Xocalı faciəsinin ildönümündə “Arzu və Murad” - fotolar

Xocalı faciəsinin ildönümündə “Arzu və Murad” - fotolar
1018 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
 
Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstərilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, fevral ayının 26-da isə Xocalı faciəsi qurbanları Dövlət Gənc Tamaşaçılar Teatrında anılıblar. Tədbirdən əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad ediblər. Daha sonra teatrda faciəyə həsr olunmuş tədbir keçirilib. Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni quldurlarının törətdikləri Xocalı soyqırımı haqqında fikirlərini bölüşüb:

“1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. 7 mindən çox əhalisi olan Xocalı şəhərində törədilən faciədə mülki əhalidən 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 63-ü körpələr idi. Soyqırım nəticəsində 25 uşaq tam valideynsiz qaldı, 487 adam yaralandı, 1275-i əsir götürüldü, 150 adam itkin düşdü. Bu faciə dünyada törədilmiş ən qəddar terror aktlarından biri kimi insanlıq tarixinə düşmüşdür. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar”.

M.Həmidov Xocalı faciəsi qurbanlarının dünyanın hər yerində yad edildiklərini diqqətə çatdıraraq, fevral ayının 22-də “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatının hazırladığı və Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən “Xocalıda qırmızı mələk” tamaşası haqqında məlumat verib.  

Direktorun çıxışından sonra  “Arzu və Murad” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa ediblər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.