Fərda Xudaverdiyev: "Mənə dahi deyəcəklər"

Fərda Xudaverdiyev: "Mənə dahi deyəcəklər"
3133 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur aktyor Fərda Xudaverdiyev H.Əliyev adına Sarayda “Stand up şou 2 Nostalji” adlı növbəti konsertini  verəcək.

Bu barədə Axşam.az saytına aktyorun özü açıqlama verib:

“Hazırda “Ögey ata” adlı kinokomediyanın son çəkilişləri gedir. Film bitər-bitməz “Stand up şou 2 Nostalji”nin məşqlərinə start verəcəyik. Konsertdə hamının maraq dairəsində olan mövzulara toxunacağıq. Ümumi gedişat  üç saat nəzərdə tutulub. Bu format Azərbaycanda yenidir. Amma mənim üçün bu, artıq sayca ikinci olacaq. Əgər yadınızdadırsa,  2010-cu ildə “Stand up Şou Tək Səbr” adli ilk konserti də mən etmişdim”.

Fərda onu da  qeyd edib ki, konsert üçün sponsor tapa bilməsə, layihəni öz vəsaiti hesabına həyata keçirəcək:

“Dəstək olan olsa, yaxşı olar. Yox əgər bu baş verməyəcəksə, həmişəki kimi bunu öz gücümə  reallaşdıracağam. Konserti may ayının 15-də etmək fikirindəyik. Çox xahiş edirəm ki, insanlar bu konsertə məhz yumor üçün gəlsin”.

Fərda son zamanlar Türkiyənin məşhur yumor ustası Cem Yılmazla müqayisə  edilməsinə də münasibət bildirib:

“Məni Cem Yılmazla müqayisə edən insalara demək istəyirəm ki, o, türk dilini başa düşənlər uçün doğrudan da dahidir. Cemin kollektivində olan 20 -22  nəfər heyəti mən də ətrafıma toplaya bilsəm və onun kimi səhnədə istənilən söyuşü söyə bilsəm, sözsüz ki, o zaman mənə də dahi deyəcəklər. Amma mən söyüşsüz dahi olacağam. Sizə söz verirəm. Cem Yılmazın yaşına çatana qədər mən hələ çox şeyə nail olacağam. Vaxt gələcək mənə Azərbaycanda "stand up"ın dahisi deyəcəklər. Bu formatı Azərbaycana gətirdiyim üçün xoşbəxtəm”.