"Fədayə Laçın dedi ki, istədiyim oğlan məni qısqanır"

"Fədayə Laçın dedi ki, istədiyim oğlan məni qısqanır"
5633 dəfə oxunub
  • A-
  • A
  • A+

Onun gənc yaşlarından sənətkar olduğu kimsədə şübhə doğurmur. Hətta 11 yaşında oxuduğu “Bayatı Şiraz”da belə, böyük ustalıq göz qarşısındadır. Maraqlıdır ki, nə bu gün, nə də gənclik illərində efirə o qədər də meylli olmayıb. Beləliklə, Modern.az-ın suallarını tanınmış müğənni Tacir Şahmalıoğlu cavablandırır.

– Yeni disk üzərində çalışıram, artıq iki mahnımız qalıb.

– Xalq mahnıları və muğamlardır?

– Mən sırf xanəndə deyiləm. Amma qısa formada muğamlar oxuyuram. Bu albomda 10 mahnı olacaq. Əsasən yeni mahnılardır. Razim Paşayevin, Afət Müzəffərqızının mahnıları, xalq mahnıları var. Bir fars mahnısı da oxumuşam.

– Xeyli vaxtdır efirdə yoxsunuz.

– Efirə gec-gec çıxıram, amma çıxıram.

– Gec-gec dəvət edirlər?

– Bəli.

– Sənətkarlar efirin pullu olmasından gileylənirlər. Nə vaxtsa pul verib efirə çıxmısınız?

– Yox, məndən pul almırlar.

– “Qarabağ büllbülləri”nin rəhbəri Murad Rzayevlə münasibətlər necədir?

– Murad müəllim mənim ustadımdır, əlaqəmiz də var, ara-sıra görüşürük. Səmimiyyətimiz də əvvəlki kimidir.

– Amma bir ara münasibətləriniz soyumuşdu.

– Hə, elə bir şey oldu. Murad müəllim demişdi ki, mən o “Bayatı Şiraz”dakı boğazları hind mahnısından götürmüşəm. Bu sözü xətrimə dəymişdi. Axı hind mahnısıyla “Bayatı Şiraz” tutmur. Onun dediyindən belə çıxırdı ki, həmin improvizasiyanı hind mahnısından götürüb yazıb, mən də oxumuşam.

Əslində o improvizasiya sizin özünüzündür?

– Əlbəttə, o mənim öz yaradıcılığımdır.

– Onu oxuyanda neçə yaşınız var idi?

– 11.

– Bu gün də yaradıcılıq zirvəniz həmin “Bayati Şıraz” hesab olunur. 35 ildən artıq vaxt keçir, amma o həddi aşa bilməmisiniz. Sizcə, bu sənətkar üçün mənfi hal deyil?

– Niyə elə düşünürsünüz ki? Mənim 11 yaşımda oxuduğum ikinci “Bayatı Şiraz” var, sadəcə işıq üzü görmədi. İkincisi, mənim “Dərdliyəm”, “Görmüşəm, sevmişəm, istərəm səni” kimi mahnılarım hələ də dillərdə əzbərdir. Efirə çıxmasam da, mahnılarım dillər əzbəridir.

– Fədayə Laçınla duetləriniz də maraqlı alınırdı.

– O indi tək oxuyur.

– Siz onu dəvət eləmisiniz?

– Yox, ehtiyac olmayıb. Görürəm ki, dəvətə də ehtiyac yoxdur. Onun da öz işləri, problemləri var. Bir yerdə olmağımız alınmır.

– Bəs əvvəl necə alınırdı?

– Əvvəl mahnıları mən seçirdim, gətirirdim, yaradırdım, aranjimana verirdim. Fədayə mənim tələbəm idi, indi də tələbəmdir. Fədayəni daim nəzarətdə saxlayırdım, çağırırdım, mahnılar oxuyurduq. İndi onu çağırmaram da. Gəlin sizə lap təmizini danışım. Bir dəfə “Görmüşəm, sevmişəm, istərəm səni”ni yeni versiyada oxudum və  Fədayəni dəvət elədim ki, duet oxuyaq. O da dedi ki, “istədiyim oğlan məni qısqanır”. Mən də ondan sonra heç çağırmadım.

– Bu təzəlikcə olub?

– İki-üç ilin söhbətidir. Mən də ondan sonra Mətanət Əsədovayla oxudum.

– Belə başa düşdüm ki, aranızda inciklik var.

– İncimirəm, amma gərək elə etməyəydi. Bəlkə də o gəlişlə yeni bir şey yaranardı. Onun səsi qaltanlıdır, özü də yaxşı oxuyur. Mənim tələbəmdir də, yaxşı oxumalıdır.

– Bir dəfə çayınıza nəsə atmışdılar, səsiniz batmışdı. İndi özünüzü belə şeylərdən qoruyursunuzmu?

– Əlbəttə, əvvəlki kimi indi tanımadığım yerdə çay içmirəm. O vaxt cavanlıq idi, özümü gözləmirdim. 1998-ci il idi, “Mübarək” restoranında oturmuşduq, çay içirdik. Çayı içdim, gördüm ki, qeyri-adi tam gəlir. Ofisiantı çağırıb soruşdum, dedi ki, içinə mixək də atmışıq. Dedim, mixəyin tamını bilirəm. Ondan iki gün sonra gördüm ki, səsim batır.

– Sizcə, nə atmışdılar?

– Bilmədim. Amma iki ay səsim batdı.

– Bunu edən həmkarlarınızdan idi?

– Bəli, kişi həmkarlarımdan.

– Bildiniz kim idi?

– Açıqlamaq istəmirəm.

– Toylara gedirsiniz?

– Gedirəm, amma mənim işim bir az başqa cürdür. Elə olur ki, pulsuz oxuyuram. Mənim öz fanatlarım var. Mənim də çörəyimi onlar verir, məni yaşadırlar. Onlara minnətdaram, Allah məni istəyən insanlara dəyməsin. Məni istəyən insanları ikiqat artıq istəyirəm. Deyə bilmərəm ki, 9 milyonun hamısı məni sevməlidir. Janrlar və ifaçılar fərqlidir. Amma bilirəm ki, məni bəyənən 4-5 milyondan çoxdur. Bu, bəs edir. Şükür Allaha yatmağa evim, sürməyə maşınım, xərcləməyə az-çox pulum var.

– Bəs fəxri ad istəmirsiniz?

– Fəxri adlar bir-ik il ərzində götürüləcək. Neyniyirəm ki, fəxri adı? Mənə ad veriblər də. Azərbaycanda hamı mənə “Əjdaha” deyir.

– Hardan eşitmisniz bunu?

– Eşitdiyimə görə, fəxri adlar ləğv olunacaq və olunmalıdır da. İndi görürsən ki, sənətdən xəbəri olmayan xalq artistidir. Arif Babayev, Əlibaba Məmmədov xalq artisti, filankəs də xalq artisti.

– Məsələn?

– Ad çəkmək istəmirəm. Eləsinə xalq artisti veriblər ki, nə Ağaxan Abdullayevlə, nə Alim Qasımovla uyğunlaşır. Onsuz da yetərincə əziyyət çəkmişəm. Ad da çəkirəm sonra oluram pis kişi.

– Amma sizin 50-yə yaxın yaşınız var. Yəqin ki, dediyiniz söz ciddi qarşılanacaq.

– Siz də qəşəng bilirsiniz ki, söhbət kimlərdən gedir. Çox biabırçı vəziyyətdir. Yetənə xalq artisti adı verirlər. Mənim ad çəkməyimin ziyanından başqa xeyri olmayacaq. Amma onu bilirəm ki, fəxri adlar çox ədalətsiz şəkildə verilir. Başıma güllə dirəsələr də, bu sözü deyərəm. Qadan alım, gərək hər insanın səviyyəsi bilinə.

– Onda belə bir sual verim. Bu gün fəxri adı olmayanlardan kimlər fəxri ada layiqdir?

– Mən layiqəm. Allah rəhmət eləsin Vidadi Bərdəli ikim əjdaha ad almadı getdi. Məhəbbət Kazımov da layiqdir.

– Məhəbbət Kazımov əməkdar artistdir.

– Əməkdar artist deyil. Lap tutaq ki, əməkdar artistdir. O indi xalq artisti olmalıydı. Qırx ilin sənətkarıdır. Lap istəyirsən onunu sizə sayım.

– Buyurun.

– Fədayə Laçının ifası fəxri ada layiqdir. Nadir Bayramlı da gözəl ifaçıdır. Hansını deyim? İndi yeni ifaçılardan da fəxri ada layiq olanlar var. Amma bəlkə də alacaqlar.?

– Kimlər?

–  Babək Niftəliyev, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, İlkin Əhmədov fəxri ada layiq uşaqlardı, qaltanlı oxuyanlardılar.

– Fədayə Laçınla münasibətləriniz haqda çox yazılıb. Doğrudanmı sevgili olmusunuz?

– Dünən Cavanşir Məmmədovdan da soruşdum ki, yanınızda oxuyan qızlarla sevgili olmusunuz? Dedi ki, yox. Bunu camaat belə qəbul edir. Mənim yanımda çox qadın müğənnilər olub.

– Amma onun qədər uzun müddət heç kim olmayıb.

– Çünki səsimiz uyğun gəldi. Hələ o məndən ayrılmağa çox tələsdi. Biz cütlük formasında başqa dövlətlərdə də tanına bilərdik. Elə adam var ki, bizim haqqımızda heç nə bilmir, amma çox şey danışır.

– Əslində belə bir şey var idi?

– Yox, yox. O gözəl insandır, yaxşı qızdır, sənətkardır və mənim tələbəmdir.

– Amma elə bil ki, nədənsə narazısınız.

– Narazı deyiləm. Bu gün də mənə çağırış vərəqəsi gəlsə, yenə müharibəyə getməyə hazıram. Hər şeyi atıb vətənimi qorumağa hazıram. Bunu edərəm. Azərbaycanımı çox sevirəm, millətpərəstəm. Azərbaycanı hamıdan üstün görmək istəyirəm. Amma doğrudan da ölkənin içində, xüsusən də şou-biznesdə və sənət aləmində çox ədalətsizlik olur. Çox istərdim ki, fəxri adlar götürülsün. Fəxri adlar götürülsə, ağ daşla, qara daş məlum olacaq.

– Oğlunuz Şahmalı da oxuyurdu. İndi də davam edir?

– Oxuyur, amma keçid dövrü olduğuna görə oxumağa qoymuram. 16 yaşı var.

– Səsinizdə bənzərlik var?

– Eynilə mənim kim oxuyur Şahmalı Taciroğlu.

– O da sizin kimi əjdaha olacaq yəqin ki...

– Allahın köməyi ilə (gülür)...