Aydan Şener: “Bakıda yaşamaq istəyirəm”

Aydan Şener: “Bakıda yaşamaq istəyirəm”
3259 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli aktrisa Aydan Şenerin axşam.az saytına müsahibəsi

- Bakıya növbəti gəlişinizin səbəbi nədir?

- Rejissor Şahin Zəkizadədən “Həkimlər” serialına dəvət almışam. Bir-iki bölümdə rol alacağam. Serialda tamaşaçıları sürpriz dolu anlar gözləyir. Üç gün Bakının qonağı olacağam.

- Bəs, serialda uzunmüddətli oynamaq təklifi alsanız, qəbul edəcəksiniz?

- Əlbəttə. Hətta bu barədə mənə təklif də gəlib. İndi ssenarini gözdən keçirirəm. Əgər ürəyimcə olsa, Bakıda qalıb yaşamaq istəyirəm. Mən Bakını çox sevirəm.

- Bəs, Türkiyə üçün darıxmayacaqsınız?

- Təbii ki, vətənim və 24 yaşında qızım üçün darıxacağam. Yəqin ki, tez-tez gedib-gəlməyimə icazə verərlər.

- Ötən gəlişinizdə Bakını gəzmək imkanı tapdınız. Şəhərimizi bəyəndinizmi?

- Bakı çox gözəl şəhərdir. Burada yay aylarında olmuşdum. Amma indi gördüm ki, qışı bir başqa gözəldir. Tarıxi şəhərdir. Gəzməklə doymaq olmur. Bir də burada insanlar çox mehribandırlar. Hamı sənə bir sevgi göstərir ki... Mətbəxiniz də dadlıdır. Amma çox kalorilidir.

- Aydan Şenerin bu qədər gənc və gözəl qalmasına səbəb nədir?

- Mən daha çox təbii vasitələrdən istifadə edirəm. Çoxlu su içirəm, yediklərimə diqqət edirəm. Çox da kimyəvi kosmetikaya önəm vermirəm.