Saleh Bağırov: "Bu, mənim növbəti uğurumdur"

Saleh Bağırov: "Bu, mənim növbəti uğurumdur"
5043 dəfə oxunub
  • A-
  • A
  • A+

Yenicə Türkiyədən vətənə qayıdan İctimai Televiziyanın məşhur aparıcısı Saleh Bağırov “TRT Avaz”dakı fəaliyyəti haqda Axşam.az-a danışdı

- “TRT Avaz”da təcrübədə olduğunuz müddətdə hansı bilgilərə yiyələndiniz?

- Türkiyədəki 3 aylıq təcrübəmi televiziya fəaliyyətimdə ən uğurlu mərhələlərdən biri hesab edirəm. Xarici ölkədə yaşamaq, çalışmaq həm həyat, həm də uğurlu iş təcrübəsi deməkdi. Bu mənada “TRT Avaz”da olduğum müddətdə peşəkarlığımı bir qədər də artırdım.

- Kanaldakı  əsas fəaliyyətiniz nədən ibarət idi?

- ”TRT Avaz” dakı fəaliyyətim mənim üçün maraqlı anlarla yadda qalıb. Hər gün Bakı vaxtı ilə saat 19:30-da Azərbaycan türkcəsində xəbərləri təqdim edirdim. Bundan əlavə kanalın bir sıra muxtəlif layihələrinin, həmçinin  “TRT Avaz”ın builki yeni il proqramının aparıcısı olmuşam. Bu, çox böyük bir proqram idi. Bir sıra  televiziya ve radio proqramlarına dəvət almışdım. Mən daha çox veriliş aparıcısı kimi tanınıram. Xəbər aparıcısı kimi də tamaşaçıların rəğbətini qazanmağım sevindirici idi. Lakin etiraf etməliyəm ki, proqram aparıcısı olaraq çalışmaq mənə daha çox zövq verir.

- İki ölkənin telekanalları arasında əsas fərqləri nədə görürsünüz?

- Elə də böyük fərq nəzərə çarpmır. Bizim telekanalların da Türkiyə üçün örnək olacaq məqamları var. 

- Qardaş ölkədə özünüzü necə hiss edirdiniz?

- Türkiyədə mənə çox isti, mehriban münasibət göstərildi. İllərdir “TRT Avaz”la ortaq yayım təqdim etdiyimiz üçün kanalın heyəti məni yaxşı tanıyır. Hamıyla səmimi münasibətim var idi. Sanki uzun müddətdir ki, bir yerdə işləyirdik. Ən xırda istəyimə böyük hörmətlə yanaşan “TRT” kollektivinə buna görə çox sağol demək istəyirəm. Türkiyədə olduğum müddətdə “İTV”dəki kollektivimiz, tamaşaçılar və kanalımızın rəhbəri olan İsmayıl Ömərov üçün darıxmışdım. Mənə göstərdiyi hər cür köməkliyə görə ona minnətdaram.

- Kanalda aparıcılar üçün yaradılan şərait sizi razı saldımı?

- Aparıcılara özünü göstərmək və sübut etmək üçün  sərbəstlik verilir. İşimin öhdəsindən yüksək səviyyədə gələ bilməyimi türklərin dilindən eşitmək mənə böyük stimul verdi. Mən də bunu istəyirdim. Çünki rəhbərliyimin etimadını doğrultmaq lazım idi. Bu, mənim növbəti uğurumdur.


Nigar MƏHƏRRƏM