Əliqismət Lalayev beynəlxalq müsabiqədə

Əliqismət Lalayev beynəlxalq müsabiqədə
655 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında Yekatirinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ xalq artisti  Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

Müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçilməsini bildirib. Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.
 
Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.