 1941-1944-cü illərdə burada təhsil alan N.Əbdürrəhmanov 1947-1953-cü illərdə Repin adına Leninqrad (indiki Sankt-Peterburq) rəssamlıq, heykəltəraşlıq və memarlıq institutunda təhsilini davam etdirib. Dərin realistik obrazları, daha çox plastik təsvirləri ərsəyə gətirən sənətkar yaradıcılığının ilkin mərhələlərində iriformatlı süjet-tematik rəsm əsərləri yaradır. Nadir Əbdürrəhmanov 2008-ci il iyulun 26-da vəfat edib.