"Ən böyük səhvim odur ki..." - Murad Dadaşov

"Ən böyük səhvim odur ki..." - Murad Dadaşov
3909 dəfə oxunub
  • A-
  • A
  • A+

O, istedadlı şoumendir. Bir çox böyük layihələrin müəllifidir. Ən əsası isə o, “Bakılı oğlanlar” komandasının sevimli aktyoru olub...
Söhbət gülərüzlüyü və zarafatları ilə diqqət çəkən Murad Dadaşovdan gedir.
Hər zaman səmimi söhbətləri ilə yadda qalan şoumen müsahibəsində ailəsindən, həyatından və özündən danışıb.
Axşam.az saytı həmin müsahibəni təqdim edir. 

- Son vaxtlar bu qaçhaqaç sizi yormur?

- Yorur, özü də çox... Amma bu, mənə stimul verir. Dinc otursam, yuxu basar məni.

- “Mən özümə vaxt ayıra bilmirəm” deyən insanları necə qəbul edirsiniz?

- Sevmədiyin bir işə başlayanda, əlbəttə ki, yorulacaqsan. Deyinən insanlar vaxtında düzgün yol seçməyənlərdi. Ona görə indi müəyyən bir səhvlərin əzabını çəkirlər. İnsan gərək özü öz həyatını idarə eləsin. Vaxt ayırsın, hərdən papağın qoyub, fikirləşsin və hər şeyi yerbəyer etsin... Bax, beləcə heç kim yorulmaz.

- Ümumiyyətlə, ağlınıza gəlib nə vaxtsa tərk edəsiniz hər şeyi – ölkəni, buradakı yaşayışınızı, həyatınızı?

- Tez-tez bu barədə fikirləşirəm. Amma bilirsiz, mənə elə gəlir ki, bunun üçün gərək bir neçə faktor ola. Birincisi, olduqca perspektivli bir təklif gələ. O hələ ki, yoxdur. Ya da insan gərək çox inciyib getsin buradan. Şükür Allaha o da yoxdur. Ya da ki, insan gərək, hansısa bir səbəb tapsın getmək üçün. Bu səbəblərin ən azı üçü burdadı. Mənim 3 övladım burdadır və onları qoyub getmək mənim üçün çətin olar. Onların mənə çox ehtiyacı var.

- Bəs deyirsiz insanlara lazımi qədər vaxt ayıra bilmirəm. Bura ailə də daxildir?

- Bəli.

- İncimirlər sizdən?

- İnciyib neyləyəcəklər? (gülür). Onlar başa düşürlər... Tez-tez getdiyim yerə onları da aparıram. Amma çox vaxt böyük və ortancıl oğlum bunu istəmir. Mənimlə ən çox vaxt keçirmək istəyən balaca oğlum Ziyadır. 2 yaşı var. Ola bilsin böyüyəndə ona da mənimlə harasa getmək maraqsız olacaq.

- Bir ata olaraq onları bu həyata necə hazırlayırsız?

- Övladlarımla dostam. Amma müəyyən anlarda qaraqabaq atayam. Uşaq vaxtı həmişə atam məni vuranda, ya nəsə məhdudiyyət qoyanda, fikirləşirdim ki, heç vaxt uşaqlarımla bu cür etməyəcəm, onlara hər şeyə icazə verəcəm, səhərə kimi istəyirsinizsə, televizora belə baxın. İndi özümə baxanda deyirəm ki, atam şükürlü idi. Sərt qaydalarım var: icazə olmadan evdən heç nəyi götürmək və evə gətirmək olmaz. Adam böyüklərinə - babasına, nənəsinə hər gün zəng vurub hal-əhval tutmalıdır. Səhər oyananda ata-anasına salam verməlidir. Süfrədən hamı bir yerdə qalxmalıdır. Bir də mən telefonla danışanda evdəkilər susmalıdır.

- Son vaxtlar efirdə görünmürsüz...

- Bir neçə aydır ki, çox ciddi hazırlaşıram. “M group” prodakşının 10 ili tamam olur. Bu münasibətlə çox layihələr hazırlamışam. Həm də bu il 35 yaşımı qeyd edəcəm. Yeni mövsümdə efirlərdə tez-tez görünəcəm.

- Siz özünüzlə tək qalanda hansı suallara cavab axtarırsınız?

- Bilirsiz, o suallar çoxdur. Əhval-ruhiyyəm dəqiqə ərzində dəyişir. Hər zaman gələcəyimi düşünürəm. Hərdən uzanıram, düşünürəm ki, yaxşı sabah nə edəcəm? Amma ümid etmək istəyirəm ki, xoşbəxtlik haqqında düşündüklərim digərlərinin əleyhinə olan bir şeylər deyil. Mən xoşbəxtlik haqqında düşünəndə həmişə dostlarımı, yaxınlarımı, tanış olan insanları da fikirləşirəm. Axı həm də dramatik aktyoram.

- Özünüzə ən çox nəyi irad tutursunuz?

- Hərdən çox tənbəl oluram. Tərpənməyə halım olmur. Müəyyən işləri keçirirəm sabaha, birisigünə. Hərdən danışdığım qədər ola bilmirəm.

- Bəs ən böyük qorxunuz nədir?

- İnsan düşünür ki, qorxu həmişə onu izləyir. Amma müəyyən mərhələdən sonra o qorxu itir. Nə qədər sadə, primitiv səslənsə də, mən sağlamlıq istəyirəm. İnsanlarda naşükürlük var. Çox şeyə dəyər verə bilmirik.

- Hansı halda uşaqlığınızı xatırlayırsız?

- Banan görəndə. O vaxt banan nadir tapılan meyvə idi. Yeni il ərəfəsində evimizə bir qutu banan gətirdilər. O qədər yedim ki, ürəyim bulandı.

- Ən çox nəyə əsəbləşirsiz?

- Tərsliyə... Fikrimcə, insan tərs olmamalıdır. Lovğalıq pis xüsusiyyətdir. Təkəbbürlük yaxşı deyil. Həyatda həmişə ikincilər, üçüncülər qalib olur. Məğlubiyyəti dadan insan qələbənin ləzzətini daha yaxşı bilər.

- Gün ərzində özünüzə ən çox nəyi sual verirsiz?

- Bəlkə bunu yeməyəsən? Bəlkə bir azdan?

- Bəs bacarısız?

- Bacarıram. Axır vaxtlar isə lap güclüyəm. Bir vaxtlar siqaret çəkirdim: onu tərgitdim. Demək olar ki, spirtli içkini sıfır dərəcəsinə endirmişəm, iradəli insanam.

- Sizdən ən çox nə soruşurlar?

- Həmişə deyirlər: Zirəddin Rzayev dostundur, niyə ona baxdırmırsan? Düzdür, mütəmadi münasibətdə deyilik, amma arada görüşüb, söhbət edirik. Mənim üçün nəyisə soruşmaq çox çətin bir məsələdir. Birincisi, həqiqətən hər şey Allahın əlindədir. Həyatım özü Allahın izninin, mövcudluğunun göstəricisidir. Həyatımda 90 faiz hadisələr naxışla bağlıdır. Qarşıma yaxşı insanlar çıxıb, yaxşı hadisələr baş verir. Sən mənə pis bir şey desən, ürəyimə salacam və o da müəyyən bir təsir edəcək. Yaxşı deyəcəksən, arxayın oturacam. Hər bir iş kompensasiya olunmalıdır. Ən böyük səhvim odur ki, əlimə düşən şanslardan istifadə etmirəm. Amma o da mənim tərbiyəm və təbiətimlə bağlıdır. İnsanları yormaqdan qorxuram. Heç kimə zəng vurmuram. Kimə lazımamsa, özü məni axtarıb tapacaq.

Zəhra Əhmədova

Foto: Ruslan Teymurfulatov