Opera və Balet Teatrında ilin ilk premyerası

Opera və Balet Teatrında ilin ilk premyerası
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera tamaşası – görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin “Françeska da Rimini” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, “Françeska da Rimini” bəstəkarın eyni adlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulacaq. Baletin süjet xəttini Dantenin məşhur “İlahi komediya”sı adlı poeması təşkil edir.

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq Artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Səhnə əsərində əsas partiyaları əməkdar artist Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri - Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.

Qeyd edək ki, musiqi əsəri ilk dəfə 1877-ci il fevralın 25-də dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 1878-ci il martın 11-də isə Peterburqda ifa olunaraq böyük uğur qazanıb . “Françeska da Rimini” baletində ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.