Milli Teatr Günü qeyd olunacaq

Milli Teatr Günü qeyd olunacaq
481 dəfə oxunub
  • A-
  • A
  • A+

Marın 10-da Teatr Xadimləri İttifaqında “Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, 10 mart - Milli Teatr Gününə həsr ediləcək konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Konfransa uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsindən, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasından, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsindən və digər məsələlərdən geniş söhbət açılacaq.

Qeyd edək ki, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranıb. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsləri əsasında 1873-cü ilin mart və aprel aylarında Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli qoyulub.