“Atəşkəs” təqdim olundu

 “Atəşkəs” təqdim olundu
595 dəfə oxunub
  • A-
  • A
  • A+
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilib.

Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbirdə BAMF-in sədri Umud Mirzəyev film haqqında geniş məlumat verib.

Bildirib ki, sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.

U.Mirzəyev deyib ki, 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə film macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub.

Diqqətə çatdırılıb ki, bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən Azərbaycan dilinə dublyaj edilib.