Niyaməddin Musayev şəkilləri yayılan qızdan danışdı

Niyaməddin Musayev şəkilləri yayılan qızdan danışdı
4099 dəfə oxunub
  • A-
  • A
  • A+

“Rusiyada “Yedinaya Rossiya” Partiyasının adından mənə mükafat verildi”

Xalq artisti Niyaməddin Musayev xeyli vaxtdır nə efirlərdə gözə dəyir, nə də müsahibə verir. Amma bu müddət ərzində efirdə olmasa da, onun adıyla bağlı yetərincə maraqlı hadisələr baş verib. Əvvəlcə Türkan adlı bir xanımla çəkdirdiyi şəkil, ardınca isə qardaşı oğlu Musa Musayev və həyat yoldaşı Təranə Qumralın “namus raskrutkası”...

Axşam.az xəbər verir ki, sənətkar Modern.az-a müsahibəsində bu və digər maraqlı məqamlara toxunub.

– Xeyli vaxt Moskvada oldum. Yenicə qayıtmışam.

– Yaradıcılığınızda nə yenilik var?

– Yeni albom buraxacağam.

– Nə vaxta nəzərdə tutursunuz?

– Albomda on nəğmə olacaq. İnşallah yaxın on gün ərzində albomum çıxmalıdır. Orda həm vətənpərvərlik, həm də xalq ruhunda müasir səpkidə olan mahnılar yazdırmışam.

– Deyəsən, Rusiyada mükafata layiq görülmüsünüz.

– Rusiyada qastrol səfərində olanda “Yedinaya Rossiya” Partiyasının adından mənə mükafat verildi. Orda Azərbaycan-Rusiya dostluq cəmiyyəti var. Cəmiyyətin sədri Fuad Rzayevdir. Rusiyada seçkilərin keçirilməsi ilə əlaqədar mənə fəxri fərman verdilər. Bu haqda oranın yerli telekanallarında geniş  reportajlar efirə getdi.

– İş rejiminiz çox sıxdır. Yəqin ki, bu yay istirahət edə bilməyəcəksiniz...

– Hardasa xüsusi istirahət üçün vaxt ayırmamışam. Elə evdə olmuşam. Belə də...

– Tələbələriniz var?

– Mənim stilimdə oxuyanların hamısı tələbələrimdir. İndi buna pop-musiqi deyirlər. O vaxt xalq ruhunda müasir estradanın gəlməsi yenilik idi. Vicdanlı musiqi tənqidçisi araşdırsa, görər ki, bu yolun banisi mənəm. O dinamikalar, ritmlər, aranjimanlar mənə qədər yox idi. İndi hamı bu səpkidə oxuyur.

– Amma zamanında sizi də qəbul eləmirdilər və indi o stildə oxuyan yeni ifaçılar var.

– Məni niyə qəbul etmirdilər ki? Özündən müştəbeh adamlar, bəzi musiqiçilər belə düşünürdülər. Amma konsertimə gələndə görürdülər ki, yox, səhv düşünüblər. Niyə bəyənilmirdi ki? Çox da gözəl bəyənilirdi.

– Türkan adlı bir tələbəniz var idi. Hətta saytlarda sizi sevgili kim təqdim edirdilər.

– O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir. Yenə də deyirəm ki, Türkan mənim tələbəm deyil. Onsuz da mənim janrımda oxuyanların hamısı tələbələrdir.

– Efirdə az-az görünməyinizin səbəbi nədir?

– Az görünmək yaxşıdır. Çünki səni o qədər görürlər ki, görəndə kanalı dəyişirlər. Deyirlər ki, “əşi day dünən bunu gördüm də”.

– Qardaşınız uşaqlarıyla münasibətiniz var?

– Mənə çox sual vermək lazım deyil. Bu qədər danışdıq, bəs edər.

– Onlarla ünsiyyətiniz var?

– İndi “odboy” verəcəm. Sonra deyəcəksən ki, Niyaməddin müəllim mənə qarşı hörmətsizlik elədi...