Budapeştin Kamera Orkestri “Arazbarı” səsləndirəcək

Budapeştin Kamera Orkestri  “Arazbarı” səsləndirəcək
313 dəfə oxunub
  • A-
  • A
  • A+

Budapeştin Ferens List Kamera Orkestrinin mayın 3-də Bakıda, Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin proqramına dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı da daxil olunub.

Heydər Əliyev Mərkəzindən Axşam.az-a bildiriblər ki, məşhur Ferens List Kamera Orkestri Bakıda 2011-ci ildə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Məhz həmin səfər zamanı kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından tanış olub.

“Biz bakılılar üçün sürpriz hazırlayırıq. Onlar bizim ifamızda Azərbaycan klassikinin məşhur əsərini – “Arazbarı”nı eşidəcəklər. Həmin əsəri Bakıda məmnuniyyətlə ifa edəcəyik. Əlbəttə ki, konsertdə macar bəstəkarları List və Bramsın əsərlərini də təqdim edəcəyik. Onlar bizim vizit kartımızdır”, - deyə orkestrin bədii rəhbəri Peter Tfirst bildirib.

Konsertin daha bir sürprizi virtuoz-skripkaçı Yozef Lendvayın solist kimi çıxışı olacaq. Onun yaradıcılığı özündə qaraçı folkloru və virtuoz klassik ifaçılığını birləşdirir. Macar “Çardaş”ı və Baxın “Çakona”sı onun individuallığının iki təzadlı yönünü təşkil edir.

Yozef Lendvay 1974-cü ildə musiqiçi ailəsində anadan olub. Onun atası Macarıstanda və beynəlxalq arenada qaraçı folklorunun ən məşhur ifaçılarından biri olub. Yozef kiçik yaşlarından klassik musiqi təhsili almağa başlayıb, artıq yeddi yaşında o, ilk dəfə skripkaçılar müsabiqəsində iştirak edib.

Y.Lendvay artıq tanınmış musiqiçidir və geniş qastrol qrafiki var. O, mütəmadi olaraq Haaqa, Berlin, Sent–Etyen, Bern, Los-Anceles, Şanxay şəhərlərində milli simfonik, Rotterdam və Los-Anceles filarmoniya, Niderland radio orkestləri ilə çıxışlar edir. Onu İvan Fişer və Saymon Rettl kimi məşhur dirijorlar öz konsertlərinə dəvət edirlər. Lendvay görkəmli italyan skripka ustası Antonio Stradivarinin skripkasında ifa edir.

Budapeşt Kamera Orkestri artıq 53 ildir fəaliyyət göstərir. Demək olar ki, dünyanın bütün ölkələrində konsertlər verib, 200-dən artıq disk yazdırıb. Müxtəlif mükafat və fərqlənmə nişanları ilə təltif olunan orkestri Bartok Fondu “Bartok irisinin layiqli daşıyıcısı” adlandırıb. Yarım əsrlik fəaliyyəti dövründə orkestrin musiqiçi heyəti, bədii rəhbərləri dəyişib. Lakin üslub və yüksək ifa peşəkarlığı dəyişməz qalıb.

Orkestr Bakıya özünün “şah” proqramını – Qərb klassikləri və macar musiqisinin korifeyləri List və Bramsın əsərlərini də gətirir. Orkestrin bədii rəhbəri Peter Tfirstdən tez-tez soruşurlar ki, o, musiqiçilərdə peşəkarlıqla yanaşı, daha hansı xüsusiyyətləri axtarır. Onun fikrincə, kollektivçilik hissi, ünsiyyət bacarığı, tolerantlıq, münaqişədən uzaq durma orkestrant üçün vacib keyfiyyətlərdir.