“Ənənədən gələcəyə” dəfiləsi baş tutub - fotolar

“Ənənədən gələcəyə” dəfiləsi baş tutub -  fotolar
708 dəfə oxunub
  • A-
  • A
  • A+

Muzey Mərkəzində Bakı milli geyim evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirilib.

Axşam.az xəbər verir ki, geyim evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini deyib. Bildirib ki, dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunacaq. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Könül Vəlibəyli onu da diqqətə çatdırıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı milli geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənəcək.

Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş ediblər.

Balacaların milli geyimdə bayram ab-havalı mahnı oxuyaraq rəqs etməyi dəfiləyə xüsusi rəng qatıb.

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür. (AzərTac)