Xalça Muzeyinə yeni direktor təyin olundu

Xalça Muzeyinə yeni direktor təyin olundu
1210 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Yaşar qızı Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

Axşam.az-ın məlumatına görə, martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib. Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, ölkəmizin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi də Azərbyacan xalqının min illərdən bəri yaratdığı toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur və daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub:
 
Nazir qeyd edib ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır:

“Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.

Qeyd edək ki, Şirin Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

Xatırladaq ki, 2016-cı il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edirdi.