"Heç balamı da qucağımda bu nağara qədər tutmamışam” - Natiq Şirinov

"Heç balamı da qucağımda bu nağara qədər tutmamışam” - Natiq Şirinov
3806 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan musiqiçisi, bəstəkarı, “Natiq” ritm  qrupunun rəhbəri, əməkdar artist, mahir zərb alətləri ifaçısı Natiq Şirinovun barmaqlarında problem yaranıb. Buna baxmayaraq bu istilərdə də bir gün ara vermədən fasiləsiz məşq edir. Onu Tağıyev adına mədəniyyət evində də elə məşq zamanı “yaxaladıq”.

- Natiq bəy, ritm sizdən əvvəl olub və olacaq da. Amma sənət kimi onu siz populyarlaşdırdınız, tanıtdınız. Bu, çətin oldu?

- Tofiq İsmayılov adına musiqi məktəbində ustadım Azər Əliyevdən dərs almışam. Allah ona qəni-qəni rəhmət eləsin. Onlar olmasaydı, biz də bu gün olmazdıq. Mən onlardan öyrənmişəm. Amma Allah məni daha çox ucaltdı. Bu, bir başqa məsələdir. Biz onların haqqını qaytarmalıyıq. Hər aşığın öz dövranı var. Onların zamanında onlar var olub, indi də biz nəsə etmək istəyirik. Bəzi aşıqlar var ki, onlar təkrar olunmur. Min ildə bir gəlir. Zərb alətlərinə uşaqlıqdan həvəsim var idi. Qazan qapağı, vedrə, nə gəlsa əlimə alıb calırdım. Bir də ki, bir işin ustası olmaq üçün gərək anadan elə doğulasan. Öyrənmək, dərs almaq vasitədir. Kiçik yaşlarımdan "Cücələrim" ansamblı ilə keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrollarda olmuşam. 1993-cü ildən etibarən professional sənətə qədəm qoymuşam və bir çox sənətkarlarla işləmişəm.1999-cu ildə Alim Qasımov tərəfindən birgə işləməyə dəvət aldım. Azərbaycan muğamında ilk dəfə "Üçlük"lə bərabər nağara sənəti üzrə fəaliyyət göstərmişəm. Alim Qasımovu müşayiət etməklə bərabər konsertlərdə solo nömrələrlə çıxış etmişəm. 1999-cu ildə Alim Qasımov YUNESKO mükafatı alarkən mən bu konsertlərdə onunla bərabər iştirak etdim. Beləliklə, Almaniya, Fransa, İtaliya, Çin   və s. ölkələrdə nağara sənətini təmsil etmişəm. Etməkdə də davam edəcəyəm. 2001-ci ilin may ayında "Natiq" ritm qrupunu yaratdıq. Bu qrupla dövlət konsertlərində iştirak etdik, xarici dövlətlərə dəvət aldıq. Qrand və bir çox diplomlar da buna daxildir.

- Xaricə dəvətlər dövlət xətti ilə olur, yoxsa özünüz təşkil edirsiniz?

- Özümüz də internet vasitəsilə təşkil edirik, dövlət tərəfindən də olur. Məsələn, ritm qrupu 2000-ci ildə Fransanın Monpelye şəhərinə dəvət aldı, orada festivalda iştirak etdi. 2001-ci ildə qrupla bərabər Tayvanda festivalda iştirak edib diplom və sertifikatlarla mükafatlandırıldıq. 2001-2004-cü illərdə Bakıda keçirilən caz festivallarında iştirak etdik və diplomlara layiq görüldük. 2006-cı ildə Azərbaycanda ilk dəfə mənim rəhbərliyimlə "Natiq" ritm qrupunun konserti keçirildi. 2004-cü ildə "Mənim dünyam-I", 2001-cı ildə "Mənim dünyam-II" adlı musiqi albomlarımız işıq üzü gördü. Hazırda qrup öz fəaliyyətini davam etdirir. İndi Azərbaycanın milli sərvəti olan nağaranı yeni mövsümdə xarici ölkələrdə uğurla təmsil etməyin məşqlərini edirik.

Qismət olsa, inşallah, Malayziyada solo konsert verəcəyik.

- Hər gün saatlarla məşq edirsiniz. Bu, sizə nə verir? Nə yeniliklər edirsiniz?

- Bu sənət elədir ki, burada dayanmaq olmaz. İllərin təcrübəsi mənə onu göstərdi ki, bu sənətdə dayanmaq olmaz. İki-üç günlük rayona getdim, gördüm mənlik deyil. Güya istirahət edirəm. Ağaca bax, şəlaləyə bax... Hə, nə olsun?! Mənim üçün ən böyük istirahət bu nağaranı əlimə aldığım anlarda olur. İnsan üçün ən doğma varlıq balasıdır. Balaca övladını qucağına alırsan, üz-gözünə əl atır. Uzağı 10-15 dəqiqəyə qoyursan yerə. Amma bu nağara saatlarla qucağımda olur, ondan doymuram deyə yerə də qoymuram. Heç doğma balamı da qucağımda bu nağara qədər tutmamışam. Nağara həm sözümə baxır, həm də işimi görür. Yəni mənim üçün kurort, istirahət bu anlardır. İnsan işi ilə yadda qalır. Gəzdiyi yerlərlə yox. Mənim üçün bir deviz var: “Yalnız iş!”. Çünki bu işdə yenilik saniyəbəsaniyədir. Hər dəqiqə ritm dəyişir. Siz gəlməzdən qabaq mən yeni bir ritm üzərində işləyirdim. Ritm sonsuzdur. Hər sənətdə dayanma nöqtəsi var, ancaq ritmdə bu yoxdur. Dayanmaq və durmaq olmaz.

- Ritm hələ lap qədimlərdən qalma bir sənətdir. Hələ ibtidai insanlar da öz hisslərini ritmlə ifadə ediblər. Həm də hər dövrün, hər zəmanənin bir ritmi var. Siz bu zəmanənin ritmini tutmusunuzmu?

- Tərif kimi çıxmasın, tutmasaydım, yəqin bu qədər ucalmazdım, tanınmazdım. Allah tərəfindən seçilmiş insanlar var. Yəqin mənim də payıma nağara düşüb. Belə dərk edirəm. Hamının ritmi var, amma hamı ritmi dərk edə bilməz. Çox cətindir. Bir var hər kəsin sevdiyi ritm, bir də var ümumən ritmin elmi. Fəlsəfi və bəşəri ritmlər var. Ona görə o, hamı tərəfindən eyni cür qəbul edilə bilməz. Zərb alətinin ritmini hamı eşidir, amma onu qəbul edib-etməmək hamı üçün deyil. Musiqiçilərə sual versəniz ki ritm nədir, çox az müğənni bilər. O da elmi səviyyədə yox. Ona görə deyirlər ki,  hər oxuyan Molla Pənah ola bilməz. O da bizə Allahdan bir işarədir ki, hər kəs hər şeyi bilməməlidir.

- Tələbələrlərinizlə işləyəndə çox yorulursunuz, yoxsa nağarada ifa edəndə?

- Yaralı yerimə toxundunuz (gülür). 50-yə yaxın tələbə hara, bir dənə nağaranı idarə etmək hara?! Müəllim “a” deyir, şagird “qu”. Amma nağara belədir ki, özün onunla tək qalanda istədiyin kimi ifa edə bilirsən. Yəni o, sözündən çıxmır.

- Tələbələriniz sözünüzə baxmır demək istəyirsiniz...

- Yox, elə şey ola bilməz. Mən onlarla həm müəllim, həm dost, həm də qardaşam. Amma müəllimlik asan deyil.

- Tələbələrinizin arasında simasında özünüzü gördüyünüz kimsə varmı?

- Hər kəs fərddir. Kimsə kimisə təkrar edə bilməz. Məndən yaxşı da ola bilər. Amma mən olmaz. Hər kəs xüsusidir bu həyatda. Fikir verin, bu gün harasa gedirik, sərhədi keçəndə hər kəsin baş barmağının işarəsi ilə onu buraxırlar. Bütün tələbələrimin qabiliyyətinə inanıram, məni yarı yolda qoymazlar inşallah. Amma bunu öz övladımdır deyə demirəm, oğlum Ümidə ümidim çoxdur. İnanmayan varsa, sübutu da var. Deməyin ki, öz oğlunu tərifləyir. Onun haqqı olanı deyirəm. Mən sadəcə vasitəçiyəm. Onun da şansı orada gətirib ki, atası bu işlə məşğuldur. Müəllimsiz həyatda kimsə alim olmaz. Onlar başımızın tacıdır. Zəif və güclü müəllim anlayışı yoxdur mənim üçün. Bir hərf öyrədənə ömrümüz boyu borcluyuq. Allah bəlkə də arzumu eşidib. Ən böyük arzum idi övladım olsun, sənətimin davamçısı olsun.

- Natiq bəy, çox az tanınmışlar sırasındasınız ki, övladınızın sənətinizi davam etdirməyini istəyirsiniz...

- Bunu kim istəmirsə, deməli, onun işində problemi var. Mən niyə istəməyim ki?! Bu sənət məni Natiq olaraq dünyaya tanıtdı. Rəhmətlik atam ziyalı adam idi. 7 uşaq idik ailədə. Atam hamısını oxutdu. İndi hamısı ziyalı iş adamlarıdır. Təkcə mən ali təhsil almadım. Kişi nə qədər elədisə, istəmədim. Cavanlıqda bir az “vuran” idim. Şükür, indi içkidən uzağam. Həyatda səhvsiz insan yoxdur. Atam mənimlə heç yola getməzdi. Bir dəfə məni evdən də qovdu. Sonra haqqımda film çəkiləndə atamdan müsahibə aldılar. Baxıram ki, deyir mən Natiqlə fəxr edirəm. Mən atamı razı saldımsa, ona rahatlıq bəxş etdimsə, bəlkə də bu gün yediyim çörək onun duasının yetirdiyi ruzidir. O ki qaldı mənim Ümidimə, o, nəinki Azərbaycanda, bütün Qafqazda heç kim nağarada özünü iki yerə bölə bilməz. Deyir ata, məşq edirəm, üç-dörd yerə böləcəm özümü nağarada. İnanın səmimiyyətimə, bu alətdə elə bölgülər var, bəzən mən özüm ondan öyrənirəm. Əminliklə deyirəm, inanmayanlara sübut da edərəm. O, artıq Allah vergisidir.

- Nağaralarınız xüsusi olaraq düzəldilir?

- Bəli, mənə görə hazırlanır. Bunlar toy nağarası deyil. Xüsusi hazırlanır və ritmlər üçündür.

- Toydan söz düşmüşkən, Natiq bəy də toya gedirmi?

- İndi toya getməyən var ki?! Əvvəllər toydan acığım gələrdi, getməzdim. Başım səs-küyü götürmürdü. İndi gedirəm. Bilirsiniz niyə? Bizi toylarında həqiqətən görmək istəyənlər var. Tək də gedirəm, qrupla da. Biz toylara əsl sənət şousu göstərmək üçün gedirik. Toyda əksərən əl çalmazlar - ya yeyərlər, ya da oynayarlar. Toyda alqış nə deməkdir, bilirsinizmi?! Elə bil dünyanın böyük səhnəsində sənət göstərmisən. Bizim ifamızdan sonra toylarda alqışdan qulaq tutulur. Fərqimiz bilinir, buna görə toya gedirəm. Ritm tək Azərbaycan demək deyil. Ritm bütün dünya, bəşəriyyət deməkdir. Biz bu gün ritmi bütün dünyada tanıdıb sevdiririk.  Ritmi anlamaq iki cürdür - zövqlə və elmlə. Bu gün çox faiz zövqlə qəbul edir. Bizsə elmlə öyrədirik tələbələri. Deyim var, nə qədər çox dil bilsən, bir o qədər çox insansan. Bizim sənət də elədir. Zərb alətlərinin hamısını bilməsəydim, bu gün nağara müəllimi ola bilməzdim. Demək olar ki, nağaraya yeni nəfəslər gətirdik. Ritmin ilk bəstəkarı da mənəm. Hansı ölçünü desəniz, düzüb-qoşaram.

- Natiq bəy, qrupunuzda niyə 1500 nağara var, 1000, yaxud 1250 yox?

- Çünki o, mənim arzum olub ki, Azadlıq meydanında karnaval olsun, 1500 nəfər nağara çalan yığılsın. 7500-ü Qaqarin körpüsündən, 7500-ü Bayraq meydanından nağara vura-vura gəlsin. Ortada bir metranom qoyaq. Onlar eyni ritmlə və eyni addımlarla, eyni yerdə, bir vaxtda Azadlıq meydanında qovuşsunlar. Buna yaradıcılıq deyirlər. Bu karnaval hətta “Ginnesin rekordlar kitabı”na da düşə bilər. Mənim həyatım və işim nağaradır. Buna görə istəyirəm tarixdə iz salan işlər görüm. Məsələn, müğənnilər var ki, təkcə oxumaqla dolanmır. Həm də bir mağaza, bir başqa gəlir yeri gətirən obyektlər açır, ayrı işlər görür. Amma mən bunu bacarmıram. Mən səhərdən axşama kimi bu nağara ilə birgə işimi görürəm. Elə olur 24 saat məşq edirəm. Özünü göstərmək məqsədilə yox ha. Onda işinin ustası olmazsan. Mən işimin aşiqiyəm. Mənim çörəyim yalnız buradan çıxır, başqa yerdən gəlmir. Elə bilirəm başqa yerdə bir işlə məşğul olsam, bu işə həvəsim azalar. Xəyanət etmiş olaram sənətə. Gör bir prokurorun balası nağara çalar? Ömür boyu çalmaz. Nağaranı kasıbçılıqdan çalarlar. Bütün sənətkarlar, tarixdə iz qoyanlar kasıbçılıqdan ucalıb.

- Can Allahın əmanətidir. Bilirik ki, barmaqlarınız bu yaxınlarda səhnədə parça-parça olub, qanı nağaranın üstünə tökülüb. Eşitdiyimizə görə, hətta çürüyürmüş. İndi necədir barmaqlarınızın halı?

- Əməliyyat olundum. Bir konsertdə oldu bu hadisə. Nağaranın dərisi duzlu olur. Bizdə hələ o səviyyədə inkişaf yoxdur ki, dərini süniləşdirək, o da barmaqlara ziyan verməsin. Duzlu dəri də barmaqları yeyir. İnşallah, dövlət tərəfindən bizə yer verilməlidir. Verilsə, yəqin ürəyimiz istəyən nağaralar alarıq. Barmaqlarımız zərbədən döyənək və qabar olur. Həmin tədbirdə nağaranın səsi az gəldi, səbrim çatmadı, möhkəm vurdum əlimi, əlim nağaranın dəmirinə dəydi, qapqara qaraldı barmaqlarım. Ağrıya baxmadan davam etdim. O tədbirdən iki həftə sonra da Tailanda gedəcəkdik. 23 gün hər gün nağara vuracaqdıq. İnanın, barmaqlarımın ağrısı ürəyimə vururdu. Az qalırdım ağlayam. Amma çalırdım, ağrını unutmağa çalışırdım. İlk dəfə Tailandda səhnəyə nağara çıxır, bu şansı əldən verə bilməzdim axı.  Hamı dedi ki, əlin əldən gedir. Sonra gəlib İrana getdim. İndi baxın, barmaqlarımdakı o zədənin izi hələ qalır.

- Bütün məşhurlar cangüdənlə gəzir. Sizin də var?

- Məni bir olan Allahdan başqa heç kim qorumur. Mən dövlət başçısı deyiləm. Maykl Cekson deyiləm. Ulduz xəstəliyinə də  tutulmamışam. İnşallah, tutulmaram da. Elə şeylər əsəbimə toxunur.

- Qrupunuzda nağaraçıların sayı 13-dür. Mobil nömrəniz də 13-dür. Nəhs rəqəm sizə düşür deyəsən...

- Yox, təsadüfən belə alınıb. Bir də axı tək Allahın adıdır. Təkdən qorxmaq lazım deyil. Bir gəlməsə, iki olarmı?

- Nağara orkestrini ilk dəfə siz yaratmısınız, yoxsa sizdən qabaq da olub?

- Bəli, bu da ilk dəfə mənim tərəfimdən həyata keçirilib. Bulvarda prezidentin qarşısında çıxış etdik. Dünyada 147 nağaraçalan arasından 118 nağaraçalanla ifa etdik. Ürəyim ağrıdı bu qrup yaranana kimi. Dörd aya başa gəldi. Əsəbdən üzümü görmək istəməzdiniz. Hər nağaraçı ayrı müəllimdən dərs almışdı. Hərəsi başqa-başqa ritmlər çalırdı. Sonra ümumi ritmə uyğunlaşdılar hamısı.

- Yeni nə üzərində iş gedir?

- Nağara barədə kitab yazırıq. İndi yeni bir işimiz də var. İstəyirik tələbələrə magistraturaya girmək üçün imtahan dərsliyi də təşkil edək. İdeyalarımız çoxdur yəni. Can sağlığı olsun, inşallah, hamısını həyata keçirəcəyik.

- Elə olub ki, yorulub nağaranı qoyub getmisinz?

- İllərdir ilk dəfə bu il yoruldum, qaçdım. Amma üç gün sonra dedim mən getdim nağaranın yanına. Gördüm nağaradan uzaq qala bilmirəm.

- Kompozisiyalarınız maraqlıdır. Necə alınır bu?

- Özüm də bilmirəm. Allah vergisidir yəqin. Aylarla işləyirəm, elə olur bir saniyədə yaranır. Başqaları kimi yalan demirəm. Bir dəfə İTV-də aparıcı bir nağaraçalana sual verdi. Mən də o verilişdə qonaq idim. Çalır və özü-özünü aldadır. Başlayıb nağıl danışmağa. Səbrimi boğa bilmədim. Çaldım nağarada, soruşdum bu nədir. Deyir bir də çal. Çaldım. Dedi üçlükldür, beşlikdir. Dedim yekə kişisən, tapmaca tapmırıq, yalan deməklə özünü aldadırsan. Sənə qulaq asan insanlar onsuz da ritmin elmini bilmir. Zövqü ilə dinləyir səni. Üç badam bir qoz çalıb xalqı aldadanlar məni əsəbiləşdirir.

- Şou aləmi ilə aranız necədir?

- Sözünün yerini bilməyəni yerində otuzdururam. İndi savadsız müğənnilər çoxdur. Hələ ritm bir kənara qalsın, oxuduğu mahnının sözlərini əsbər bilməyənlər, fonoqramla səs yığan sənətçilər meydan sulayır. Onlardan uzağam.

- Şou aləmi sizinlə əməkdaşlıq etsə, razılaşarsınızmı buna?

- Hamı ilə əməkdaşlığa yox. Bu yaxınlarda meyxanaçı Namiq Qaraçuxurlu ilə şəhidlərimizə həsr olunmuş bir mahnı ərsəyə gətirəcəyik. Bu gün sonuncu məşqdir. İlk eşidənlər sırasında olacaqsınız. Bu gün yaxşı danışanlar çoxdur, amma əməlləri yaxşı deyil. Mən də elə adamlardan uzağam.

- Namiqlə birgə layihəniz... Çox maraqlıdır...

- Bu iş haqda ilk dəfə sizə açıqlama verirəm. Biz Namiq bəylə həm sənət dostuyuq, həm də şəxsi münasibətlərimiz yaxşıdır. Birgə işimiz də bu dostluqdan irəli gəldi. Mahnı artıq hazırdır. Amma orada müəyyən detallar dəyişəcək, sonra efirə gedəcək. Bu, yeni bir işdir və seviləcəyinə inanırıq. Bu işin ərsəyə gəlməsinə sevinirəm. Mənəm-mənəmlik olmasın, Namiq bəy deyir bunu hamı bilir, mən hər kəslə iş görmürəm, mənim üçün həm də şərəfdir ki, ritm qrupu ilə birgə layihəm həyata keçdi. Çünki ritmi hər kəs duya bilmir. Bu birgə işimizin qiymətini siz tamaşaçılar verərsiniz inşallah. Əsl Azərbaycan ruhunda bir sintezdir. Hər kəsin bir sənəti var. Meyxana çox qəribədir. Çünki Allah vergisdir. Ritmi duymaq da Allahdan gələn vergidir. Ona görə də Namiqlə bizim işbirliyimiz alındı. Uğur qazanmağımız isə Allahın əlindədir. Uğurlu olacağına inanıram. Çünki mövzu olaraq lazımlı bir mövzudur. Şəhidlərimizi xatırlamaq gözəldir. Siz də mənimlə razı olarsınız ki, ritm hər müğənni ilə alınmır. Sevinirəm ki, bəxtim bu işdə gətirib. Uğurlu olsa, bir mahnı da ərsəyə gətirəcəyik. Klip isə mütləq olacaq. Özü də elə-belə klip yox ha. Bu klip geniş miqyasda, bir neçə məkanda çəkiləcək. Onunla dünyanı gəzmək və şəhidlərimizin ucaldığı zirvəni hər kəsə çatdırmaq niyyətindəyik.

virtualaz.org