"Xaricdən qonağım gələndə utanıram" - Bəhram Bağırzadə

"Xaricdən qonağım gələndə utanıram" - Bəhram Bağırzadə
3533 dəfə oxunub
  • A-
  • A
  • A+

İxtisasca teatr rejissoru olan məşhur KVN-çi Bəhram Bağırzadə özünü aktyor, şoumen və naşir kimi də sınayıb. Öhdəsindən gəldiyinə, bacardığına əmin olduğu üçün ən müxtəlif işləri bir arada görür. O, həm də rəsmlər, karikaturalar çəkir. Bir çox sərgilərin iştirakçısıdır. Dəfələrlə fərdi sərgisi də açılıb. “Qalereya” və “Qorod”  jurnallarının naşiri olan Bəhram Bağırzadə kitab nominasiyasında “Humay” milli mükafatına da layiq görülüb.

Bəhram bəyin yaradıcılıq planlarına gəlincə isə deyir ki, bundan da vacib vəzifəsi, işi-gücü var... Hansı? Yaxşısı budur, bunu onun virtualaz.org saytına müsahibəsində öz dilindən eşidək.

- Bəhram Bağırzadə əslində nə olmaq istəyir - peşəkar aktyor, populyar şoumen, naşir, yoxsa teatr rejissoru?

- Əsl ata olmaq istəyir.

- Bunu həmişə deyirsiniz. Siz yaxşı ata deyilsiniz ki?

- Bundan da yaxşı olmaq istəyirəm.

- Yaxşı ata nə deməkdir sizin anlamınızda?

- Övladını din-imanlı, cəmiyyət üçün yararlı bir şəxs kimi yetişdirib xalqın öhdəsinə buraxmaq. Valideynlərim mənim uğurlarımla necə fəxr edirsə, mən də istəyirəm balalarımın uğurlarına o cür qol-qanad açım.

- Siz bir ata kimi övladlarınızın uğur qazanması üçün nə edirsiniz bəs?

- Ən birincisi üzərlərindən nəzarəti əskik eləmirəm. Onların tərbiyəsi ilə daim maraqlanıram. Baxmayaraq ki, indi yay fəslidir, dərs yoxdur, amma onlar hər gün bir saat bədii kitab oxumalı və ingilis dilində on söz öyrənməlidirlər. Gecə evə yorğun da getsəm, onlardan o sözləri əzbər soruşuram. Uşaqlar yalnız bundan sonra yatmağa gedir. Onları dərnəklərə, idman məşğələlərinə aparıram. Oğlumun 9 yaşı var, amma onu özümlə hətta dükan-bazara da aparıram. Bazarda da ona davranışdan tutmuş evə gəlib çatana qədər baş verən bütün hadisələrin məğzini, səbəbini başa salıram. Məqsədim odur ki, qiymətləri bilsin, insanlarla söhbətin mahiyyətini başa düşsün, ağır zənbilləri gətirməyi öyrənsin. Bir sözlə, mənim bu həyatda var olub-olmamağımdan asılı olmayaraq oğlumun gələcəkdə özünü cəmiyyətdə düzgün apara bilməsi, özünü itirməməsi, hər şeyə hazır olması, bərkdən-boşdan çıxması üçün ona indidən kömək edirəm, yol göstərirəm. Amma istirahət zamanı da tam istirahət edirlər. Mən Avropa düşüncəli bir insanam. Hər şeyi həddində bəyənirəm. Çünki hər şey həddində gözəldir.

- İstərdinizmi övladlarınız da yolunuzu davam elətdirsin?

- Əsla istəmirəm. İstəmirəm ki, onlar da bu çətinlikləri yaşasınlar. İstəyirəm özləri seçim eləsinlər ki, sonra da öz sahələrində peşəkar olsunlar. Mənə bu da bəsdir. Oğlum da, qızım da artıq seçim ediblər. Oğlum restoran biznesi ilə məşğul olmaq istəyir, qızım isə memar. Əziz günlərdə uşaqlarıma hədiyyə alanda da onların arzuları ilə üst-üstə düşən əşyalar alıram. Bu, onların öz seçimlərinə bağlılığını, həvəsini daha da artırır. Vacib deyil ki, onlar gedib deputat olsun, siyasətçi və yaxud nazir olsun. Əsas odur ki, öz istədikləri sahədə peşəkar olsunlar. Bu, mənə bəsdir. Oğlum Cavid Bağırzadənin niyə gözəl restoranları olmasın? Qızım Tahirə Bağırzadə niyə məşhur memar olmasın?

- Gələk yaradıcılıq işlərinə. Yeni mövsüm üçün nə planlarınız var?

- Yay olsa da dayanmadan və yorulmadan yeni işlərim üzərində çalışıram. Sentyabr ayında bu işlər gözünüzün qarşısında hazır vəziyyətdə olacaq. Sizinlə müsahibəyə kinostudiyadan gəlirəm. Böyük bir filmin müqaviləsinə imza atıb sizinlə görüşə gəldim. “Polkovnikin xəzinəsi” adlı filmdə qocalar evinin baş həkimi roluna çəkiləcəm. Bu, birinci işimdir. Sonra isə bu yaxınlarda iki filmin də premyerası olmalıdır. “Bakı, mən səni sevirəm” filmi Heydər Əliyev Fondunun sifarişi ilə çəkilib. Mən baş rolda çəkilmişəm bu filmdə. Avqustun 2-si kino günü idi. Vaqif Mustafayevlə bayramlaşırdıq. O, mənə dedi ki, yeni film çəkəcək, məni də dəvət edəcək. O ki qaldı naşirlik işlərimə, bu yaxınlarda bir kitabım çıxacaq. Adını sirr saxlayıram. Amma yaxşı bir kitabdır. Oxucuların ürəyincə olacağını düşünürəm. “Gəncliyimin şəhəri”, “Qadınlar nələr düşünürlər” adlı kitablarım da çıxıb. 7-11 yaşındakı uşaqlara test hazırlamışam. Karikaturalar çəkirəm. Ola bilsin ki, Ermənistanla bağlı karikaturalarımı çoxaldıb sərgi formasında təqdim etdim. Bu vaxta kimi beş sərgim olub. Onlardan sonuncusu olan “Dünən və bu gün” “Humay” mükafatına layiq görülüb.

- Siz bir müddət KVN-dən uzaqlaşdınız. Bunun yaşınızla bağlı olduğunu dediniz. Amma yenidən qayıtdınız. Niyə?

- Yox, bu, sadəcə ailə qurmağımla bağlı idi. O vaxtlar KVN-də pul yox idi. Biz heç vaxt qonorar almırdıq. Maşallah, indi vəziyyət başqadır. Ailəni saxlamaq lazım olduğu üçün, belə deyək də, maddiyyat üçün yeni işlə məşğul oldum. KVN-dən getməyimə səbəb yalnız bu idi. İşlərimi qurdum, sonra yenidən KVN-ə qayıtdım.

- Məşhurları çox parodiya edirsiniz. Özünüzün istədiyiniz elə bir insan varmı ki, hələ onu parodiya etməmisiniz?

- Parodiya etdiyim insanların təqlidinin uğurlu və ya uğursuz alınacağını qabaqcadan bilmək olmur. Məşqlərdə belə bilmək olmur. Bunu yalnız səhnə, işıqlar, insan izdihamı və alqışlar təyin edir. Elə olur ki, bir həftə konsert verirsən, beşinçi gün gəlir qismətinə ağır zal düşür. Beş gün eyni uğurla və templə oynadığın rolu bu dəfə elə oynaya bilmirsən. Reaksiya olmur, əl çalınmır. Ən yaxşı zal biletlərin insanlar tərəfindən pul verilib alındığı zaldır.

- Olub ki, siz də biletlərinizi hədiyyə vermisiniz ki, yer dolsun?

- Yox, bizdə elə şey olmayıb. Həmişə deyirəm ki, mənə fəxri ad verilməsə də mən xalqın sevgisini qazanmışam. Gedin Heydər Əliyev Sarayının kassasından soruşun, görün bizim biletlər neçəyədir və neçə günə satılıb qurtarır.

- Bəhram Bağırzadə üçün uğur artıq qazanılıb, yoxsa zirvə hələ qabaqdadır?

- Öz işlərimdə yetərincə qazanmışam. İnşallah, bu uğurlarımı artırmağa davam da edəcəyəm. Amma ən böyük uğurlarım balalarımdır. Mən elədiyimi elədim. Amma ola bilsin bundan sonra Kann, Oskar mükafatlarını alım. Onları alsam da olar, almasam da. Əsas məqsədim balalarımı uğurlu yolda görməkdir. Mən körpəlikdən ailəni sevirəm və ailəcanlı olmağı da atamdan öyrənmişəm.

- Bir naşir kimi bu gün kitaba tələbatın az olması halları ilə qarşılaşırsınızmı?

- Belə halların 50-nin 50-yə olduğunu desək, daha doğru olar. Amma bir şeyi də deyim. Mənim sonuncu kitabım “Ali və Nino” kitab evində ən çox satılan 10 kitab arasında 3-cü oldu. Mən özümü yazıçı hesab etmirəm, etməyəcəm də. Amma bu hal məni sevindirir. Gənclərin oxuyanı oxuyur, oxumayanı da oxumayıb, heç vaxt da oxumayacaq. Bu gənclərin oxumamağının əsas kökü məktəbdən gəlir. Ən böyük problem orta təhslimizin aşağı olmasıdır. Guya mənim uşaqlarım istəmir ki, velosiped sürüb uşaq işləri ilə məşğul olsunlar? Əlbəttə ki, onlar da istəyirlər. Amma mən qoymuram bu tələbdən kənara çıxmağa.

 - Uşaqlarınıza qarşı bu qədər tələbkar olmağınız sizi onlardan uzaqlaşdırmaz ki?

- Yox, mən hər məsələdə öncə onları başa salıram, sonra qadağamı qoyuram. Mən övladlarımla hər şeydən öncə dostam. İstirahətləri də digərlərindən elə fərqlənmir deyə qadağalar qoya bilirəm.

- Dənizçi, xokkeyçi, biznesmen, diş həkimi, memar... Sizə tanışdır bu sahələr?

- Bəli, bunlar mənim arzularım olub. Həyatda bu sənət sahiblərinin heç biri ola bilmədim. Amma səhnədə hər birini oynamışam.

- Mənəm-mənəm deyən adam olmaqdan qorxmursunuz?

- Yox, əgər bir şeyi edirəmsə, “bunu mən elədim” deyirəm. Ümumiyyətlə isə istəyirəm mənəm-mənəm deyən oğullarımız çoxalsın. Hamımızın “mən”i yığılıb biz olsa, dövlətimizdə, məmləkətimizdə heç bir əyri-əskik olmaz. Amma bu gün “mənlik deyil” sözünü çox eşidirk. Niyə e, niyə sənlik olmasın axı? Ölkəmizdə hər cür şərait yaradılıbsa, niyə sənlik olmasın? Bakılılar demişkən, nöş sənlik deyil?! İngilis dilini öyrənməkdə sənə kim mane olur? Öyrən də. Niyə tənbəllik edirsən? Hamısı tənbəllikdəndir.

- Bu gün sizi ən çox hansı ictimai problem narahat edir?

- Urbanizasiya. İnanın ki, xaricdən qonağım gələndə onu şəhərdə gəzdirməyə utanıram. Tumu yeyirlər, qabığını yerə atırlar. Şirəni içirlər, qutusunu yerə atırlar. Küçədə qışqıra-qışqıra danışırlar. Şəhərliləşmə prosesi çox gec gedir. Bu da bir şəhərli kimi məni narahat edir. Xarici qonaqlarım baxır, deyir bunlar zibili balkondan niyə atırlar. Mən bayaq bura gələndə bir nəfər tumu yeyib qabığını yerə atırdı. Çəkinmədim, dedim niyə zibil qabına tökmürsən. Mənə cavabına baxın: “Sənə nə? Sən təmizləyəcəksən?” Nə deyim buna?!

- Yalan danışırsınız heç?

- Həccə gedib-gələndən sonra çalışıram nəinki yalan danışım, hətta müəyyən qadağalara da riayət edim. Onlardan ən başlıçası yalandır. 15 ildir hər cür pis işlərdən uzağam. Allah qismət eləsə, niyyətimdir ki, oğlum orta məktəbi bitirsin, birlikdə həcc ziyarətinə gedək. Mən iki il bütün qadağaları özümə tətbiq etdim, sonra ziyarətə getdim.

- KVN-ə mərhum dostunuz Anar Məmmədxanovun təkidi ilə gəldiniz. İndi o yoxdur. Bəs siz onun yoxluğunda “sağ ol”u necə bildirirsiniz?

- Ailəsinin yanında olmaqla. Əlimizdən gələn köməyi əsirgəməməklə...