"Modellərimiz gözəl olsalar da, bəstəboydurlar" - müsahibə

"Modellərimiz gözəl olsalar da, bəstəboydurlar" - müsahibə
2311 dəfə oxunub
  • A-
  • A
  • A+
"DeLorian" model agentliyinin icraçı direktoru Əli Zeynallının model.axşam.az-a müsahibəsi

- Əli müəllim, hazırda Azərbaycanda model biznesində durum necədir?

- Azərbaycan model seqmentində demək olar ki, ilk addımlarını atır. Bu sahədə çalışan şəxslər müəyyən tədbirlər, “fashion weeks”, moda gecələri, dəfilələr keçirərək dünya model biznesində Azərbaycanın da varlığını sübut etməyə çalışırlar. Bizdə, xüsusən, digər ölkələrin model biznesindən fərqli olaraq, modellərin görünüşündə Qərblə Şərqin sanki bir sintezi cəmlənib. Və bu amil modellərimizə marağı daha da artırır, ölkəmizin bu sahədəki inkişafına şərait yaradır.

- Rəhbərlik etdiyiniz agentliyin modelləri əsasən hansi tip tədbirlərdə iştirak edirlər? Yəni daha çox hansı istiqamətdə çalışırsınız?

- Modellərimiz, əsasən, foto və video çəkilişlərdə, təqdimat, açılış mərasimlərində, dövlət tərəfindən dəstəklənən sərgilər və tədbirlərdə, xaricdən gələn qonaqların qarşılanmasında, İdman və Turizm Nazirliyinin keçirdiyi tədbirlərdə, eyni zamanda, "fashion" və dəfilələrdə iştirak edirlər. Amma istərdik ki, sponsorlar bu sahəyə daha da maraq göstərib bir çox moda tədbirlərinin hazırlanmasında bizə dəstək olsunlar ki, Azərbaycan model aləmində daha da iri addımlarla irəliləsin. Təəssüflər olsun ki, hələlik bu kimi tədbirlərdə sponsorların iştirakı görünmür. Biz isə tövsiyə edərdik ki, sponsorlar bu sahədə bizə yardımçı olsunlar.

- Azərbaycanda model biznesinin zəif inkişafının səbəbi nələrdir?

- İlk öncə, mentaliteti qeyd edərdim. Bu Azərbaycanda model sahəsinin inkişafına çox böyük mənfi təsir göstərir. Bizim agentlik hər zaman bütün tədbirlərdə həm xanım modellərə, həm də bəylərə təhlükəsizliyi tam təmin etməyə çalışır. Valideynlər və cəmiyyətin bu sahəyə mənfi rəyi gənclərdə modelliyə olan xüsusi həvəs və istəkləri puç edir. Və bu da model biznesinin inkişafını zəiflədir. Burdan səslənirəm ki, heç bir narahatçılığa səbəb yoxdur, gənclərimiz tənqidlərə baxmayaraq, sənətə olan istəklərini çəkinmədən bizim kimi agentliklərə müraciət etməklə həyata keçirsinlər. Daha bir mənfi təsiredici amil isə yuxarıda qeyd etdiyim kimi, sponsorların qeyri-müəyyən səbəblərdən model biznesində aktiv iştirak etməmələridir. Milli Dəb TV-nin yaradılması və onun peyk və internet vasitəsilə dünyaya yayınlanması, Azərbaycanın Dünya model seqmentindəki inkişafı üçün çox güclü təkan verə bilərdi. Fikrimcə, inkişafa təsir edən amillərdən biri də, Azərbaycanda modelyerlərin geyim kolleksiyalarının yetərincə olmamasıdır. Gənc modelyerlərin inkişafı, özlərinin geyim kolleksiyalarının hazırlanması, ölkə hüdudlarından kənarda təqdim etmələri, Azərbaycanın model bazarına olan marağı daha da artırar və eyni zamanda, tədbirlərin sayı çoxalar.

- Modellərimiz ölkə hüdudlarından kənara niyə çıxa bilmirlər? Bunun əsas səbəbləri nələrdir?

- Ən əsas amil bizim modellərin dünyada təsdiqlənən vücud parametrlərinə uyğun olmamalarıdı. Əksər xanımlarımız gözəl olsalar da, bəstəboydurlar. Bu da, modellərin karyera baxımından önəmli olan Qərbə inteqrasiyanın qarşısını kəsir. Eyni zamanda, bu sahədə işləyən modellər, gəlirləri zəif olduğu üçün, bu sənətlə peşəkar və aktiv səviyyədə məşğul olmağa maraq göstərmirlər.

- Bu il üçün şirkətinizin planları nədən ibarətdir?

- Məqsədimiz dünya səviyyəsində brend olmaq və Azərbaycanı model sahəsində yetərincə uğurlu təmsil etmək, modellərin Qərbə inteqrasiyasında yardımçı olmaq və xarici agentliklərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdır.