Tanınmış bəstəkarın 100 illik yubileyi keçiriləcək

Tanınmış bəstəkarın 100 illik yubileyi keçiriləcək
1038 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, yubiley tədbiri aprelin 19-da təşkil ediləcək. Tədbirdə mərhum bəstəkarın mahnıları tanınmış müğınnilərin ifasında səsləndiriləcək. Konsertdə həmçinin xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə Gəncənin "Göy-göy" Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

Qeyd edək ki, Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “Rast”ı, “Şur”u, “Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.

1951-ci ildə Qəmbər Hüseynli A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi “Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil. Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan"Cücələrim" mahnısınınmüəllifidir. “Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur.