Qusar “Azərbaycanın Folklor Paytaxtı” seçilib

Qusar “Azərbaycanın Folklor Paytaxtı” seçilib
1505 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyinin təsdiqlədiyi “Xalq Yaradıcılığı Paytaxtları” proqramı ilə əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.

Bu barədə Axşam.az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu münasibətlə martın 11-də Bakı şəhərindəki Muzey Mərkəzində 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın Təqdimat mərasimi keçiriləcək.

Məsələ ilə əlaqədar Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub. 2010-cu ildən tətbiq edilən bu Proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət almış və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə etmiş, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb. Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.