Səyavuş Aslan Tiflisdə anılıb

Səyavuş Aslan Tiflisdə anılıb
1763 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 29-da Gürcüstan paytaxtındakı Redisson mehmanxanasında Azərbaycan səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, AZEBİ təşkilatının və “Dialoq və İnkişaf Fondu”nun təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli aktyor Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
 
Axşam.az-ın APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, tədbiri Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açaraq Səyavuş Aslanın aktyor yaradıcılığından, Azərbaycan kinematoqrafiya tarixində özünəməxsus dəst-xətti kimi məşhur olan sənətkarlığından və onunla bağlı xatirələrindən, Bakıda oynanılan tamaşalarda onunla dəfələrlə görüşdüyündən, Borçalıya səfərlərindən söhbət açıb, belə tədbirlərin iki dövlət arasında daha da möhkəmlənən mədəni körpü olduğunu bildirib.
 
“Yol əhvalatı” filmində Mustafa rolunda çəkilən gürcü artisti, Gürcüstanın “Teatr və Kino” teatrının aktyoru olan Vaxtanq Pançulidze Səyavuş Aslanın film çəkilişində ona dəfələrlə kömək etdiyini, təcrübəsini öyrətdiyini, sadə insan olduğunu, ailə vəziyyətinin çətin vaxtlarında ona kömək etdiyini, dünya kinematoqrafiya sahəsində böyük aktyor kimi yer tutduğunu, ailəsinin də onu sevdiyini bildirib.
 
Anım gecəsində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdiyev Səyavuş Aslanın baş rolda çəkildiyi  “Yol əhvalatı” filmində “Zümrüd” rolunda oynayan Həmidə Ömərova və gürcü aktyoru Vaxtanq Pançulidze ilə canlı bağlantı qurub.
 
“Mən çox xoşbəxtəm ki. 30 ildən sonra görüşdük. Biz onda gənc idik. Çox şadam ki, biz danışırıq. Film kinorejissor Temur Bəşirzadə tərəfindən çəkilib. Səyavuş Aslan aramızda yoxdur, lakin onun çəkildiyi film yaşayır. Bu gün demək olar ki, bu filmin yubileyidir. S Aslan elə bir sənətkardır ki, təmiz ürəkli, mehriban insan kimi həmişə bizimlə olacaq”, deyə H.Ömərova bildirib.
 
H.Ömərovaya cavab verən gürcü aktyoru V. Pançulidze Həmidə xanımın hələ də cavan qaldığını, yenə də birgə filmlərdə çəkiləcəklərini bildirib: “Mən bizim birgə filmə çəkildiyimiz günləri unutmayacağam. İnanıram ki, yenə yaradıcılıq sahəsində görüşəcəyik. İstər Azərbaycan, istərsə də gürcü filmlərində müxtəlif rollarda oynayacağıq. Mən Tiflisdə teatrda aktyor kimi çalışıram, əvvəllər kinoya çəkilirdim, amma indi nadir hallarda çəkilirəm”.
 
Sonra “Yol əhvalatı” filmi nümayiş etdirilib.